8 Noyabr Zəfər Günü təkcə keçmiş qələbəmizi deyil, həm də gələcək nəsillər üçün açılan yeni üfüqləri ifadə edir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda dirçəliş dövrü yaşanır. Bir vaxtlar dağıdılmış şəhərlər, kəndlər, məscidlər, qəbiristanlıqlar, tarixi abidələr indi yenidən canlanır. Azad torpaqlarımızda “Böyük Qayıdış” proqramı həyata keçirilir, yollar çəkilir, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları inşa olunur. Bu, yalnız bərpa deyil, həm də milli qürurun, dövlət gücünün real təzahürüdür.
Zəfər nəsli – müstəqil Azərbaycanın qələbə sevən, güclü, mübariz gəncliyidir. Onlar artıq tarixi ədalətin bərpa olunduğu dövrün nümayəndələridirlər və öz doğma torpaqlarında gələcəyi qururlar. Məktəblərdə, universitetlərdə, hərbi hissələrdə yetişən yeni gənc nəslin qarşısında parlaq bir perspektiv var: azad, qüdrətli və inkişaf edən Azərbaycana xidmət etmək.
Bu böyük qələbəni bizə bəxş edən şəhidlərimizin müqəddəs xatirəsi isə hər zaman uca tutulacaq. Onlar Vətən torpağını azad görmək arzusu ilə canlarını fəda etdilər, qəhrəmanlıq dastanı yazdılar. Bu gün hər bir azərbaycanlı onların ruhu qarşısında baş əyir, qazilərimizə sonsuz minnətdarlıq duyur. Onların şücaəti milli yaddaşımızda əbədi yaşayacaq və gələcək nəsillərə örnək olacaq.
Zəfər Günü – azadlıq, suverenlik, milli qürur və tarixi ədalət bayramıdır. Bu gün Azərbaycan güclü, qalib, söz sahibi və nüfuzlu bir dövlətdir. Qarabağın dirçəlişi isə bu qələbənin ən parlaq təzahürüdür. Biz indi yalnız keçmişin yaralarını sağaltmırıq – biz gələcəyimizi qururuq, tarix yazırıq.
Rövşən Qasımov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi