PDF Oxu

Dünya

  • 14

Netaniyaqu Fələstinlə danışıqlar aparacağını vəd edib

Netaniyaqu Fələstinlə danışıqlar aparacağını vəd edib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, mayın 18-də Vaşinqtonda İsrailin baş naziri Binyamin Netaniyaqu və ABŞ prezidenti Barak Obama arasında ilk rəsmi görüş keçirilmişdir.
Hər iki ölkə lideri Fələstin Muxtariyyəti ilə İsrail arasında Yaxın Şərq konfliktinin dinc yolla nizamlanması üzrə danışıqların bərpa olunması məsələsini müzakirə etmişdir. B.Obama B. Netaniyaqunu Fələstin tərəflə danışıqlara çağırmış və qeyd etmişdir ki, Yaxın Şərq konfliktinin sülh yolu ilə nizama salınması həm İsrail, həm də Fələstin tərəflərinin maraqlarına cavab verir.
B.Netaniyaqu Fələstin rəhbərliyi ilə danışıqları təxirəsalmadan bərpa edəcəyini bildirmiş və başlıca vəzifənin müstəqil Fələstin dövlətinin yaradılması olduğunu vurğulamışdır. İsrailin baş naziri qeyd etməyi lazım bilmişdir ki, danışıqların uğuru Fələstin tərəfin İsrailin mövcudluq hüququnu tanımasından asılı olacaqdır. "Biz fələstinlilərə göstəriş vermək fikrində deyilik. İstəyirik ki,  bu reallığı özləri qəbul etsinlər" deyə İsrailin baş naziri bildirmişdir.
Xatırladırıq ki, 2007-ci ilin noyabrında Amerikanın Annapolis şəhərində  İsrail və Fələstin tərəf tezliklə danışıqlara başlamaq üçün razılaşma əldə etmişdilər. O vaxt belə qərara alınmışdı ki, 2008-ci ildə sülh razılaşmasının imzalanması haqda qərar qəbul edilsin. Ancaq mühafizəkar mövqeli B.Netaniyaqunun hakimiyyətə gəlməsi nizamlanmanın  gələcək prespektivlərini şübhə altına almışdı. Ekspertlərin narahatlığının səbəbi yeni xarici işlər naziri Aviqdor Libermanın Fələstinə münasibətdə sərt mövqe ifadə etməsi olmuşdur.

Digər xəbərlər