PDF Oxu

Dünya

  • 1 085

Erkən yaşda ərə verilən qızlar: hamiləlik, yoxsulluq və aclığın ağır yükü

image

Fatimah Yəməndə yetkinlik yaşına çatmadan evləndirilən minlərlə uşaqdan biridir. O cəmi 13 yaşında olarkən özündən böyük bir kişiyə ərə verilməyə məcbur edilib. İki il sonra o, əkiz qız uşaqları dünyaya gətirib. “Başqa qızlar kimi məktəbə getməyi arzulayırdım”, – deyə o, BMT-nin cinsi və reproduktiv sağlamlıq məsələləri üzrə ixtisaslaşmış qurumu olan BMT-nin Əhali Fonduna (UNFPA) danışıb. “Uşaqlığımı yaşamağa macal tapmadan həyat yoldaşı, bunun nə demək olduğunu tam anlamadan isə ana oldum”.

İndi 20 yaşında olan Fatimah həyat yoldaşı ilə sadə, lakin sabit həyat sürdüklərini deyir. Ancaq münaqişə başlayandan və uzun illər davam edən böhran milyonlarla insanın həyatını alt-üst edəndən sonra vəziyyət dəyişib. Bir çox səhiyyə müəssisəsi bağlanıb, iqtisadiyyatın dağılması yoxsulluğa və genişmiqyaslı aclığa səbəb olub.

Əl-Hudeydə quberniyasında UNFPA-nın dəstəklədiyi təhlükəsiz məkanda çalışan məsləhətçi Riham Həzbar bildirib: “Hamilə qızlar arasında, xüsusilə erkən yaşda ərə verilənlərdə qidalanma çatışmazlığı hallarının nəzərəçarpacaq dərəcədə artdığını müşahidə edirik. Onların çoxu tibb müəssisələrinə aşağı çəki, qanazlığı və güclü halsızlıqla müraciət edir. Bədənləri isə çox vaxt hamiləliyin yaratdığı tələblərin öhdəsindən gəlməyə hazır olmur, axı azyaşlıdırlar”.

Yəmən dünyanın ən ağır və mürəkkəb humanitar böhranlarından birini yaşamaqda davam edir. Bu il ölkədə 22 milyondan çox insanın, o cümlədən çoxlu sayda qadın və qızın təcili yardım və müdafiəyə ehtiyacı var. Səhiyyə müəssisələrinin üçdə ikisindən də azı tam fəaliyyət göstərir. Onların yalnız 20 faizi ana sağlamlığı xidmətləri göstərir.

UNFPA-nın hesablamalarına görə, Yəməndə 1,3 milyon hamilə və körpəsini əmizdirən qadın qidalanma çatışmazlığından əziyyət çəkir, 100 min qadın isə məcburi köçkün vəziyyətindədir. Bu amillər doğuş zamanı ağırlaşma riskini artırır.

Əbyən quberniyasında çalışan tibb işçisi Əmirə deyib: “Bir çox qadının nəqliyyat xərclərini, təyin etdiyimiz dərmanları və qida əlavələrini ödəməyə imkanı çatmır. Bəzi qızların tibbi yardıma vaxtında müraciət etməsinə sosial məhdudiyyətlər də mane olur. Bəzi ərazilərdə isə tibb işçiləri və lazımi avadanlıqla təchiz olunmuş müəssisələr çatışmır. Qidalanma çatışmazlığı analar və yeni doğulan körpələr üçün təhlükə yaradır”.

Zorakılıq Fatimahı və ailəsini dəfələrlə yaşadıqları yeri dəyişməyə məcbur edib. Bir gecə isə sığındıqları düşərgəni sel basıb və onun həyat yoldaşını sel suları aparıb. Kişi sağ qalsa da, yaşadığı travma nəticəsində yaranan psixoloji problemlər onun işləməsinə və ailəsini dolandırmasına mane olub. Azyaşlı Fatimah qəfildən həm həyat yoldaşına, həm də iki azyaşlı qızına qulluq etməli olub. Bu zaman yenidən hamilə olduğunu öyrənib. Çadırda yaşayan, gəlir mənbəyi və səhiyyə xidmətlərinə çıxışı olmayan ailə tamamilə humanitar yardımdan asılı vəziyyətə düşüb. Qidalanma çatışmazlığı səbəbindən taqətdən düşən və qanazlığından əziyyət çəkən Fatimah deyib: “Özüm üçün qorxduğumdan daha çox körpələrim üçün qorxurdum”.

Tibb bacısı Əmirənin sözlərinə görə, hamilə qadınlar çox vaxt tibb mərkəzlərinə hamiləliyin son mərhələsində və ya yalnız ciddi ağırlaşmalar yarandıqda müraciət edirlər. Halbuki erkən tibbi yardım göstərilsəydi, bu problemlərin qarşısını almaq mümkün olardı. Yəməndə qadınların yarısından da azı tibb müəssisəsində doğuş edir, təxminən 30 faizi isə hamiləlik dövründə heç bir tibbi nəzarətdən keçmir. Ölkədə ana ölümü göstəricisi regionun ən yüksək göstəricilərindən biridir.

Hamiləlik dövründə müntəzəm müayinələrin əhəmiyyəti barədə məlumat çatışmazlığı da qızların tibbi yardıma müraciət etməsinə mane olur. Bir çoxu bunun üçün ailəsinin və ya həyat yoldaşının razılığından asılıdır.

Yəməndə qızların təxminən üçdə biri uşaq yaşlarında ərə verilir. Bu göstərici məcburi köçkünlər arasında daha yüksəkdir. Əhalinin yarıdan çoxu kəskin ərzaq çatışmazlığı ilə üzləşir. Bir çox qadın və qızda ağır qanazlığı və vitamin çatışmazlığı müşahidə olunur. Bunlar yalnız ananın sağlamlığına təsir etmir, həm də körpələrin az çəki ilə doğulmasına, xəstəliklərə daha həssas olmasına səbəb ola bilər.

Əmirə bildirib ki, qadınlar zəiflik və qidalanma çatışmazlığından əziyyət çəksələr də, ağır ev və açıq hava işlərini davam etdirməli olurlar. Buraya təsərrüfat işləri, su daşımaq və odun toplamaq daxildir. Bu şərtlər həm ana, həm də körpə üçün sağlamlıq risklərini artırır. Digər ağırlaşmalar arasında çəki itkisi, vaxtından əvvəl doğuş, doğuş zamanı və doğuşdan sonra qanaxma riskinin artması, süd istehsalının azalması var. “Erkən evlədirildikləri üçün doğuş prosesində əlavə çətinliklər yaranır”, – deyə Əmirə bildirib. “Xüsusi tibbi müdaxilə tələb olunduqda qadın dərhal yüksək riskli doğuşları həyata keçirə bilən xəstəxanaya göndərilir”. Lakin belə yönləndirmələrin nəticəsi nəqliyyatın mövcudluğundan, tibb müəssisələrinin yaxınlığından və ailənin vaxtında ora çata bilməsindən asılıdır. Bunların heç birinə zəmanət yoxdur.

Əbyən quberniyasının Əl-Məhraq kəndində yaşayan 19 yaşlı Donia Adelin iki yaşlı qızı var və o, ikinci uşağına səkkiz aylıq hamilədir. Donia uşaq olarkən məktəbi sevib və müəllim olmaq arzusunda olub. Lakin onun cəmi səkkiz yaşı olanda anası və ögey atası təhsil xərclərini ödəyə bilməyiblər. Buna görə Donia məktəbi tərk etməli olub. O xatırlayır: “Başqa uşaqların sabit ailələrdə böyüdüyünü izləyirdim, özüm isə dəyişkən və qeyri-sabit reallığa uyğunlaşmağa çalışırdım. Bəzən ətrafımdakılara yük olduğumu hiss edirdim”.

Yəməndə təxminən 1,5 milyon qız erkən evləndirildikləri üçün təhsildən kənarda qalır. Bu, onların təhsil hüququnu əlindən alır. Donia 15 yaşında özündən böyük bir kişiyə ərə verilib. “Mən hələ də uşaq kimi düşünür, hər bir gənc qız kimi xəyallar qururdum. Amma seçim imkanlarımın son dərəcə məhdud olduğunu hiss edirdim”, – deyə o bildirib.

Sonradan hamilə olduğunu öyrənəndə eyni anda həm sevinc, həm də qorxu hiss edib: “Mən özüm hələ qayğıya və sevgiyə ehtiyacı olan bir uşaq ikən başqa bir uşağa necə ana ola bilərdim?” Donianın hazırkı hamiləliyi çox çətin keçir. Təzə və qida dəyəri zəgin ərzaq olmadığı üçün özünü halsız və zəif hiss edir. Buna baxmayaraq, ilk növbədə qızının yemək yeməsinə çalışır. “Bəzən gecə ac yatıram və ertəsi gün ona nə yedirdəcəyimi düşünürəm”, – deyə Donia UNFPA-ya bildirib.

O, bir neçə dəfə mama və həkim müayinəsindən keçə bilib. Lakin bu, həm çətin, həm də baha başa gəldiyindən yalnız vəziyyəti dözülməz həddə çatanda tibbi yardıma müraciət edib. UNFPA-nın dəstəklədiyi sağlamlıq mərkəzinə çatanda rahatlıq hiss etdiyini deyən Donia bildirib: “Sağlamlığım və körpəm barədə soruşan birinin olması məni rahatlaşdırdı. Amma ehtiyacım olan ərzaq və dərmanlar barədə eşidəndə kədərləndim. Çünki onları əldə edə bilməyəcəyimi bilirdim. Bəzən evə problemlərimin real həllindən daha çox reseptlə qayıdırdım”.

Fatimah UNFPA-nın dəstəklədiyi təhlükəsiz məkanda məsləhət xidməti və tibbi müəssisəyə yönləndirmə yardımı alıb. O, burada Yəmən Qadınlar İttifaqının təşkil etdiyi savadlılıq dərslərində iştirak edir, yarımçıq qalan təhsilini alır. Donia da belə bir təhlükəsiz məkanda dərslərə qatılır. O, yarımçıq qalmış təhsilini başa çatdırmaq əzmindədir. “Əgər hər şey başqa cür olsaydı, məni uşaq yaşda evləndirməsəydilər, təhsilimi davam etdirər, müəllim olmaq arzumun ardınca gedər və uşaqlarıma, ailəmə daha yaxşı həyat təmin edərdim”, – deyə Donia bildirib.

Mənbə: BMT-nin Əhali Fondu (UNFPA), 8 sentyabr 2026-cı il.

Tərcümə etdi: Lalə Mehralı

Digər xəbərlər

Prezident Məsud Pezeşkian çətin bir seçimlə üzləşir...

İranda inflyasiya 85 faizə çatıb. Rejimin iqtisadiyyatı çökmə nöqtəsindədir

Portnikov: Ukrayna Trampın “atəşkəs” tələsinə düşməməlidir

Neft emalı zavodlarına endirilən zərbələr Kremlə qarşı ağrılı təzyiq vasitəsi olaraq qalır...

Çin Rusiya ilə sərhəd nəzarətini təcili olaraq gücləndirir

Pekin Rusiyanın vəba ilə bağlı məlumatları gizlətməsindən qorxur...

Peskov “Putinin yeni məşuqəsi”ni müdafiə edir..?

Kreml Kamilə Vəliyevanın beynəlxalq turnirlərdən kənarlaşdırılması ilə bağlı şərh verib...

Putin öz torpağında müharibəyə hazır deyildi

Hərbi ekspert Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli zərbələrinin əhəmiyyətini izah etdi...

“Tramp səhv edir”: Fox News efirdə qarşıdurmaya ev sahibliyi edir

Amerikalı aparıcıların qarşıdurmasının videosu internetdə yayılıb...

Çoxlu hərəkət var, elə deyilmi?

Ruslar nədənsə narazıdırlarmı?

“Yanukoviç hipertonik böhrandan əziyyət çəkir...”

Putinlə keçmiş Ukrayna prezidenti arasında əsas görüş açıqlanıb...

“Lukaşenko Belarusu Rusiyanın hərbi infrastrukturuna çevirir”...

Kreml Polşa, Litva və Latviyaya təzyiq göstərmək üçün ölkədən istifadə edə bilər...