PDF Oxu

Siyasət

  • 1 186

Nəsimidə 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib

image

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı və “Caspel” MMC-nin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilmişdir.

Tədbir Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələrinin qoyulması ilə başlamış, Ulu Öndərin və Vətənimizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir. Sonra 8 Noyabr – Zəfər Gününə həsr olunmuş video-çarx nümayiş olunmuşdur.

Tədbirdə giriş nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirmişdir ki, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə xalqımızın milli iradəsinin, Azərbaycan dövlətinin qüdrətinin və Ali Baş Komandan İlham Əliyevin dəmir məntiqinin təntənəsidir. O, şəhidlərin ruhu qarşısında ehtiramını ifadə edərək, Zəfər Gününün hər il böyük qürur və dövlətçilik əzmi ilə qeyd edilməsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını vurğulamışdır.

Daha sonra çıxış edən YAP İdarə Heyətinin üzvü, millət vəkili Hikmət Babaoğlu qeyd etmişdir: “8 noyabr - Zəfər Günü Azərbaycan xalqının ümummilli sevincinin təntənəsidir. Mühüm bir mənəviyyat bayramıdır. Bu siyasi, hərbi bayramdır. Yəni Azərbaycanın ümummilli bayramıdır. Ona görə də bu günun qeyd edilməsi böyük şövq və sevinclə həmişə yadda qalacaq.”

YAP Təftiş Komissiyasının üzvü, millət vəkili Məlahət İbrahimqızı öz çıxışında bildirmişdir ki, Azərbaycan qadınları, anaları bu Qələbədə həm səngərdəki, həm də arxa cəbhədəki fədakarlıqları ilə iştirak etmiş, şəhid analarının mənəvi iradəsi bütöv bir cəmiyyəti ruhlandırmışdır. O, Azərbaycan qadınının dövlətçilik prosesindəki rolunun daha da güclənməsi baxımından belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulamışdır.

Nəsimi rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, RİH başçısının müavini Zahid Xəlilov çıxışında qeyd etmişdir ki, Zəfər Günü dövlət və xalq birliyinin ən ali nümunəsidir və bu birlik ölkəmizin strateji inkişaf kursunda davamlılıq yaradır. O, rayon səviyyəsində aparılan tədbirlərin əsas hədəfinin gənclərin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsi olduğunu bildirmişdir.

“Caspel” MMC-nin İdarə Heyətinin sədri, ərazi partiya təşkilatının sədri Ceyhun Quliyev çıxışında şirkət və vətəndaş cəmiyyətinin dövlətçilik prosesindəki sosial məsuliyyət rolunu vurğulamış, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə cəmiyyətin fəal dəstəyinin vacibliyini qeyd etmişdir.

Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev isə şəhid ailələrinin sosial müdafiəsi və cəmiyyət tərəfindən daimi qayğı ilə əhatə olunmasının dövlət siyasətinin prioritet istiqamətlərinden biri olduğunu bildirmiş, şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulamışdır.

Tədbir çərçivəsində 4 oktyabr 2025-ci il tarixində keçirilmiş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılmış, daha sonra Yeni Azərbaycan Partiyasının himni səsləndirilmişdir.

Digər xəbərlər