Bu başlıq altında Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “28 May -Müstəqillik Günü” münasibətilə keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər .
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardından Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Birinci icra başçısı Araz Əhmədovun tədbirdə geniş məruzəsi dinlənilib. O, deyib:- 1918-ci ilin 28 mayında Şərqdə ilk dəfə demokratik, hüquqi və dünyəvi respublika quran Azərbaycan xalqı, öz müstəqillik eşqini bütün dünyaya göstərib. Bu müqəddəs müstəqillik ideyası Ulu Öndər Heydər Əliyevin dühası ilə möhkəmlənmiş, hazırda isə Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında özünün ən uca, ən qüdrətli zirvəsinə — “Zəfər” zirvəsinə ucalmışdır.
Rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığından danışan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, 30 illik yurd həsrətinə son qoyan, bizə "Müstəqillikdən Zəfərə" uzanan o şanlı yolu yaşadan rəşadətli Azərbaycan Ordusuna və onun Müzəffər Ali Baş Komandanına eşq olsun! Bəli, bu gün Masallı zalından ucalan bu əzəmət müstəqilliyimizin əbədiliyinə, dövlətimizin sarsılmazlığına olan inamın səsidir.
Öz çıxışında müstəqilliyimizin tarixi əhəmiyyətini önə çəkən Masallı Dövlət Regional Kollecinin tarix müəllimi Nazim Əliyev xüsusi olaraq vurğulayıb ki, indi bizim müstəqilliyimiz daha tam, daha bütöv, daha qürurludur. Çünki bu müstəqilliyin tacı — Qarabağdır, Şuşadır, Xankəndidir!
Z. Nəcəfov adına Ərkivan qəsəbə 2 saylı tam orta ümumtəhsil məktəbinin direktoru Aytən Əliyeva müstəqilliyin qadınlara verdiyi hüquqlardan söhbət açıb. Bildirib ki, Şərqdə ilk respublika quran Azərbaycanın qadınlara seçmək və seçilmək hüququ verməklə dünyada birinci olub. İndiki dövrün özündə də müstəqil dövlətimizdə qadınlar cəmiyyətin bir çox sahəsində aparıcı qüvvə kimi özlərini göstərə bilirlər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü