Urumçi əhalisi şəhəri tərk etməyə başlayıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Çinin Sintszyan-Urumçi mərkəzi administrativ əyalətinin əhalisi şəhəri tərk etməyə başlamışlar.
Məlum olduğu kimi, burada baş vermiş kütləvi qanun pozuntusu nəticəsində 150 nəfərdən çox insan həlak olmuşdur. Hazırda hər gün Urumçi şəhərini 10 mindən çox insan tərk edir.
Kassalarda uzun növbələr dayanır və bilet çatışmazlığı müşahidə edilir. Əl altından satılan biletlərin qiyməti 500 yuana (73 dollara) çatır. Əslində, biletin qiyməti 100 (14 dollar) yuandır. Agentliyin məlumatına görə, Urumçunin hakimiyyət dairələri əyalət ərazisindəki məscidlərin hamısının bağlanması haqda qərar çıxarmışlar.
Urumçidə kütləvi qanun pozuntusu iyulun 5-də başlanmışdır. Kütləvi etiraz aksiyaları ilə şəhərin meydanlarına çıxan əhali Quandun əyalətində öldürülmüş iki uyğurun qətlində günahkar bilinənlərin cəzalandırılmasını tələb etmişlər. Yerli əhali belə hesab edir ki, Çin hökuməti bu problemin qabardılmasına üstünlük vermişdir. Polis nümayiş iştirakçılarını qovmaq üçün gözyaşardıcı qazdan istifadə etmişdir. Nəticədə nümayişçilər talançılıqla məşğul olmuşlar. Rəsmi məlumata görə, 150, qeyri-rəsmi məlumata görə isə, 800 nəfərədək uyğur öldürülmüşdür.
Çin hökuməti baş vermiş hadisədə hazırda ABŞ-da yaşayan Uyğurların Ümumdünya Konqresinin başçısı Rəbiyyə Qədiri ittiham etmişlər. R.Qədir, öz növbəsində, üzərinə qoyulan ittihamı rədd etmişdir. Şəhər hökuməti zərər çəkən şəxslərin ailələrinə 100 milyon yuan (14,6 milyon dollar) verməyi vəd etmişdir. Şəhərə polisin nəzarət etməsinə baxmayaraq, ara-sıra şəhərdə lokal toqquşmalar davam etməkdədir.