Süni intellekt getdikcə inkişaf edir.Bu sayədə biz süni intellektdən sadəcə məlumat almaq,araşdırma etmək üçün deyil,gündəlik söhbətlər etmək üçün də istifadə edə bilirik.Xüsusilə sosiallaşmaqda çətinlik çəkən yeniyetmələr bu vasitələrə üz tutur.Bəs bu “dostluq” nələrə səbəb ola bilər? SİA bu barədə psixoloq Nabat Mİrzəyevanın fikirlərini öyrənib.
Psixoloq günümüz yeniyetmələrinin daha çox nəzarətə ehtiyacı olduğunu vurğulayıb: “Hər dövrə uyğun olaraq yeniyetmələr fərqli şəkildə inkişaf edir.Keçmiş dövrə nisbətən dövrümüzün yeniyetmələrinin daha çox nəzarətə ehtiyacı var,Amma bu nəzarət yeniyetmələri sıxmadan,bildirmədən olmalıdır.Sosial şəbəkələrin və texnologiyaların inkişafı ilə onlar üçün hər şey daha əlçatandır və bu əlçatanlığın bəzi mənfi tərəfləri də ola bilər’’.
Nabat Mirzəyeva süni intellektin yeniyetmələrə təsirindən söz açıb: “Süni intellektin faydaları ilə yanaşı əks təsirləri də ola bilər. Süni intellektdən sürətli şəkildə məlumat almaq ,araşdırma etmək üçün istifadə edilə bilər. Lakin bəzən süni intellektdən yanlış istifadə edilə bilir. Necə ki,bir sinifdə şagirdlər müəllimin dediklərini fərqli şəkildə mənimsəyirsə, hər bir yeniyetmə süni intellektdən fərqli cür təsirlənə bilər.Biz yeniyetmələri hər daim nəzarətdə saxlaya bilmədiyimizə görə, süni intellektdən necə istifadə etdiklərini,hansı sualları ünvaladıqlarını,süni intellektin onları necə yönləndirdiyini bilmirik. Süni intellekt də bəzən yanlış yönləndirmələr edə bilir və bu yanlış yönləndirmələr də yeniyetmələrə təsir edir.
Psixoloq son olaraq bu təsirlərin qarşısını almaq üçün tam qadağa qoyulmasının deyil,həddindən artıq olmayacaq dərəcədə,nəzarətli şəkildə istifadənin tərəfdarı olduğunu qeyd edib: “Süni intellektin müəyyən faydaları da var. Bu təsirlərin qarşısını almaq üçün tam qadağa qoymaq yox,yeniyetmələrin nə dərəcədə və nə ilə bağlı istifadə etdiklərinə diqqət etmək lazımdır’’.
Ayaz Zeynalzadə