Süni intellekt ətrafında müzakirələr qızışır
BMT Təhlükəsizlik Şurasında süni intellektin gələcəyi müzakirə edildi
Süni intellektin sürətli inkişafı texnologiyanın imkanları ilə yanaşı, onun təhlükəsizliyi və beynəlxalq səviyyədə tənzimlənməsi məsələsini də gündəmə gətirib. Süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbərləri bu texnologiyanın inkişafı ilə bağlı qlobal əməkdaşlığın vacibliyini vurğulayırlar.
Sentyabrın 23-də BMT Təhlükəsizlik Şurasında keçirilən iclasda süni intellektin inkişafı ilə bağlı risklər, beynəlxalq təhlükəsizlik və texnologiya üzərində insan nəzarətinin qorunması məsələləri müzakirə olunub. Toplantıda OpenAI şirkətinin rəhbəri Sem Altman və Anthropic şirkətinin baş direktoru Dario Amodei çıxış ediblər.
OpenAI rəhbəri Sem Altman süni intellektin inkişafının həm yeni imkanlar, həm də ciddi sosial risklər yaratdığını bildirib. Onun sözlərinə görə, texnologiyanın gələcəyi ilə bağlı mühüm qərarlar yalnız Silikon Vadisindəki şirkətlərin daxilində qəbul edilməməli, demokratik institutlar və hökumətlər bu prosesdə iştirak etməlidir.
Altman süni intellektin insanlara daha çox imkan yaratması, yaradıcılığı və elmi kəşfləri dəstəkləməsi üçün inkişaf etdirilməli olduğunu vurğulayıb. O, texnologiyanın təhlükəsizliyi ilə bağlı müzakirələrdə həm həddindən artıq nikbinlikdən, həm də bütün gələcəyi fəlakət ssenariləri ilə izah etməkdən çəkinməyə çağırıb.
Anthropic şirkətinin rəhbəri Dario Amodei çıxışında süni intellektin yanlış istifadəsi və inkişaf edən sistemlər üzərində insan nəzarətinin zəifləməsi ilə bağlı narahatlıqlarını ifadə edib. O, süni intellektin bioloji silahların hazırlanmasında sui-istifadə edilməsi ehtimalını və texnologiyanın imkanlarının onu yaradan mütəxəssislərin nəzarət imkanlarını üstələyə bilməsi riskini qeyd edib.
Amodei beynəlxalq əməkdaşlığın gücləndirilməsini, yeni süni intellekt modellərinin sınaqdan keçirilməsi üçün ümumi standartların hazırlanmasını və bioloji silahların yaradılmasında süni intellektdən istifadəyə qadağa qoyulması kimi beynəlxalq razılaşmaların nəzərdən keçirilməsini təklif edib.
Süni intellektin tənzimlənməsi məsələsində texnologiya şirkətlərinin çağırışları ilə ABŞ administrasiyasının mövqeyi arasında fərq də diqqət çəkib. Reuters-in məlumatına görə, OpenAI beynəlxalq texniki standartların hazırlanmasında ABŞ-ın aparıcı rol oynamasını təklif edib. Eyni zamanda ABŞ Prezidenti Donald Tramp qlobal süni intellekt tənzimləmə təşəbbüslərinə qarşı olduğunu bildirib.
Müzakirələr göstərir ki, süni intellektin inkişafı ilə bağlı əsas suallardan biri yalnız texnologiyanın hansı imkanlara malik olması deyil, bu imkanlar üzərində qərarların kim tərəfindən və hansı qaydalarla qəbul ediləcəyidir. BMT Təhlükəsizlik Şurasındakı toplantı da bu məsələnin artıq beynəlxalq təhlükəsizlik gündəliyinin bir hissəsinə çevrildiyini göstərib.
Lalə Mehralı
Gənc kişilərə “film layihəsi”ndə rollar təklif olunur...
ABŞ yeni hərbi obyektlər alacaq və adanın statusu eyni qalacaq...
Hətta Ayətullahın belə qırğını dayandırmaq üçün cəsarəti var idi...
Ukraynanın təcrübəsi alyansı təlimlər zamanı taktikanı dəyişməyə məcbur edir...
Moskva Əfqanıstanla işçi qüvvəsinin cəlb edilməsi ilə bağlı razılığa gələ bilmədi...
Onların kitabı Kreml sistemi haqqında mifləri dağıdır...
Hindistanlı kahin Anand 2026-cı ilin payızında qlobal yenidən başlama proqnozu verdi…
Tramp bunu Nyu-Yorkun ilk müsəlman merinə xitabən deyib...
Donald Tramp Təzyiq olmadan aparılan danışıqlar heç bir nəticə verməyib...