Cəmiyyət

  • 2 020

DİM-in tarixində ilk dəfə: 53 maksimal nəticə

image

Ramin Nurəliyev: “280, 290 bal toplayan şagird 300 bal toplayan şagird qədər savadlıdır”

2023-2024-cü qəbul ilində abituriyentlər buraxılış imtahanlarını mart ayında (3 mart və 10 mart) iki ayrı tarixlərdə verdilər. Bununla yanaşı 14 aprel tarixində əvvəlki ilin məzunları olan abituriyentlər də buraxılış imtahanında iştrak etdilər. Ümumilikdə buraxılış imtahanlarında iştrak edən cari ilin məzunlarının sayı 104416 nəfər olub ki, bunlardan da 27 abituriyentin nəticəsi imtahan qaydalarını pozduğu üçün ləğv olunaraq etibarsız hesab edilib. O cümlədən 14 apreldə qeydiyyatdan keçən əvvəlki ilin məzunlarının da sayı 34445 nəfər olub. Ümumilikdə 138800 ətrafında abituriyent buraxılış imtahanlarında iştirak edərək imtahanın ikinci mərhələsinin nəticəsinə görə müsabiqədə mübarizə aparacaq. Buraxılış imtahanlarında yüksək nəticə göstərən şagirdlər də kifayət qədər çox oldu. Bu mövzu ətrafında tanınmış təhsil eksperti Ramin Nurəliyevlə söhbətləşdik.

-Keçən illə müqayisədə bu il maksimal bal toplayan abuturiyentlər çoxdur. Səhv etmirəmsə keçən il olmamışdı belə göstərici.

- Ümumiyyətlə, Dövlət İmtahan Mərkəzinin tarixindən indiyə qədər olan ən yüksək nəticə 53 abituriyentin maksimal 300 bal toplamasını müşahidə etdik. Yəni bu zamana qədər belə bir nəticə Dövlət İmtahan Mərkəzinin tarixində görünməmişdi. 53 abituriyent maksimal nəticə göstərməsi, 200-dən yuxarı bal toplayan abituriyentlərinin sayının çoxluğu əlbəttə ki, sualların əvvəlki illərə nisbətən sadələşdirilməsindən xəbər verir. 14 apreldə əvvəlki ilin məzunlarının buraxılış imtahanı nəticələri hələ açıqlanmayıb. Ehtimal olunur ki, orda da yüksək bal toplayan abituriyentlərin sayı kifayət qədər olacaq.

Dövlət İmtahan Mərkəzi hər zaman, yəni əvvəlki illərdə də olduğu kimi suallara əsasən sadə, orta və çətin səviyyədə salır. Lakin builki buraxılış imtahanlarında abituriyentlərin imtahandan çıxdıqdan sonra sualların asan olduğunu ifadə etməsi, yaxşı yazdıqlarını bildirməsi və həmçinin də fənn müəllimlərinin sualları yoxlayarkən əvvəlki illərə nisbətən asan olduğunu ifadə etməsi, təbii ki, nəticələr açıqlanandan sonra da özünü əks etdirdi. Sualların səviyyəsi nə qədər asan olarsa, abituriyentlərin əksəriyyəti yüksək bal toplayacaq. Suallar nə qədər çətin olarsa, abituriyentlər, təbii ki, bu sualları yazmaqda çətinlik çəkəcək və ballarda aşağı düşməsinə səbəb olacaq.

Ən böyük səbəb təbii ki, DİM-in suallarının tərtibatı ilə bağlıdır. Əvvəlki ilin buraxılış imtahanı suallarında müəyyən problemlər də öz əksini tapmışdı. Çətin və qəliz suallar, xüsusilə də Türkiyənin və ya xarici ədəbiyyatdan istifadə olunan suallar da var idi ki, bu da bizim, əlbəttə, abituriyentlərə ciddi təsir göstərmişdi və nəticənin də aşağı düşməsinə səbəb olmuşdu. Amma bu iki sualların əksəriyyəti orta ümumtəhsil məktəblərinin dərslikləri əsasında salındığı üçün və suallar da o qədər qəliz olmadığı üçün, bu da abituriyentlərin suallara olan münasibətində çox rahatlıq təşkil etmiş və abituriyentlər də yüksək nəticə göstərmişdi.

-Rekord sayda maksimum bal yığan şagirdlər var, bu nəyi ifadə edir – imtahanın asanlığını ya təhsilin keyfiyyətinin yüksəldiyiniz?

Mən bunu imtahanın asanlığı ilə müqayisə edərəm. Çünki imtahanın asan olduğu təqdirdə təbii ki, nəticələrin yüksək olması qaçılmazdır. Təhsilin keyfiyyəti və illərə görə abituriyentlərin savad səviyyəsinin yüksək və aşağı olması da özünü göstərə bilər. Misal üçün, əvvəlki ilin abituriyentlərinə nisbətdə builki ilin abituriyentlərin daha çox dərs çalışması və yaxud da daha çox universitetə hazırlıq istiqamətində özünün təkmilləşdirilməsi də göstərə bilər. Amma mən bunu daha çox sualların asanlaşdırılması ilə əlaqələndirərəm.

-Bu nəticə kimin uğurudur – məktəbin ya repetitorların?

-Bu əsasən təbii ki, abituriyentlərin uğurudur. Amma bu uğurda məktəbin də, repetorların da xüsusi rolu var. Misal üçün, biz əgər diqqət yetirərsə, maksimal 300 bal toplayan abituriyentlər içərisində rayon məktəblərinin və bəzi kənd məktəblərinin də adları qeyd olunmuşdu. Demək ki, həqiqətən də bu imtahana rayonlarda, kəndlərdə olan məktəblərin şagirdlərinin də ciddi hazırlaşdığı bəllidir. O cümlədən təbii ki, repitetorların da fəaliyyətini danmaq olmaz. Çünki Azərbaycan təhsilində, xüsusilə də universitetə hazırlıq təhsilində repititorların həqiqətən də çox böyük rolu var. Repetitor istər şəhər məktəblərində olsun, istər rayon məktəblərində olsun, abituriyentlərin demək olar ki, 80-85 faizi repetitorların yanında və hazırlıq kurslarında hazırlıq mərhələsi keçirlər. Buna görə də təbii ki, repetitorların fəaliyyətini danmaq mümkün deyil. Onların da təhsilin inkişafı istiqamətində xüsusi xidmətlərini qeyd etmək lazımdır. Mən düşünürəm ki, burada həm abituriyentlərin, həm də məktəb və repetitorların uğuru yüksəkdir.

-300 bal yığmaq savadlılıq göstəricisidir? Maksmal bal toplamaq əzbərçilikdir deyənlər çoxdur.

-Maksimal bal toplamaq əlbəttə ki, bir abituriyentin savadının göstəricisidir, bunu danmaq olmaz. Amma bununla yanaşı 290, 295 bal, 285, 280 bal və yuxarı toplayan abituriyentlər də yüksək savada malik abituriyentlərdir deyə düşünürəm. Yəni onların 300 bal toplayan abituriyentlərdən ciddi bir fərqinin olmadığını düşünürəm. Niyə? Çünki bir abituriyent əgər 280-290 bal toplayırsa, 1-2 sualla imtahanın maksimal nəticəsini əldə edə bilmirsə, o abituriyentə 300 bal toplayandan savadsızdır demək mümkün deyil. Çünki 300 bal toplamağın özü də şans məsələsidir.

Misal üçün, abituriyent imtahana girdiyi zaman müəyyən stress yaşayıb, bir-iki sualı nəzərdən qaçıra bilər, diqqətsizlikdən bir iki sualı yazmayıb, maksimal nəticəni əldə etməyə bilər. Bu o demək deyil ki həmin abituriyent savadsızdır. Gəlin belə bir müqayisə edək. 53 abituriyent buraxılış imtahanında 300 maksimal bal topladı. İndi görək blok imtahanında 53 abituriyentin hamısı 400 maksimal bal toplaya biləcəkmi? Mən elə düşünürəm ki, toplaya bilməyəcək. Həmin blok imtahanında bəlkə də 350-360-370 bal toplayanlar olacaq. Onların imtahana hazırlıq və yaxud da imtahana gəldiyi, imtahanda iştirakı, imtahan stressi, əhval ruhiyyəsi əlbəttə nəticəsinə də təsir edir. Biz 280-290 bal toplayan abituriyentlərin 300 bal toplayan abituriyentlərdən savadca zəif olduğunu qətiyyən və qətiyyən deyə bilmərik.

Maksimal bal toplamaq əzbərçilikdirmi deyənlər çoxdur. Mən buna tamamilə qarşıyam. Yəni burada əzbərçiliklə gedib 300 bal maksimum bal toplamaq mümkün deyil. Niyə? Çünki DİM hal-hazırda qəbul imtahanlarında sualları həqiqətən də əzbərçilikdən daha çox məntiqə əsaslanan formada təqdim edir. Yəni sualların 30-40 faizi məntiqə əsaslanan suallardır, riyaziyyat sualları da həmçinin. Azərbaycan dili sualları da eyni şəkildədir. Sualların bir qismi, xüsusilə də məntiqə əsaslanan, təfəkkürün məhsulunu ortaya qoyan sual tiplərinə aid olduğu üçün burada əzbərçilik çox da böyük rol oynamır.

Yəni şagird mümkün qədər təqdim olunan sualların analiz edib cavabını tapmaq məcburiyyətindədir. Çünki elə suallar var ki, o sualda 3 məntiq soruşulur, şagird burada üç məntiqin izahını bilməlidir ki, o sualı düzgün cavablandırsın. Ona görə də mən bunu əzbərçilikdən daha çox savadla əlaqələndirirəm. Çoxlu test işləmək, universitetə hazırlıq istiqamətində kifayət qədər mövzulararası əlaqələri tapmaq, testlərə daha çox diqqət yetirmək, sadəcə Dövlət İmtahan Mərkəzinin test bankı ilə deyil, digər hazırlıq kurslarının test bankından istifadə edərək daha çox özünü yüksək səviyyədə hazırlığa həsr edən abituriyentlərin nailiyyətidir.

-300 bal yığanlar arasında kənd məktəblərində oxuyan uşaqlar üstünlük təşkil edir, bu il lisey və gimnaziyalardan maksimal bal toplayanların sayınmda canlanma hiss olunmadı.

-Mən əsasən regional təhsil idarəsi ilə əlaqələndirirəm. Çünki əvvəllər kənd məktəbləri mərkəzdən uzaq olduğuna görə bir az məsuliyyətsiz yanaşırdılar məsələyə, nəzarət yox idi deyə çox rahatlıq hiss edirdilər məktəb rəhbərləri. Amma indi son 2-3 ildir regional təhsil idarələrinin fəaliyyəti həqiqətən də təqdirəlayiqdir, alqışlanmalıdır. Çünki mütəmadi olaraq öz regionunda olan rayon - kənd məktəblərinə mütəmadi nəzarət həyata keçirirlər, yoxlamalar aparırlar və bu da təbii ki, məktəb rəhbərliyinin məsələyə ciddi yanaşmasını ortaya qoyur. Məktəb rəhbərliyi də Regional Təhsil idarəsinin hər an gəlib məktəbi yoxlayacağını diqqətə alaraq məktəbdə olan təlim-tədris prosesinə xüsusi nəzarət edir. Bu da təbii ki, abituriyentlərə müsbət mənada təsir göstərir.

Lisey və gimnaziyaların maksimal bal toplayanların siyahısında adının az olması və yaxud da canlanmamasını onunla əlaqələndirirəm ki, əgər özəl liseyləri nəzərdə tutulubsa, özəl liseylər xüsusilə xarici universitetlərə hazırlaşdığı üçün, daha doğrusu belə deyək, özəl liseylərə övladını gətirib qoyan və müəyyən məbləğ ödəyən valideynlər daha çox övladının xarici universitetlərdə oxumasını istəyirlər. Özəl liseylərdə də tədrisin ingilis dilində aparılması və xarici universitetlər istiqamətində daha çox hazırlıqların keçirilməsi, dərslərin elə istiqamətləndirilməsi abituriyentlərin Azərbaycan universitetlərə olan marağını bir az aşağı salır. Çünki, özünüz düşünün, özəl liseydə müəyyən məbləğdə pul verən bir abituriyent əgər xarici universiteti düşünürsə, bu abituriyent həm xarici, həm Azərbaycan universitetlərinə maksimal səviyyədə çalışmaq iqtidarında olmayacaq. Çünki-qüvvətini bir istiqamətə yönləndirəcək və marağında xarici universitetlər varsa, əlbəttə ki, daha çox xarici universitetlərə qəbul olma istiqamətində hazırlıq keçmiş olacaq.

Ona görə də Azərbaycan universitetlərinə liseylərdə oxuyanların bəlkə də 15-20 faizi müraciət etdiyi üçün bu da ümumi nəticə əlbəttə ki, təsir göstərir. Amma dövlət gimnaziyalarını nəzərdə tuturuqsa, dövlət gimnaziyalarında mən elə düşünürəm ki, təhsil səviyyəsi aşağı deyil. Sadəcə maksimal nəticə göstərən abituriyentlərin sayında bir az azalma var. Yəni, dediyimiz kimi, burada 250 baldan yuxarı olan şagirdlərin sayı da əsasdır. Çünki ümumi nəticəni 300 balla qiymətləndirmək doğru deyil. Biz 250 baldan yüksək nəticə göstərən şagirdlərin siyahısına baxsaq dövlət gimnaziyaların da yüksək nailiyyət əldə edən məktəblər içərisində olduğunu müşahidə edə bilərik.

-Ayrı vaxtlarda keçirilən buraxılış imtahanlarının biri digərindən asan ola bilərmi? Belə iddialar var.

Buraxılış imtahanları ayrı tarixlərdə keçirilərsə, bu təbii ki, abituriyentlərin də, valideynlərin də müəllimlərin, eləcə də ictimaiyyətin də reaksiyası ilə qarşılaşacaq. Çünki fərqli tarixlərdə keçirilən buraxılış imtahanı və eyni müsabiqə istiqamətində, baxın burada önəmli olan budur, eyni müsabiqəyə buraxılan, yəni eyni qrupda müsabiqəyə buraxılan abituriyentlər fərqli tarixlərdə buraxılış imtahanı keçdikdə sualların səviyyəsinin istər-istəməz fərqli olması abituriyentlərin narazılığına səbəb olacaq.

Mən təklif edərdim ki, Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarının vaxtını bir vaxta təyin eləsin. Əgər bu imkansızdırsa, məsələn, 130 min abituriyent bu il qəbul imtahanlarında ərizəsini təsdiq edib, 130 min abituriyentin eyni gündə imtahan buraxılış imtahanında iştirak etməsi Dövlət İmtahan Mərkəzi tərəfindən çətinlik törədirsə, amma mən elə düşünürəm, bu o qədər də çox çətinlik törətməməlidir. Çünki bu gün Dövlət İmtahan Mərkəzinin bu 130 min abituriyentin eyni vaxtda buraxılış imtahanında iştirakını təmin etmək gücü var. Mən elə düşünürəm ki, müəyyən resurslara da malikdir. Amma deyək ki, edə bilmirsə, ən azından ixtisas qrupları üzrə müsabiqədə iştirak edən abituriyentləri bölərək buraxılış imtahanının keçirilməsi daha çox məqsədəuyğun olar.

Bu xoş çətin olmamalıdır əslində, sadəcə doğru mexanizm işləmək lazımdır.

Elədir. İmtahanın vaxtını regionlar üzrə deyil, ixtisas qruplarına uyğun təşkil etmək olar. Misal üçün, birinci qrup abituriyentləri dördüncü qrup abituriyentlərlə eyni formada mübarizə aparmır. Çünki birinci qruplar ancaq birinci qrup abituriyentlərlə mübarizə aparır, ikinci qruplar ikinci qruplarda mübarizə aparır, digərləri də həmçinin. Ona görə də əgər bunu buraxılış imtahanlarını ayrı tarixlərdə keçirəcəksə qruplara bölərək keçirmək daha məqsədəuyğun olar. Misal üçün, 1 və 4-cü qrupların buraxılış imtahanını bir tarixdə, 2 və 3-cü qrupların buraxılış imtahanını ayrı tarixdə biz edəriksə, o zaman ayrı-seçkilik də olmaz. Yəni abituriyentlər və ictimaiyyət də ciddi problem çıxarmaz. Niyə? Çünki birinci qrupun buraxılış imtahanında iştirak edən bütün abituriyentlər, həmçinin də dördüncü qrupun buraxılış imtahanında iştirak edən bütün abituriyentlər özləri eyni suallarla buraxılış imtahanında qarşılaşacağı üçün artıq ciddi bir narazılığa səbəb olmayacağı düşünürəm. Çünki onların rəqibləri özləridir.

Amma, misal üçün, fərqli qruplar fərqli tarixlərdə buraxılış imtahanına girdiyi təqdirdə bəli burada ciddi narazılıqlar ortaya çıxa bilər. Çünki oikinci qrupun biri fərqli bir tarixdə, digəri fərqli bir tarixdə buraxılış imtahanında iştirak edərsə və bu fərqli tarixlərdə olan suallar biri asan, biri çətin olarsa, əlbəttə ki, burada həm ədalətsizlik olmuş olur, həm də abituriyentlərin və ictimaiyyətin ciddi narazılığına səbəb olur. Biz bunu doqquzuncu siniflərin buraxılış imtahanında müşahidə etdik. Mart ayının 17-də keçirilən buraxılış imtahanına nisbətdə aprel ayının 10-da keçirilən buraxılış imtahanının nə qədər çətin olduğu ictimaiyyət tərəfindən vurğulandı. Bu da əlbəttə ki, həmin tarixdə buraxılış imtahanına girən abituriyentlərin və valideynlərin narazılığına səbəb olur və haqlı olaraq da həmin abituriyent bizim günahımız nədir deyə bilir. “Biz mart ayında imtahana girsəydik, daha yaxşı nəticə toplaya bilərdik. Amma aprel ayında imtahana girdik. Bu imtahanın səviyyəsinin çətin olması bizim nəticələrimizin aşağı düşməsinə səbəb olacaq” kimi haqlı narazılıqları var. Onların Dövlət İmtahan Mərkəzinin haqsızlıq etdiyini düşünməsi normaldır. Yəni mən şəxsən bunu normal qarşılayıram və həmin abituriyentlərin haqlı narazılıqlarını qəbul edirəm.

Lalə Mehralı

Digər xəbərlər