Barak Obama ABŞ həbsxanalarında işgəncələrlə əlaqədar çəkilmiş şəkillərin dərc edilməsini məsləhət bilmir
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ prezidenti Barak Obama İraq və Əfqanıstanda həbs edilmiş və ABŞ həbsxanalarında işgəncələr verilmiş şəxslərin fotoşəkillərinin mətbuatda dərc edilməsinə mənfi münasibət bildirmişdir. Onun fikrincə, fotoşəkillərin dərc edilməsi xarici ölkələrdə hərbi xidmətdə olan ABŞ hərbçiləri üçün təhlükə törədə bilər. Ancaq bu, o demək deyildir ki, B.Obama əsirlərlə zorakı rəftar edilməsinə müsbət yanaşır. Əksinə, o, ABŞ prezidenti Corc Buşun hakimiyyəti dövründə baş vermiş bu cür hallara qarşı dəfələrlə öz kəskin etirazını bildirmişdir. Əvvəllər bu cür fotoşəkillərin dərc edilməsi üçün Amerika Mülki Müstəqillik İttifaqı (AMMİ) məhkəmə vasitəsilə bu hüququ əldə edirdi. B.Obama isə bu fikirdədir ki, bu cür şəkillərin dərc edilməsinin mənfi təzahürləri məhkəmələrə kifayət qədər izah edilməmişdir.
AMMİ fəalları belə hesab edirlər ki, bu cür fotoşəkillərin dərc edilməsi ilə sübut etmək olar ki, əsirlərlə zorakı tərzdə rəftar edilməsi yalnız "Əbu-Qraib" İraq həbsxanasında yox, həm də ABŞ-ın bir çox həbsxanalarında geniş yayılmışdır. 2004-cü ildə İraq həbsxanasında gətirilmiş fotoşəkillər böyük qalmaqala səbəb olmuşdur. ABŞ-ın Ədliyyə Nazirliyi məhkəmədə uduzduqdan sonra fotoşəkillərin dərc edilməsinə imkan vermişdir. B.Obamanın qadağasından əvvəl belə qərar alınmışdı ki, o cür şəkillərin 44 ədədi mayın 28-dək ictimaiyyətə çatdırılsın.
ABŞ administrasiyası bu cür fotoşəkillərin dərc edilməsi əleyhinə çıxırdı. Məmurlar belə hesab edirdilər ki, bu hal həm məhbusların, həm də hərbçilərin hüquqlarının pozulması demək olardı.