PDF Oxu

Dünya

  • 1 021

Çin humanoid robotları müharibəyə hazırlayır

image

Çin humanoid robotların hərbi məqsədlərlə istifadəsi istiqamətində araşdırmaları sürətləndirir və gələcəkdə bu robotların döyüş meydanında tətbiqinə hazırlaşır.

Bu barədə Reuters-in Çinin hərbi satınalma elanları, elmi araşdırmaları, patentləri, rəsmi nəşrləri, dövlət sənədləri və müdafiə şirkətlərinin materiallarından ibarət 100-dən çox mənbəni araşdırması nəticəsində məlum olub.

Araşdırmaya görə, Çin ordusunun elmi-tədqiqat qurumları humanoid robotları real döyüş şəraitinin tələblərinə uyğun sınaqdan keçirir, robotların hazırlanması üçün texnologiyalar əldə etməyə çalışır və onların hərbi qulluqçularla birlikdə necə fəaliyyət göstərə biləcəyini araşdırır. Bu istiqamətdə işlər xüsusilə 2025 və 2026-cı illərdə sürətlənib.

Rəqs və döyüş məşqlərindən hərbi tətbiqə

Avqust ayında Çində keçirilən Dünya Humanoid Robot Oyunlarında robotlar qaçıb, boks edib, rəqs edib və müxtəlif fiziki tapşırıqları yerinə yetirib. Bəzi robotlar 100 metr məsafəni hətta Useyn Boltun rekord sürətinə yaxın tempdə qət etməyə çalışıb.

Yarışların başa çatmasından cəmi iki gün sonra Çin Xalq Azadlıq Ordusunun rəsmi qəzeti — PLA Daily — bu nümayişdən hərbi nəticə çıxarıb. Qəzet tədqiqatçıları qabaqcıl texnologiyaların laboratoriyalardan hərbi təlim meydanlarına daha sürətlə keçirilməsinə və robotların gələcəkdə “döyüşçü” kimi istifadəsinə çağırıb.

Reuters-in araşdırmasına əsasən, Çin hərbi strukturları humanoid robotların qavrama, manipulyasiya və öyrədilməsi üçün lazım olan texnologiyaları inkişaf etdirir.

BofA Global Research-in məlumatına görə, 2025-ci ildə dünyada satılan humanoid robotların təxminən 95 faizini Çin istehsalçıları təmin edib. Bu üstünlük Çin ordusuna sürətlə böyüyən kommersiya robototexnika sənayesindən yararlanmaq imkanı verir.

Şəhər döyüşləri üçün robot qüvvəsi

Çin hərbi tədqiqatçıları artıq humanoid robotların şəhər döyüşlərində istifadəsi ilə bağlı konkret ssenarilər hazırlayırlar.2025-ci ilin avqustunda Çinin Milli Müdafiə Texnologiyaları Universitetinin (NUDT) Sian şəhərindəki sınaq mərkəzinin tədqiqatçıları tərəfindən hazırlanan elmi məqalədə şəhər hücumu zamanı altı “döyüş robotundan” istifadə ssenarisi təsvir olunub.

Ssenariyə görə, humanoid robotlar, robot itlər və pilotsuz nəqliyyat vasitələrindən ibarət altı robot iki hücum qrupuna bölünür. Robotlar quru qoşunları ilə birlikdə düşmənin nəzarətində olan binaya daxil olur, mərtəbələri və otaqları bir-bir təmizləyirlər.

Tədqiqatçılar hesab edirlər ki, texnologiya qarşıdakı 5-10 il ərzində bu cür tətbiqlər üçün əlçatan ola bilər.Humanoid robotların balans, ətraf mühiti qavrama və enerji davamlılığı baxımından inkişaf etdirilməsi onların binalar, tunellər və gəmi daxilində istifadəsini mümkün edə bilər. Tayvanın Milli Müdafiə və Təhlükəsizlik Araşdırmaları İnstitutunun tədqiqatçısı Juo-Min Çounun sözlərinə görə, robotların iki ayağı və iki əli onlara həm hərəkət etmək, həm maneələri aşmaq, həm də müxtəlif əşyalarla işləmək imkanı verə bilər.

Bununla belə, ekspertlər bildirirlər ki, kəşfiyyat və logistika kimi daha sadə tapşırıqlar üçün dördayaqlı, tırtıllı və ya təkərli robotlar daha ucuz və praktik ola bilər.

Düşmən xəttinin arxasına keçmək

Çinin humanoid robotların hərbi məqsədlərlə istifadəsinə marağı 2024-cü ildən etibarən daha da artmağa başlayıb.Həmin il NUDT və Çin Hərbi Elmlər Akademiyası hərbi texnologiyalarla bağlı forum keçirib. Forumun bölmələrindən biri humanoid sistemlərin hərbi tətbiqlərinə həsr olunub.

2025-ci ildə isə NUDT humanoid robotları açıq şəkildə döyüş meydanı üçün nəzərdə tutulan vasitə kimi təqdim edib.Universitetin həmin ilin iyununda keçirdiyi yarışlardan birində robotlar “düşmən xəttinin arxasına sızma” ssenarisini yerinə yetirib. Robotlardan müəyyən əraziyə daxil olmaq, həmin ərazinin xəritəsini hazırlamaq və hədəfləri müəyyənləşdirmək tələb olunub.

Digər ssenarilərdə isə robotların hərbi bazalarda şəxsiyyət yoxlaması, intizam nəzarəti və təhlükəsizlik patrulu aparması nəzərdə tutulub.

Çin hərbi nəşrlərində humanoid robotların gələcəkdə döyüşdə daha geniş rol oynaması da müzakirə olunur. PLA Daily-nin 2025-ci ilin iyulunda dərc etdiyi məqalədə robotların fəaliyyətinin gələcəkdə “döyüşə dəstəkdən birbaşa döyüşə” keçə biləcəyi bildirilirdi.

ABŞ da humanoid robotların hərbiləşdirilməsini araşdırır

Çin bu texnologiya üzərində işləyən yeganə ölkə deyil. ABŞ ordusu ötən il hərbçilərlə birlikdə fəaliyyət göstərə biləcək “hərbiləşdirilmiş humanoid imkanların” hazırlanması üçün müsabiqə elan edib.

ABŞ ordusunun nəzərdə tutduğu mümkün vəzifələr arasında kəşfiyyat, təhlükəsizlik, maneələrin aradan qaldırılması, təhlükəli maddələrlə işləmə, eləcə də şəhər ərazilərində hücum və müdafiə əməliyyatları var. Bununla belə, ikiayaqlı və dördayaqlı robotların hazırlanmasında ABŞ sənayesi hazırda Çindən xeyli geridə qalır.

Reuters-in daha əvvəl apardığı araşdırmaya görə, Çinin robototexnika şirkətlərindən Unitree ABŞ hərbi maliyyəsi hesabına inkişaf etdirilmiş texnologiyalardan özünün kommersiya robot itlərinin hazırlanmasında istifadə edib.

İnsan operator robotu uzaqdan idarə edə bilər

2026-cı ilə qədər humanoid robotların inkişafı Çinin hərbi akademiyalarından müdafiə sənayesinə də keçib. Buna nümunə kimi dövlətə məxsus müdafiə şirkəti Norinco tərəfindən hazırlanan “Fuxi” humanoid robotunu göstərmək olar. Şirkətin avqust ayında yaydığı materiallarda bildirilir ki, tam ölçülü robot keşik çəkmək, istənilən hava şəraitində kəşfiyyat aparmaq, ağıllı patrul həyata keçirmək və təhlükəli işləri yerinə yetirmək üçün nəzərdə tutulub. “Fuxi” insan operator tərəfindən uzaqdan idarə oluna bilir. Bu xüsusiyyət robotun bütün qərarları müstəqil şəkildə qəbul etməsi zərurətini aradan qaldırır.

Avstraliya Strateji Siyasət İnstitutunun baş analitiki Malkolm Devis hesab edir ki, humanoid robotlar hazırda döyüş meydanı üçün praktiki vasitə deyil. Lakin onun fikrincə, qarşıdakı 5-10 il ərzində vəziyyət dəyişə bilər.

Əsas problem hələ də süni intellekt və enerji təminatıdır

Ekspertlər humanoid robotların döyüş meydanında geniş istifadəsinə hələ çox vaxt qaldığını bildirirlər. Robotlar böyük enerji tələb edir və nəzarətli nümayişlərdən kənarda hələ də kifayət qədər etibarlı deyil. Döyüş meydanında isə çoxsaylı gözlənilməz amillər robotların ətraf mühiti düzgün qavramasını və müstəqil qərarlar qəbul etməsini çətinləşdirə bilər.

ABŞ-ın Karnegi Mellon Universitetinin professoru Aaron Consonun sözlərinə görə, real döyüş şəraiti robotların qarşısına nəzarət olunan laboratoriya və nümayiş mühitlərindən tamamilə fərqli problemlər ortaya çıxarır. Bununla yanaşı, robotların məsafədən idarə olunması bu problemlərin bir hissəsini aradan qaldıra bilər.

Robotların silahlandırılması etik və hüquqi suallar yaradır

Humanoid robotların gələcəkdə müstəqil fəaliyyət göstərməsi isə ciddi hüquqi və etik suallar doğurur. Müharibə hüququ hərbi qüvvələrdən döyüşçülərlə mülki şəxsləri ayırmağı, yaralanmış və ya təslim olan hərbçilərə hücum etməməyi tələb edir.

Beynəlxalq Qızıl Xaç Komitəsi dəfələrlə xəbərdarlıq edib ki, avtonom silah sistemləri təslim olma əlamətlərini düzgün qiymətləndirməkdə çətinlik çəkə bilər. Çünki belə qərarlar yalnız görüntüdən deyil, vəziyyətin kontekstindən, davranışdan və niyyətdən asılı ola bilər.

ABŞ ordusunda avtonom silahların istifadəsi hüquqi ekspertiza və real şəraitə yaxın sınaqlardan keçməlidir. Çin Müdafiə Nazirliyi isə mart ayında süni intellektlə işləyən silahların insan nəzarətində qalmalı olduğunu bildirib.

“Robotlar döyüş meydanına axışacaq”

Bütün bu problemlərə baxmayaraq, Çin humanoid robotların hərbi potensialını araşdırmaqdan geri çəkilmir.

Çin Hərbi Elmlər Akademiyasının tədqiqatçısı Van Yonqhua 2025-ci ilin noyabrında yazdığı şərhdə humanoid robotların hərəkət, ətraf mühitin qavranılması və süni intellekt baxımından hələ həll edilməmiş problemlərlə üzləşdiyini qeyd edib.

Onun fikrincə, humanoid robotların geniş hərbi istifadəsi üçün texnoloji sıçrayış, istehsal xərclərinin azalması və kütləvi istehsal imkanlarının yaradılması lazımdır.

Lalə Mehralı

Digər xəbərlər

Belaruslular rus turistlərə qapını göstərirlər...

“Çamadanını götür və qatar stansiyasına”. Rusların getməsi üçün marşrut da planlaşdırılıb...

Rusiya rejimi əslində nədən qorxur?

Putinin səfərbərliyi təxirə salmasının səbəbi də məhz budur...

Putinin riyaziyyata qarşı xəyalları...

Müharibə Tədqiqatları İnstitutu Donbasın işğalının əsl şərtlərini adlandırdı... Rusiya ordusu artıq 15 müddətə əməl edə bilməyib...

“Kreml baş verənlərə nəzarəti itirir...”

İqor Lipsits bu qış Rusiyanı nələrin gözləyə biləcəyini izah etdi...

“Yazda Rusiya ordusu döyüş effektivliyini tamamilə itirəcək”

Hərbi analitik cəbhədə dönüş nöqtəsi olacağını proqnozlaşdırdı...

Soçi soyunma otağından...ayıb olsun..?

Simonyana heç olmasa bir qutu benzin göndərin.!.