Levan Davitaşvili: Gürcüstan kənd təsərrüfatı sahəsində Azərbaycanla səmərəli əməkdaşlıq edir

Gürcüstan digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də Azərbaycanla səmərəli əməkdaşlıq edir.

Bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Levan Davitaşvil jurnalistlərə müsahibəsində söyləyib.
Nazir deyib ki, bu gün Azərbaycan şirkətləri Gürcüstanda keçirilən sərgilərdə öz məhsullarını nümayiş etdirirlər. Azərbaycan məhsullarına maraq var. İnanıram ki, biz gələcəkdə daha böyük sərgilərdə iştirak edə biləcəyik.
Levan Davitaşvil qeyd edib ki, hər iki ölkənin ekspert və mütəxəssisləri bitkiçilik və heyvandarlıq sahələrində məhsuldarlığı artırmaq, eləcə də qida təhlükəsizliyinə nail olmaq üçün birgə tədbirlər görürlər. Bu il həm Gürcüstanda, həm də Azərbaycanda əkin sahələrində yüksək məhsuldarlıq var. Məhsulu vaxtında və itkisiz yığmaq üçün əlimizdən gələni edirik. Biz keçən illərdə taxıl biçini zamanı Azərbaycandan texniki yardım almışıq. Əgər lazım gələrsə. bu il də qonşu və qardaş Azərbaycandan yardım istəyəcəyik. İnanıram ki, azərbaycanlı dostlarımız yenə də qardaş köməyini əsirgəməyəcək.
Ziyanverici həşəratlara qarşı mübarizə məsələlərinə də toxunan nazir bildirib ki, son günlər taxıl sahələrinə böyük ziyan vuran çəyirtkələrə qarşı Gürcüstanda təxirəsalınmaz tədbirlər görülür: “Bildiyimə görə, Azərbaycan tərəfi də Gürcüstanla həmsərhəd bölgələrdə bu kimi ziyanvericilərə qarşı qabaqlayıcı tədbirlər görür. Lazım gəlsə, biz ziyanvericilərə qarşı birgə mübarizə ilə əlaqədar Azərbaycana müraciət edəcəyik. Bu sahədə birgə mübarizə daha böyük nəticə verə bilər”.

yap.org.az