BMT-nin Baş katibi Antonio Quterreş təbiətə qarşı aparılan “müharibəyə” son qoymağa çağırıb. Lakin Ermənistanda, İrəvan şəhərində toplaşan hökumət nümayəndələri qarşısında daha konkret sual dayanır: dünya biomüxtəlifliyin qorunması üzrə qarşıya qoyduğu məqsədlərə çatmaq üçün kifayət qədər iş görürmü?
BMT-nin Biomüxtəliflik Konfransı COP17 2030-cu ilə qədər təbiətin məhv edilməsini dayandırmaq və biomüxtəlifliyin azalmasını geri çevirmək istiqamətində qlobal səylərin mühüm mərhələsində keçirilir. Oktyabrın 19-dan 30-dək davam edəcək konfransda ölkələrin indiyədək əldə etdiyi nəticələr qiymətləndirilir, geridə qalan sahələr müəyyənləşdirilir və qarşıdakı dörd ildə tədbirlərin sürətləndirilməsi yolları müzakirə olunur.
Qlobal biomüxtəliflik çərçivəsi nədir?
2022-ci ildə qəbul edilmiş Kunminq–Monreal Qlobal Biomüxtəliflik Çərçivəsi təbiətin məhv edilməsini dayandırmaq və ekosistemləri bərpa etmək üçün hazırlanmış beynəlxalq fəaliyyət planıdır. Sənəd 2030-cu ilə qədər həyata keçirilməli 23 hədəfi və 2050-ci ilə yönəlmiş dörd uzunmüddətli məqsədi əhatə edir. Bu hədəflər biomüxtəlifliyin itirilməsinə səbəb olan əsas amillərlə mübarizəni nəzərdə tutur. Bunlara torpaqdan və dənizlərdən istifadənin dəyişdirilməsi, canlı növlərinin həddindən artıq istismarı, iqlim dəyişikliyi, çirklənmə və invaziv növlərin yayılması daxildir.
Planın ən tanınmış məqsədlərindən biri “30-a 30” təşəbbüsüdür. Bu təşəbbüsə əsasən, 2030-cu ilə qədər Yer kürəsinin quru və dəniz ərazilərinin ən azı 30 faizinin qorunması hədəflənir. Lakin çərçivə yalnız qorunan ərazilərin artırılması ilə məhdudlaşmır. O, biomüxtəlifliyin qorunması üçün maliyyənin artırılmasını, təbiətə zərər vuran iqtisadi təşviqlərin yenidən nəzərdən keçirilməsini, dayanıqlı istehsal və istehlakın təşviqini, eləcə də biznes fəaliyyətinin təbiətə təsirinin azaldılmasını əhatə edir.
Bioloji Müxtəliflik haqqında Konvensiyanın 196 iştirakçısının təxminən 90 faizi milli biomüxtəliflik hədəflərini müəyyənləşdirib. Təxminən 60 faizi milli strategiyalar və fəaliyyət planları hazırlayıb, 70 faizdən çoxu isə milli hesabatlarını təqdim edib. Bununla belə, qiymətləndirilən milli hədəflərin yarısından azı planlaşdırılan istiqamətdə irəliləyir. Quru və dəniz ərazilərinin 30 faizinin qorunması məqsədinə çatmaq üçün də daha çox səy göstərilməlidir.
Maliyyə çatışmazlığı, texniki imkanların məhdudluğu, beynəlxalq əməkdaşlıqdakı problemlər və irəliləyişi ölçmək üçün yetərli məlumatların olmaması əsas maneələr sırasındadır. BMT-nin Baş katibi Antonio Quterreş İrəvanda keçirilən görüşlə bağlı bildirib ki, 2030-cu ilə qədər olan müddətin yarısı geridə qaldığı üçün indi görülən işlərə görə hesabatlılıq və məsuliyyət vaxtıdır.
COP17-də hansı məsələlər müzakirə olunur?
Konfransın əsas məqsədi beynəlxalq vədləri konkret nəticələrə çevirməkdir. Bunun üçün bir neçə istiqamət xüsusi əhəmiyyət daşıyır. Ölkələr 2022-ci ildən bəri qlobal çərçivənin icrası üzrə ilk ümumi qiymətləndirməni apararaq hansı sahələrdə irəliləyiş olduğunu və harada əlavə tədbirlərə ehtiyac duyulduğunu müəyyənləşdirirlər. Sənəddə 2030-cu ilə qədər bütün mənbələrdən ildə ən azı 200 milyard ABŞ dolları vəsaitin səfərbər edilməsi, bunun tərkibində beynəlxalq biomüxtəliflik maliyyələşməsinin ildə ən azı 30 milyard dollara çatdırılması hədəfi nəzərdə tutulur.
Cali Fondunun fəaliyyətinin inkişaf etdirilməsi də qarşıda duran məsələlərdəndir. Bu fond genetik resurslar haqqında rəqəmsal ardıcıllıq məlumatlarının kommersiya məqsədilə istifadəsindən əldə edilən faydaların daha ədalətli bölüşdürülməsini dəstəkləmək üçün yaradılıb.
Ölkələrin verdikləri öhdəlikləri yerinə yetirib-yetirmədiklərini müəyyən etmək üçün daha yaxşı məlumat sistemlərinə, monitorinqə, texniki imkanlara və beynəlxalq əməkdaşlığa ehtiyac var.
Təbiətin qorunması yalnız ətraf mühit qurumlarının işi deyil. Maliyyə siyasəti, biznes fəaliyyəti, istehlak vərdişləri və təbiətə zərər vuran iqtisadi təşviqlər də problemin həllində mühüm rol oynayır. Konfransa ev sahibliyi edən Ermənistan üçün əsas məqsəd COP17-ni həm nəticələrin qiymətləndirildiyi, həm də icranın sürətləndirildiyi platformaya çevirməkdir.
Ermənistanın BMT-dəki səfiri Paruyr Hovhannisyanın mövqeyinə görə, İrəvanda qəbul ediləcək qərarlar beynəlxalq öhdəliklərlə real nəticələr arasındakı fərqin aradan qaldırılmasına kömək etməlidir. Ermənistanın ətraf mühit naziri və COP17-nin gələcək prezidenti Hambardzum Matevosyan isə əvvəlki konfransların rolunu belə izah edib: "COP15 qlobal çərçivəni formalaşdırıb, COP16 onun həyata keçirilməsi mexanizmlərini irəli aparıb, COP17 isə dünyanın hazırda hansı mərhələdə olduğunu və hansı dəyişikliklərin tələb edildiyini müəyyənləşdirməlidir".
Biomüxtəlifliyin itirilməsi ilk baxışdan mücərrəd ekoloji problem kimi görünə bilər. Əslində isə onun nəticələri gündəlik həyatımıza birbaşa təsir edir. İnsanların qidalanması, içməli su ehtiyatları və nəfəs aldıqları havanın keyfiyyəti sağlam ekosistemlərdən asılıdır. Dünyanın qarşısında artıq beynəlxalq razılaşma və müəyyən edilmiş hədəflər var. Əsas problem həmin hədəflərin real nəticələrə çevrilməsidir. Bunun üçün hökumətlər maliyyə ayırmalı, tədbirləri sürətləndirməli, beynəlxalq əməkdaşlığı gücləndirməli və qəbul etdikləri öhdəliklərin icrasına görə məsuliyyət daşımalıdırlar. Bioloji Müxtəliflik haqqında Konvensiyanın icraçı katibi Astrid Şomakerin fikrincə, dünya problemin miqyasını və mövcud boşluqları artıq bilir. İndi əsas vəzifə bu boşluqları birlikdə aradan qaldırmaqdır.
Lalə Mehralı
Onlar nə eşidilir, nə də görünür...
Bu gün qlobal vəziyyət 1914 və 1939-cu illər ilə müqayisə olunur, lakin aralarında mühüm bir fərq var...
... iki qadın və körpə ölüb, 15 nəfər yaralanıb
Bu, 2022-ci ildən bəri ən böyük hücum idi...
Bu, şou deyil...
Bu, həm mütləq, həm də nisbi baxımdan büdcə xərclərinin ən əhəmiyyətli artımıdır...
Kreml lideri cəbhədəki rus qoşunlarının uğurlarını 45 dəfə şişirdib...
Və burada, Putin və Medvedev, Trampla olduğu kimi, uğursuzluğa düçar olurlar...