PDF Oxu

Cəmiyyət

  • 9 346

Qələbə, Vətən adam….

image

Necəsən, gözüm nuru?

İçimdən ötən adam,

Yaraların necədir?

Qələbə, vətən adam….

(Elşad Barat)

Müharibənin ən acı dövrü müharibədən sonra başlayır əslində. İnsanlar yalnız o zaman anlayır fəlakətin böyüklüyünü, şəhid olan oğulların yoxluğunu. Uzun-uzadı eşidilən atışma səsləri, mərmi-güllə vıyıltısı, top gurultusu silahların işıqlandırdığı o qara gecələrdə qalır, amma o silahların aldığı canlar, bitirdiyi həyatlar ömür boyu cəmiyyətin ağrısı-acısı, qanayan yarası olur.

Müharibə dövründə və müharibədən sonra itkin hərbçilərin nəşinin tapıldıqca dəfn edildiyi mərasimlər bizi bizdən aldı, 2 ildir rəngimizi boğan, həyat eşqimizi söndürən pandemiya bəlasının verdiyi mənəvi-psixoloji əziyyət müharibə dəhşətinin yanında heç nə imiş sən demə.

Vətən müharibəsində dayımın sonbeşiyi, 4 oğlundan biri, 7 ildir vətənə xidmət edən MAXE Murad İbrahimov da şəhid oldu. Onun şəhidliyə gedən yolu uzun çəkdi, 4 ay səksəkə içində, iztirabla yaşadıq– şəhidliyi ilə dəfni arasında uzun aylar oldu.

Murad dəli-dolu oğlan idi, tezcanlı, hərəkətli, dinamik idi. Onu bir dəqiqə bir yerdə dayanan görməmişdik. Atəş parçası, alov dilimi idi sanki. Gözümün önündə böyüdü, əsgər oldu, MAXE oldu, ata oldu, şəhid oldu. Bir yazıya sığacaq qədər qısa ömrü, bir yazıya sığmayacaq qədər uzun qəhrəmanlığı oldu…

Muradla sonuncu dəfə 2020-ci ilin sentyabrında danışmışdıq, Vətən Müharibəsindən günlər əvvəl. Onun işi ilə əlaqədar illərdir görüşmürdük, ancaq telefonla danışa bilirdik. Ad günü idi sentyabrın 6-da. Doğrusu unutmuşdum, gec yadıma düşdü, zəng edib təbrik etdim. Sonuncu ad günü olacaqmış, kimin ağlına gələrdi?

Onu tanıyan hamı bilir ki Muradın uşaqlıq arzusu hərbçi olmaq, vətənin keşiyində durmaq, onu qorumaq olub. Bir parça uşaq idi hələ, əlinə taxtalardan düzəltdiyi avtomatı alıb həyətin künc-bucağına girib səngər-döyüş oyunları oynayırdı.

Sözünün əvvəli də, sonu da Vətən idi Muradın. 2-ci Qarabağ Müharibəsi başlandığı ilk günlərdən öz döyüş yoldaşları ilə ön cəbhəyə yollanmışdı. Təcrübəli hərbçi idi, Murovu da tanıyırdı, ora döyüşə getməyin təhlükəli olduğunu da bilirdi. Amma ora getməkdə israr edib, cüssəcə zəif olduğuna görə Murov kimi çətin iqlim şəraiti olan ərazidə döyüşməsini istəməyən, “cəbhəyə təminat işlərinə dəstək ver” deyən komandirlərinə “məni də göndərin, göndərməsəniz gizlincə qaçıb gedəcəm”, - deyə təkid edib.

Murad sonuncu dəfə 2020-ci ilin oktyabr ayının 2-də, Vətən Müharibəsinin 5-ci günündə evə zəng edərək 1 yaşlı oğlunu soruşub, “Mən Murova gedirəm, bəlkə qayıtmadım”, - demişdi. Bütün döyüş yoldaşları kimi o da bilirdi ki, Murov dağları gedər-gəlməz ola bilər, o dağlardan geri qayıtmaya bilər, amma bu, onu qorxutmamışdı, Vətən üçün ən çətin imtahanına getməyi könüllü istəmişdi yüzlərlə hərbçi yoldaşı kimi. Ailəsi elə ən son səsini o gün eşitmişdi Muradın.

Murad Kəlbəcər rayonu və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 3 oktyabr 2020-ci il tarixində Kəlbəcər rayonu istiqamətində bir bölük döyüşçü ilə Murova yollanıblar. O döyüşçülərin böyük əksəriyyəti sonralar Azərbaycan tarixinə “Vətən Müharibəsinin İlk şəhidləri” kimi düşəcəkdilər. Murad da onlardan biri olacaqdı.

Batalyon 3 istiqamətdə hərəkət etməli idi. Muradın da daxil olduğu 24 nəfərlik taqım Ağdərə istiqamətində irəliləyərək döyüşüb. Murad Qaragöl istiqamətində (Çınqıllıq adlanan ərazi) gedən qızğın döyüşlərdə iştirak edib, qəhrəmanlıq göstərib. Son döyüşdə ayağından yaralanıb, lakin döyüşü dayandırmayıb, yaralı halda atışmağa davam edib.

Yaxınlığa düşən top mərmisi daha ağır yaralanmağına səbəb olub, sol qolu çiyninədək yanıb. Amma ağır yarası, axan qanı onu sarsıtmayıb, döyüş yoldaşları ilə birlikdə güllə yağışı altında Vətənə olan son xidmətlərini gerçəkləşdiriblər və qəhrəmanlıqla şəhid olublar. Murov dağı o gecə 3 ayrı istiqamətdə döyüşən 60-dan çox igidi udub. Murad İbrahimov da o gənclərdən biri oldu.

Muradı və şəhid olan digər döyüşçü yoldaşlarını tapmaq asan olmadı. Müharibə bitdi, Zəfər Günü insanlar küçələrə axışdı, ölkənin hər yerində şəhid ağıları ilə zəfər hayqırışları bir-birinə qarışdı. Şəhidlər dəfn edildi, anaları o məzarların başında tapdı təsəllini, amma Muradla bərabər həlak olan 60-dək döyüşçüdən hələ də xəbər yox idi.

Murovun öz qoynuna dəfn etdiyi o igidlər 4 ayadək axtarıldılar, ərazini örtən qalın qar axtarışlara mane olurdu. Murov dağı, həndəvəri, Çınqıllıq addım-addım qazıldı, qarın altına qarış-qarış baxıldı. Xilasetmə qrupları çətin şəraitdə, qurşağadək qarın içində işləyirdilər. Şəhidləri tapmaq onların 100 gündən çox axtarışından sonra mümkün oldu. Murad şəhid olduğu gündən 111 gün sonra qalın qar təbəqəsinin altından silahına iki əlli sarıldığı vəziyyətdə tapıldı.

Muradlar olmadan Zəfər Günü qeyd etdik. Zəfər Günü zəfər mahnıları şəhid ağıları ilə eyni küçədə səslənirdi. Muradların qanı ilə yazılan zəfər tarixini əks etdirən yazılar yazdıq, şeirlər, nəğmələr qoşduq. Ürəyinə dağ çəkilən atalar, anaların gözünə baxa bilmədik ondan sönra. Etiraf edirəm, mən ürəkdolusu sevinə bilmədim qələbəyə, zəfərə. Çünki Zəfər günü Murad hələ qar altında idi, ailəsinin gözü yolda, qulağı səsdə idi.

Bilirəm, bu hissi hamımız yaşadıq. Utandıq, qələbəni içimizdə boğularaq yaşadıq. Şəhidlərin ailələrindən-boynu bükülən atalarından, bir gecədə saçı ağaran analarından, beşikdəki balalarından, əli xınada, toy şirnisi xonçada qalan sevdiyindən utandıq.

Murad şəhidliyə ucaldığı gündən 113 gün sonra, 23 yanvar 2021-ci il tarixində Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn edildi. 27 yaşlı şəhid ölümündən sonra “Vətən Uğrunda”, “Cəsur Döyüşçü”, “Kəlbəcərin azad olunması uğrunda” medalları ilə təltif edildi. Bu gün sinəsi üzərində 3 rəngli bayrağı əks etdirən qərənfillərin fonunda sinə daşından qürurla boylanan gənc o məzarda vətəninə, dövlətinə son vəzifəsini şərəflə yerinə yetirərək uyuyur. Minlərlə silahdaşı kimi…

Lalə Mehralı

Digər xəbərlər