Xələf Xələfov: Xəzərin hüquqi statusu ilə bağlı konvensiya layihəsi faktiki olaraq razılaşdırılıb

Xəzər dənizinin dibinin bölünməsinə dair Azərbaycan-Qazaxıstan, Azərbaycan-Rusiya və Azərbaycan-Qazaxıstan-Rusiya sənədləri var. Konvensiyada bu sənədlərin çərçivə prinsipləri öz əksini tapıb. İran və Türkmənistanla razılaşma əldə etmək məqsədilə danışıqlar davam etdiriləcək və biz öz sazişlərimizi hazırlayacağıq.

Bu sözləri xarici işlər nazirinin müavini, Xəzərin hüquqi statusuna dair işçi qrupun Azərbaycandan olan üzvü Xələf Xələfov dekabrın 6-da keçirdiyi mətbuat konfransında bildirib.
Xələf Xələfov qeyd edib ki, Xəzərin hüquqi statusu ilə bağlı konvensiya layihəsi faktiki olaraq razılaşdırılıb. İyirmi illik danışıqların uğurla başa çatdığını demək olar. Konvensiya layihəsi Azərbaycanın milli maraqlarına tam cavab verir. Hüquqi və texniki prosedur aparıldıqdan sonra sənəd imzalanması üçün sammitdə prezidentlərə təqdim edilə bilər.
“Bir çox ölkənin məsələyə yanaşmasında zaman-zaman böyük fərqlər meydana çıxıb. Dövlət başçıları tərəfindən verilən impulslar nəticəsində 21 il müddətində belə bir nailiyyət əldə etmişik. Bu, daimi sənəd olacaq və ölkələrin Xəzər dənizində fəaliyyətini tənzimləyəcək. Bu konvensiya heç bir dövlətə üstünlük hüquqi vermir və bərabər davranış qaydalarını təmin edir”, - deyə nazir müavini vurğulayıb. O qeyd edib ki, hazırda əsas məqsəd delimitasiyadır. Bu, başa çatdıqdan sonra delimitasiya barədə danışmayacağıq. Əgər xəttin üzərinə düşən yataqlar olarsa, onların istifadəsi üçün beynəlxalq qaydalar tətbiq etmək olar - birgə istifadə və ya digər variantlar.
Xələf Xələfov deyib ki, konvensiyaya əsasən, xəzəryanı ölkələr suverenlik, suveren hüquqlar, müstəsna hüquqlar və yurisdiksiyalarını həyata keçirir. Xəzərin su səthində 15 mil məsafədə su zonası, 10 mil məsafədə isə balıqçılıq zonası müəyyən olunur. Qalan hissələr isə gəmiçilik və digər məqsədlər üçün ümumi istifadə üçün nəzərdə tutulur. Dənizin dibi isə tamamilə üzbəüz və yanakı dövlətlər üçün sektoral bölünür. Ümumi istifadə nəzərdə tutulmur. Boru kəmərlərinin çəkilməsi ilə bağlı hüquqlar təsbit olunub. Borular çəkilərkən hansı ölkənin sektorundan keçəcəksə, həmin ölkə ilə ikitərəfli əsasda razılaşdırılacaq. Dənizlərin sektorlara bölünməsi ilə bağlı beynəlxalq hüququn müvafiq anlayışları var. Burada materik və materik ərazisinin davamı olaraq adalar da nəzərə alınır. Ölkələrin sərhədindən, sərhədin uzunluğundan asılı olaraq, razılaşdırılmış metod əsasında bölgü aparılacaq.
Nazir müavini qeyd edib ki, konvensiyada Xəzər dənizində gəmiçilik məsələləri, tərəflərin bir-birinə xələl gətirməyən hərbi balansının qorunması əsas götürülür. Konvensiyada Xəzər dənizində ölkələrin bir-birinin təhlükəsizliyinə xələl gətirməmək prinsipi əksini tapıb. Bu sahədə sazişlər olacaq. Onlardan biri üzrə razılaşma aparılır. Bu, insidentlərin aradan qaldırılmasına dair birgə fəaliyyətdir. Xəzər beş ölkənin hüququ və yurisdiksiyası olan su hövzəsidir. Təhlükəsizlik və sabitlik məsələsi də məhz bu ölkələr tərəfindən həyata keçirilməlidir. Hər hansı dövlət hərbi gücünü artırırsa, balansı saxlamalıdır.

yap.org.az