MDB müşahidəçiləri Moldova seçkilərinin demokratik tərzdə keçirildiyini bəyan ediblər
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Moldovada keçirilən növbədənkənar parlament seçkiləri üzərində müşahidə aparan MDB missiyasının nümayəndələri seçkilərin demokratik tərzdə keçirildiyini bəyan ediblər. MDB-nin icraçı katibi Sergey Lebedev Kişinyovda keçirilən mətbuat konfransında bu barədə geniş açıqlama vermişdir. Onların fikrincə, Moldova hökuməti vətəndaşların azad seçki hüququnu təmin etmiş və seçkilər siyasi plüralizm şəraitində keçirilmişdir.
İyulun 29-da seçkilər keçirilərkən MDB müşahidəçiləri 35 seçki məntəqəsinin 28-də olmuş və belə hesab etmişlər ki, çatışmazlıqlar cüzi və nəzərəçarpmaz olmuşdur ki, bu da seçkilərin nəticələrinə təsir göstərməmişdir. MDB-dən Moldova seçkilərində iştirak etmək üçün 66 müşahidəçi göndərilmişdir. Onlar qurumun 8 ölkəsini təmil edirdilər.
Seçki bülletenlərinin 98 faizi nəzərdən keçirildikdən sonra məlum olmuşdur ki, birinci yeri 45,1 faiz seçici səsi qazanmış Kommunist Partiyası tutur. Bununla da partiya və iqtidar təmsilçisi olan Vladimir Voronin 101 deputat mandatından 45-ni qazanmışdır. Bu isə kommunistlərə yeni hökuməti formalaşdırmağa imkan vermir. Bunun üçün 61 deputat mandatı lazım idi.
İlkin məlumata görə, liberal-demokratlar 16,4, liberallar 14,4, Demokratik Partiya 12,6, lBizim Moldova" alyansı isə 7,4 faiz seçici səsi qazanmışdır.