Hillari Klinton Moskvaya səfərini təxirə salıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın dövlət katibi Hillari Klinton prezident Barak Obamanı Moskvaya rəsmi səfəri zamanı müşayiət etməyəcəkdir. ABŞ-ın Dövlət Departamentinin mətbuat xidmətinin məlumatına görə, onun yerinə ABŞ-ın nümayəndə heyətinin tərkibinə başqa yüksək vəzifəli məmur daxil ediləcəkdir. Həmin şəxsin adı yaxın günlərdə məlum olacaqdır. H.Klintonun iyulun ortalarına planlaşdırılan Asiya ölkələrinə səfərlərində isə heç bir dəyişiklik edilməmişdir.
H.Klintonun Rusiyaya səfərinin təxirə salınmasının səbəbləri açıqlanmamışdır. Ancaq agentlik qeyd edir ki, iyunun 25-də ABŞ dövlət katibinin "Böyük səkkizliy"in İtaliyada keçirilən sammitində iştirak etməməsi qolunun sınması ilə bağlı olmuşdur. Məlum olduğu kimi, iyunun 18-də H.Klinton Ağ Evə gedərkən yolda yıxılıb sol qolunu sındırmışdır. B.Obamanın Moskvaya rəsmi səfəri iyulun 6-da başlayacaqdır.
"EFE" İspaniya informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ prezidenti Barak Obama Rusiyaya rəsmi səfər edərkən, "Novaya qazeta"ya müsahibə verəcəkdir. RİA "Novosti"nin məlumatına görə, ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Rusiya və Avrasiya regionları üzrə direktoru Maykl Makfol B.Obamanın nə səbəbə "Novaya qazeta"nı seçdiyini bu cür izah etmişdir: "B.Obama "Novaya qazeta"ya müsahibə verəcəkdir. O, bu cür addım atmaq istəyir. Rusiya prezidenti Dmitrii Medvedev də "Novaya qazeta"ya müsahibə vermişdi... Biz də qərara aldıq ki, bu, yaxşı ideyadır".
ABŞ-ın hakimiyyət dairələri dəfələrlə Rusiya rəsmilərinə müraciət edərək, "Novaya qazeta"nın şərhçisi Anna Politovskayanın qatillərini cəzalandırmağı tövsiyə etmişlər. Aprelin 15-də Rusiya prezidenti D.Medvedev "Novaya qazeta"ya müsahibə vermişdir.