3 noyabr 2025-ci il tarixdə YAP Şəmkir rayon təşkilatının və Qazax-Tovuz Regional Təhsil İdarəsi Şəmkir rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Şəmkir rayonu Məhəmməd Fizuli adına məktəb-liseydə 8 Noyabr – Zəfər Gününə həsr olunan"Şanlı Zəfər Tariximiz"adlı tədbir keçirilib.
Keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev,Qazax-Tovuz Regional Təhsil İdarəsi Şəmkir rayonu üzrə Təhsil sektorunun müdiri Elşən Ələsgərov, Şəmkir rayonu Məhəmməd Fizuli adına məktəb-liseyin direktoru Bayram Əmiraslanov, şəhid ailələri və Məhəmməd Fizuli adına məktəb-liseyin şagirdləri iştirak ediblər.
Tədbiri YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev açaraq bildirib ki, bu günlərdə ölkəmizdə tarixi Zəfərimizin ildönümü ərəfəsində çoxsayılı tədbirlər keçirilir. 8 Noyabr tarixi Azərbaycan üçün çox əhəmiyyətli bir gün – Zəfər Günüdür. Qarabağa qovuşduğumuz tarixi gün – Böyük Qələbə Günüdür! F.Vəliyev qeyd edib ki, Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi. Bu Qələbə ilə Azərbaycan öz adını nəinki ölkə hərb tarixinə, eləcə də dünya hərb tarixinə qızıl hərflərlə yazdı. Heç bir zəfər, azadlıq qansız başa gəlmir. Çox təəssüflər olsun ki, bizim də Zəfər müharibəmizdə çoxsaylı cəsur övladlarımız şəhid oldu. Onların əziz xatirəsini biz heç vaxt unutmayacağıq. Rayon təşkilatının sədri bildirib ki, biz Böyük Qələbəni Prezident İlham Əliyevin prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etməsi, məqsədyönlü, ardıcıl siyasət aparması nəticəsində əldə etdik.
Sonra çıxış edən 44 günlük Vətən müharibəsi şəhidi Ruslan Qəhrəmanovun atası Mehman Qəhrəmanov qeyd edib ki, cənab Prezident İlham Əliyevin də bildirdiyi kimi: “bu gün Azərbaycan xalqı müzəffər xalq, Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra da qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir”.
Sonda birinci Qarabağ müharibəsi Veteranı Fuad Bədəlov, Şəmkir rayonu Məhəmməd Fizuli adına məktəb-liseyin direktoru Bayram Əmiraslanov və digər partiya fəalları çıxış edərək bildirib ki, 8 Noyabr tarixi Azərbaycan xalqı üçün əlamətdar bir hadisədir. Biz həmin tarixdə uzun illərdən bəri gözlədiyimiz tarixi Qələbəni qazanmışıq. Vətən müharibəsində qazanılan şanlı Qələbə zəngin tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi və iftixar duyacağı qəhrəmanlıq salnaməmizdir.
Tədbirin sonunda Məhəmməd Fizuli adına məktəb-liseyin şagirdləri ədəbi- bədii kompozisiyalar nümayiş etdirdilər,şeirlər söylədilər, mahnılar, rəqslər ifa etdilər.