Xəbərlər

  • 4 974

Azərbaycan-Bolqarıstan əlaqələri genişlənir

image

“Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın növbəti töhfəsidir
Yanvarın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstanın Baş naziri Boyko Borisov ilə təkbətək görüşü olub. Görüşdə ikitərəfli siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi bildirilib.
Bolqarıstanın Baş nazirinin Azərbaycana səfərinin əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunaraq, ikitərəfli münasibətlər, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın Baş naziri Boyko Borisov ilə mətbuata bəyanatlarla çıxış edərkən, qeyd edib ki, “Cənub Qaz Dəhlizi”nin inşası Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəmiz olacaq. Prezident İlham Əliyev bildirib ki, “Bu gün biz əlaqələrimizin müxtəlif aspektlərini geniş müzakirə etdik və bir daha təsdiq etdik ki, Bolqarıstan və Azərbaycan dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcək. İqtisadi sahədə biz çalışmalıyıq ki, aramızdakı ticarət dövriyyəsinin həcmini artıraq. Hal-hazırda ticarət dövriyyəsi lazımı səviyyədə deyil və müvafiq göstərişlər verildi ki, qısa müddət ərzində, ticarət dövriyyəsinin artırılması istiqamətində konkret addımlar atılsın. Hesab edirik ki, qarşılıqlı sərmayə sahəsində də yaxşı imkanlar var”.
Danışıqların əsas mövzusu energetika sahəsi ilə bağlı olub və göründüyü kimi, hər iki tərəfin maraqlarına xidmət edir. Azərbaycan və Bolqarıstan digər ölkələrlə bərabər, “Cənub Qaz Dəhlizi”nin icrasını təmin edir və bu sahədə tərəfdaşdır. Hazırda Azərbaycan nefti bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir və yaxın vaxtlarda Azərbaycan qazının da eyni funksiyanı daşıyacağı gözlənilir. Belə ki, Azərbaycanın zəngin qaz yataqları var və bu səbəbdən, “Cənub Qaz Dəhlizi”nin inşası Avropanın enerji təhlükəsizliyinə bizim növbəti töhfəmiz olacaq. Bu istiqamətdə işlər müvəffəqiyyətlə davam etdirilir, “Cənub Qaz Dəhlizi”nin icrası uğurla gedir, bu dəhliz üçün əsas resurs bazası hesab olunan “Şahdəniz-2” layihəsinin icrası da 99 faizə çatıb.
Göründüyü kimi, ölkədə nəhəng layihələr həyata keçirilməkdədir. Belə layihələrdən biri də, icrası artıq 90 faizə çatan TANAP layihəsidir ki, bu layihənin də bu il yekunlaşdırılması nəzərdə tutulur. Beləliklə, bütün işlər uğurla davam etdirilir və bir-birinin ardınca nəhəng layihələr icra olunur. Aydındır ki, “Cənub Qaz Dəhlizi” layihəsinin icrasından sonra Avropanın enerji təhlükəsizliyi məsələləri daha da möhkəm təməl üzərində qurulacaq və ən əsası odur ki, Azərbaycan bu məsələyə öz töhfəsini verməkdədir.

Təbii ki, bu layihələr Azərbaycan üçün sonuncu layihə hesab oluna bilməz və hələ qarşıda daha irimiqyaslı, qlobal layihələrə imza atılacağı gözlənilir. “Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyinə hesablanmışdır və Bolqarıstanla Azərbaycanın dost ölkə kimi bundan sonra da, uğurlu əməkdaşlığı bununla bitmir. Belə ki, Azərbaycanın Baş naziri Artur Rasi-zadə və ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstanın Baş naziri Boyko Borisov iştirakı ilə ilk birbaşa aviareysin açılışı olub və ilk dəfə olaraq, “Buta Airways” aşağıbüdcəli aviaşirkəti tərəfindən Bakı-Sofiya marşrutu ilə aviareys yerinə yetirilib. Bununla da, Azərbaycanın aşağı büdcəli aviaşirkətinin Avropa İttifaqına birbaşa uçuşlar həyata keçirəcəyi ilk şəhər Bolqarıstanın paytaxtı olub. Bakı-Sofiya istiqaməti üzrə minimal tarif, aviaşirkətin digər istiqamətlərində olduğu kimi, bir tərəfə 29 avro təşkil edəcək. Hətta baqajın, əl yükünün daşınması, hava gəmisində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də, təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində aşağı büdcəli aviaşirkət tərəfindən təklif edəcək. İlk aviareys yanvarın 16-da, 08:30-da həyata keçirilib və Sofiya şəhərinə eniş 11:55-də reallaşıb. Yanvar ayının 23-dən isə müntəzəm uçuşlara başlanılacaq və martın 24-nə kimi davam etdiriləcək. Uçuşlar hər həftənin çərşənbə axşamı həyata keçiriləcək. Bakıdan uçuş 08:30-11:55, Sofiyadan geri dönüş isə 12:55-16:05 radələrində olacaq.
Azərbaycanın imza atdığı layihələr, hətta bir sıra lahihələrdə iştirakı xüsusi geosiyasi və iqtisadi əhəmiyyətə malikdir və bu səbəbdən, bütün dünyanın diqqət mərkəzindədir. Son illər bu istiqamətdə reallaşan tədbirlər respublikamızın iqtisadi qüdrətini daha da artırmaqla, təhlükəsizliyin təmin olunmasında və müstəqilliyimizin daha da möhkəmləndirilməsində böyük rol oynamaqdadır və strateji baxımdan çox əhəmiyyətlidir.
Azərbaycanın qısa müstəqillik tarixində bir-birinin ardınca bir sıra irimiqyaslı layihələrə, beynəlxalq uğurlara imza atması, zəngin təcrübədən və iqtisadi inkişafdan xəbər verir. Belə layihələrin reallaşdırılması, həmin layihələrdən faydalanan bütün ölkələr arasındakı əməkdaşlığın daha da dərinləşməsinə və Azərbaycanın iqtisadi qüdrətinin artmasına, beləliklə də, gələcək inkişafına zəmin yaradır.
İnam HACIYEV

Digər xəbərlər