Azərbaycanla Beynəlxalq Enerji Xartiyası arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Enerji Xartiyasının baş katibi Urban Rusnak ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycanla təşkilat arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Bu gün Azərbaycanın Beynəlxalq Enerji Xartiyasının Haaqa II sənədinə qoşulmasına dair sənədin təqdim edildiyini bildirən Urban Rusnak bu qanun layihəsinin enerjinin istehsalı, ötürülməsi, paylanması, satışı və istehlakında səmərəliliyi təmin etməklə “kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapmış hədəflərə çatmağa dəstək olacağını ifadə edib.
Görüşdə Azərbaycanın etibarlı tərəfdaş kimi enerji təhlükəsizliyində oynadığı rol təqdir edilib və TANAP layihəsinin tezliklə fəaliyyətə başlayacağı qeyd olunaraq, TAP layihəsi üzrə işlərin qrafik üzrə getdiyi diqqətə çatdırılıb.
Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri sırasında enerji təhlükəsizliyi və təminatı məsələsinə xüsusi diqqət yetirdiyi və milli səviyyədə mühüm nailiyyətlər əldə etdiyi diqqətə çatdırılıb.
Həmçinin görüşdə qlobal enerji bazarında vəziyyət, neft bazarının sabitləşməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirə aparılıb.
Urban Rusnak təşkilatın gündəliyində duran məsələlər, digər beynəlxalq qurumlar və təsisatlarla əməkdaşlıq məsələləri haqqında məlumat verib.

yap.org.az