PDF Oxu

Dünya

  • 2 659

Ümumdünya Yer Günündən dünyaya mesaj: belə davam edərsə...

image

Ətraf mühitin problemləri ilə bağlı maarifləndirmə məqsədi daşıyan Ümumdünya Yer Günü hər il aprelin 22-də qeyd olunur. İlk dəfə 1970-ci ildə qeyd olunan Ümumdünya Yer Günü müasir ekoloji hərəkatın başlanğıcı hesab olunur. Yer Günü ilk dəfə 1969-cu ildə San-Fransiskoda keçirilən YUNESKO-nun Milli Dünya Konfransında Con Makkonnel tərəfindən təklif ediləndə gecə ilə gündüzün bərabər olduğu 21 mart tarixi irəli sürüldü. Bu, bizim Novruz Bayramının gəlişini qeyd etdiyimiz tarixlə eynidir.

Daha sonra Ümumdünya Yer Gününün 22 aprel tarixinə salınmasının səbəbi 1872-ci ildə Nebraskada başlanan və insanları ağac əkməyə təşviq edən Ağac Əkmə Gününün qeyd olunması ilə əlaqədardır. Yarandığı gündən etibarən Ümumdünya Yer Günü bir çox mühüm ekoloji tədbirlərin keçirilməsinə səbəb oldu. Ölkələrin iqlim dəyişikliyi ilə bağlı addımlara görə məsuliyyət daşıdığı Paris Sazişinin imzalanması (22 aprel 2016-cı il) bu hadisələrdən biridir. 196 ölkənin liderləri qlobal istiləşmə ilə mübarizə üçün hüquqi qüvvəyə malik saziş qəbul etmək üçün bir araya gəldilər.

Ümumdünya Yer Günü təkcə ekoloji problemlər haqqında məlumatlılığın artırılması ilə bağlı deyildi. Bu, həmçinin fabriklərdən və elektrik stansiyalarından təbiətə ötürülən çirklənmə, neft quyularının sulara yaydığı zərər, kanalizasiyaların yaydığı çirkab, zəhərli tullantılar, pestisidlər, havanın çirklənməsi və canlı təbiətin getdikcə məhv olması kimi problemlərlə mübarizə aparmaq üçün ayrı-ayrılıqda mübarizə aparan müxtəlif qrupları bir araya gətirmək üçün bir yol idi.

İlk dəfə qeyd ediləndə təxminən 20 milyon ABŞ vətəndaşı sağlam ətraf mühit naminə mübarizə üçün küçələrə çıxmışdı. Zamanla Ümumdünya Yer Günü Birləşmiş Ştatlar hüdudlarından kənara çıxdı. 1990-cı ildə 141 ölkədən təxminən 200 milyon insan təkrar emalın artırılması üçün səylərə qoşuldu və 1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit və İnkişaf üzrə Konfransına zəmin hazırladı.

Ümumdünya Yer Günü ekoloji səbəblər haqqında məlumatlılığı artırmaq, həmçinin başqalarını daha dayanıqlı bir planet yaratmağın vacibliyi haqqında məlumatlandırmaq məqsədi daşıyır. Bu gün həmçinin təbliğatın təşviqi və planetin biomüxtəlifliyinin qorunması məsələlərini də əhamiyyətli hesab edir. Bu gün Ümumdünya Yer Günü 190 ölkədə 20.000 tərəfdaş və təşkilatı birləşdirir. Hər il bir milyarddan çox insan kampaniyalarda iştirak edir və bununla da Ümumdünya Yer Günü dünyada ən böyük ictimai və kollektiv tədbirlərdən birinə çevrilir.

Ümumdünya Yer Günü təbliğatındın bir hissəsi olmaq təkcə etiraz aksiyalarında iştirak etmək və küçələrə çıxmaq deyil. Bu, bir çox formada ola bilər, elə ətraf aləmə olan sevgi, diqqət, təmizliyə riayət, ağac əkmək, bitkiləri suvarmaq, tullantıların çeşidlənməsi kimi bir çox davranış da bu məqsədə xidmət edir.

Bu dünyanın hər bir vətəndaşı Yer kürəsini və onun yaşayış imkanlarını qorumaq üçün tədbirlər görməlidir. Daha az avtomobil istifadə edərək, daha çox ictimai nəqliyyata minərək ekologiyanın çirklənməsinin qarşısını ala bilərik. Elektrikə qənaət etmək üçün paltarqurudan, saçqurudan kimi alətlərdən istifadə etməməyə çalışmaq olar. Paltaryuyanı iki paltar üçün istifadə etməmək, çimərkən çox su israf etməmək mümkündür. Qışda yay-yaz tərəvəzləri istehlak etməməklə bu tərəvəzlərin istixanalarda daha az yetişdirilməsinə rəvac vermiş olarıq. Çünki istixanalarda istifadə edilən kimyəvi maddələr, istixana emissiyaları ekologiya üçün təhlükəlidir.

Dünyaya edilən ən böyük pislik meşələrin kütləvi qırıması, yandırılması, məhv edilməsdiir. Hər il Yer kürəsi milyardlarla ağacı itirir, bu, nəinki biomüxtəlifliyi məhv edir, həm də iqlim dəyişikliyinə səbəb olur. Meşələrin qırılmasının əsas səbəblərindən biri kənd təsərrüfatı, kağız və ağac sənayesi, mədənçıxarma və urbanizasiya üçün torpaqların təmizlənməsi, habelə yanmasıdır. Meşələr yox olduqda, təbii yaşayış yerləri itirilir və minlərlə növ canlı orqanizm nəsli kəsilmək təhlükəsi ilə üzləşir.

Sənaye İnqilabından sonra dünyanın evi yıxıldı desək, yanılmarıq. Bu prosesdə bəşəriyyət böyük sürətlə sənayeləşdi, böyük sürətlə də ətraf mühitə ziyan vurdu. Zavodlar atmosferə zəhərli qazlar buraxır, su ehtiyatlarını çirkləndirir və torpağı zəhərləyir. Nəticədə ekosistemlərin tarazlığı pozulur və ekoloji dağıntı qaçılmaz olur.

Dənizlər və okeanlar həddindən artıq və nəzarətsiz balıq ovu səbəbindən sürətlə tükənir. Balıq ehtiyatları azalır, dəniz ekosistemləri zədələnir və dəniz biomüxtəlifliyi risk altında qalır. Eynilə, yerüstü ovçuluq nəticəsində bir çox canlı növlərinin nəsli kəsilmək təhlükəsi ilə üzləşir. Bu vəziyyət ekoloji dağıntının ən böyük əlamətlərindən biridir. Bundan əlavə, müasir kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün kimyəvi gübrələr, pestisidlər və herbisidlər kimi maddələrdən geniş istifadə edilir. Bu kimyəvi maddələr torpağı zəhərləyir, su ehtiyatlarını çirkləndirir və biomüxtəlifliyi məhv edir. Biomüxtəlifliyin itirilməsi ekosistemlərin tarazlığını pozur və təbiətin fəaliyyətinə mənfi təsir göstərir. Bu, insan həyatını təhlükə altına alan uzunmüddətli nəticələrə gətirib çıxarır.

Ekoloji dağıntılar iqlim dəyişikliyini sürətləndirən amillərdən biridir. Meşələrin qırılması istixana qazları emissiyalarını artırır, su və torpağın çirklənməsi isə iqlim tarazlığını pozur. Nəticədə bütün dünyada ekstremal hava hadisələri, quraqlıq və daşqınlar artır. Nəzərə almaq lazımdır ki, ekosistemlər təbiətin fəaliyyətinin əsas tikinti bloklarıdır. Ekoloji vəziyyətin pisləşməsi bu tikinti bloklarını zəiflədir və nəticədə ekosistemlərin dağılmasına gətirib çıxarır. Bir ekosistemin dağılması digər ekosistemlərə təsir edir və bu zəncirvari reaksiya qlobal ekoloji fəlakətə səbəb olur.

Kimyəvi gübrələrin və pestisidlərin istifadəsinin azaldılması, üzvi əkinçiliyin təşviqi və ekosistemə uyğun kənd təsərrüfatı təcrübələrinin genişləndirilməsi ekoloji məhvin qarşısının alınmasına töhfə verə bilər. Bu həm biomüxtəlifliyi qoruyur, həm də insan sağlamlığına müsbət təsir göstərir. Həmçinin qalıq yanacaqlardan istifadənin azaldılması və bərpa olunan enerji mənbələrinin genişləndirilməsi ekoloji məhvə qarşı mübarizədə mühüm addımdır. Günəş, külək və su elektrik enerjisi kimi mənbələr ətraf mühitə zərər vermədən enerji istehsal etməyə imkan verir.

Meşələrin qırılmasının dayandırılması və məhv edilmiş meşələrin yenidən əkilməsi ekoloji dağıntıların qarşısını almağın, Yer Planetini qorumağın ən təsirli yollarından biridir. Meşə salınması layihələri həm karbonun udulmasını artırır, həm də təbii yaşayış mühitini qoruyur. Bu mübarizədə cəmiyyətin ekoloji məhvə dair maarifləndirilməsi mühüm rol oynayır. Xüsusilə məktəb dərsliklərinə ekosistemi, ekologiyanı qorumağın əhəmiyyəti barədə çox möhvu salınmalıdır.

Ekoloji təxribat təkcə təbiətin deyil, həm də bəşəriyyətin gələcəyini təhlükəyə atır. Planetimiz və onun qaynaqları sürətlə tükənir, bu dağıntının qarşısı alınmasa, sonumuz yaxşı olmayacaq. Ekoloji təxribat bizim əhəmiyyətsiz hesab edə bilməyəcəyimiz qlobal problemdir. Bu məsələdə qalıcı tədbir görməsək, gələcək nəsillərə yaşana biləcək bir dünya vəd edə bilmərik.

Lalə Mehralı

Digər xəbərlər