Siyasət

  • 1 345

Azərbaycan - Rusiya münasibətlərinin inkişafında yeni mərhələ - ŞƏRH

image

Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər edib.Səfər çərçivəsində hər iki ölkənin Dövlət başçılarının Moskvada Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib.

Prezident İlham Əliyev görüşdə çıxış edərək ilk növbədə tədbirdə iştirakına görə həmkarı Vladimir Putinə təşəkkürünü bildirib vəBaykal-Amur Magistralının inşasına başlanmasının 50 illiyi münasibətilə bütün inşaatçıları, mütəxəssisləri, bütün BAM-çıları təbrik edib.

Dövlətimizin başçısı 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Putin və ulu öndər Heydər Əliyevin qoyduğunu bildirib. Cənab Prezident həmçinin qeyd edib ki, Vladimir Putinin 2001-ci ildə Azərbaycana səfər etməsi, iki ölkənin birlikdə keçdiyi böyük yolun başlanğıcı olub.

Prezident İlham Əliyev çıxışında SSRİ rəhbərliyində çalışarkən ulu öndər Heydər Əliyevin bu olduqca mühüm, nəhəng layihənin həyata keçirilməsində rolu və verdiyi mühüm töhfələrdən bəhs edib. Ölkə başçısı BAM-ın tikintisi zamanı yaranan problemlərin aradan qaldırılmasında Heydər Əliyevin olduqca mühüm səyləri olduğunu vurğulayıb .

“Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır”-deyən Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan və Rusiya təkcə böyük nəqliyyat layihələri həyata keçirmir, eyni zamanda “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir, həm iqtisadi, həm siyasi, enerji, humanitar və bir çox digər sahələrdə fəal əməkdaşlıq aparır.

Prezident İlham Əliyev “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin də müzakirə edildiyini, bu layihənin icrası istiqamətində lazımi addımların atılması üçün dövlət başçıları tərəfindən aidiyyəti hökumət nümayəndələrinə tapşırıqlar verildiyini diqqətə çatdırıb.

Beləliklə, Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü xüsusi əhəmiyyət daşıyan tədbir kimi yadda qaldı. Əminliklə demək olar ki, cənab Prezidentin bu səfəri Rusiya - Azərbaycan arasında münasibətlərin inkişafına öz müsbət töhfəsini verəcək.

Sahib Şükürov

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər