PDF Oxu

Dünya

  • 1 037

Dünya gələcək pandemiyalara hazırdırmı?

image

Dünya liderləri gələcək pandemiyaların qarşısının alınması və onlara daha hazırlıqlı olmaq üçün beynəlxalq əməkdaşlığın və uzunmüddətli investisiyaların gücləndirilməsinə dair öhdəliklərini yeniləyiblər.

Bəyanat sentyabrın 25-də Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının Pandemiyaların qarşısının alınması, onlara hazırlıq və cavab tədbirləri üzrə ikinci yüksək səviyyəli iclasında səsləndirilib. Görüşdə ölkələr COVID-19 pandemiyasından çıxarılan dərsləri müzakirə edib və gələcək səhiyyə böhranlarına hazırlıq üzrə görülən işləri qiymətləndiriblər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son üç ildə pandemiya təhlükələrinin aşkarlanması, onlara hazırlıq və cavab imkanlarının gücləndirilməsi istiqamətində müəyyən irəliləyiş əldə olunub. Bu dövrdə ÜST-nin Pandemiya Sazişi qəbul edilib, Beynəlxalq Səhiyyə Qaydalarına dəyişikliklər edilib, epidemiyaların monitorinqi, patogenlərin paylaşılması, vaksinlərin, müalicə vasitələrinin və diaqnostika məhsullarının yerli istehsalı üzrə imkanlar genişləndirilib.

ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, əldə olunan nəticələri qorumaq və gələcək təhlükələrə daha yaxşı hazırlaşmaq üçün fəaliyyət və investisiyalar davam etdirilməlidir.

Onun sözlərinə görə, COVID-19 pandemiyası 2020–2023-cü illər arasında 20 milyondan çox əlavə ölümlə əlaqələndirilib və dünya iqtisadiyyatına 10 trilyon dollardan artıq zərər vurub. Pandemiya həmçinin qlobal səhiyyə təhlükəsizliyində mövcud boşluqları üzə çıxarıb.

İclasda ölkələr pandemiyalara hazırlığın yalnız səhiyyə sektorunun vəzifəsi olmadığını vurğulayıblar. Effektiv hazırlıq üçün hökumətlər, səhiyyə qurumları, yerli icmalar və digər sektorlar arasında koordinasiyanın gücləndirilməsi vacib hesab olunur.

ÜST gələcək pandemiyalara qarşı mübarizədə erkən xəbərdarlıq və epidemioloji nəzarət sistemlərinin, dayanıqlı səhiyyə sistemlərinin və tibbi vasitələrə bərabər çıxışın gücləndirilməsini əsas istiqamətlər kimi göstərib.

Görüşdə həmçinin patogenlərin əldə edilməsi və onlardan əldə olunan faydaların bölüşdürülməsi üzrə yeni sistemin yaradılması məsələsi müzakirə olunub. Bu mexanizmin məqsədi pandemiya potensialı olan patogenlərin vaxtında paylaşılmasını və onların əsasında hazırlanan vaksin, dərman və diaqnostika vasitələrinin daha ədalətli bölüşdürülməsini təmin etməkdir.

ÜST bildirir ki, bu mexanizm üzrə danışıqların 2027-ci ilin mayında keçiriləcək Ümumdünya Səhiyyə Assambleyasına qədər yekunlaşdırılması nəzərdə tutulur.

BMT və ÜST gələcək pandemiyaların qarşısının alınmasında “One Health” – “Vahid sağlamlıq” yanaşmasının da əhəmiyyətini vurğulayır. Bu yanaşma insan, heyvan və ətraf mühit sağlamlığının bir-biri ilə əlaqəli olduğunu nəzərə alır.

ÜST rəhbəri bildirib ki, dünya COVID-19-dan əvvəlkindən daha hazırlıqlıdır, lakin yeni təhlükələrin xarakteri dəyişdiyi üçün hazırlıq tədbirləri də daim yenilənməlidir. Onun sözlərinə görə, gələcək pandemiya məsələsi “olacaq, ya olmayacaq” sualı deyil, “nə zaman baş verəcək” məsələsidir.

Lalə Mehralı

Digər xəbərlər