İqtisadiyyat

  • 2 836

Mehmet Qasım Gülpınar: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

image

Azərbaycan, Gürcüstan və Türkiyənin birgə həyata keçirdikləri nəhəng enerji, nəqliyyat layihələri Avropa üçün mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqı üçün iqtisadi amillər çox vacibdir. Azərbaycan bu qurumun, eləcə də bütövlükdə Avropanın iqtisadi inkişafı, enerji təhlükəsizliyi üçün mühüm rol oynayır.

Bu sözləri Avropa İttifaqının Tbilisidə keçirilən konfransında iştirak edən Türkiyə parlamentinin deputatı Mehmet Qasım Gülpınar jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan nümayəndə heyətinin üzvü konfransdakı çıxışında Azərbaycanın həyata keçirdiyi layihələrin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də TANAP və TAP layihələrinin Avropaya böyük fayda gətirəcəyini söyləməsi bir həqiqətdir. Lakin bəzi qüvvələr, siyasətçilər əsassız olaraq bu layihələrə kölgə salmağa çalışırlar. Bu, yolverilməzdir.
M.Q.Gülpınar deyib: “Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji, infrastruktur və nəqliyyat layihələri təkcə bizim deyil, Avropanın gələcəyinin qarantıdır. Hər bir inkişafın əsasında iqtisadiyyat dayanır. Avropa İttifaqı da iqtisadiyyata bağlıdır. Ona görə də düşünürəm ki, bu gün Tbilisidə keçirilən konfransda Azərbaycan nümayəndə heyətinin qeyd etdiyi məsələlər çox vacibdir. Avropa bu layihələrə layiqli qiymət verməlidir”.
Xatırladaq ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa İttifaqının konfransındakı çıxışında Azərbaycanın həyata keçirdiyi layihələrin Avropa üçün böyük uğur gətirdiyini bildirib. O, həmçinin Azərbaycanın öz gücünə həm regionda, həm də Avropada nəhəng layihələr həyata keçirdiyini, maliyyələşdirdiyini diqqətə çatdırıb. Lakin bəzi ölkələrin nümayəndələri azərbaycanlı deputatın çıxışına replikalarla etiraz ediblər.

yap.org.az

Digər xəbərlər