Əli Həsənov: “Azərbaycan İsraillə müsəlman dünyası arasında körpü yaradır”

İsrail bütün münasibətlərdə Azərbaycanın azsaylı strateji tərəfdaşlarından biridir. Hər iki ölkə hərbi-texniki istiqamətdə, ən yeni texnologiyalar və səhiyyə sahələrində əməkdaşlıq edir. Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov “Azİz” Assosiasiyasının saytına açıqlamasında deyib.

Ə.Həsənov qeyd edib ki, İsrail mütəxəssisləri neçə ildir ki Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən, ən yeni texnologiya və avadanlıqların tətbiq olunduğu kənd təsərrüfatı, aqrar-sənaye kompleksi, sənaye sektorlarında çalışırlar: “Bizim ölkələrimizi insanlarımız da birləşdirir. İsraildə Azərbaycandan olan böyük icma yaşayır, onlar artıq İsrail cəmiyyətinə yaxşı inteqrasiya olublar və respublikamızı ləyaqətlə təmsil edirlər. Bakıdakı yəhudi icması da həm İsrail, həm də Azərbaycanla müxtəlif, o cümlədən qohumluq əlaqələri ilə bağlıdır, Prezident İlham Əliyev tərəfindən aparılan tolerantlıq siyasəti sayəsində respublikada layiqincə təmsil olunur”.
Azərbaycan Prezidentinin köməkçisi bildirib ki, iki ölkə arasında siyasi münasibətlər də uğurla inkişaf edir: “Parlamentarilərimiz, həmçinin hökumət üzvləri arasında yaxşı münasibətlər qurulub. Həm hökumət, həm də qeyri-hökumət təşkilatları, ictimai qurumlar və KİV-lərlə yaxşı əlaqələr var. Biz bu qarşılıqlı münasibətlərin səviyyəsindən çox razıyıq”.
Ə.Həsənov vurğulayıb ki, Azərbaycan son dövrlərdə İsraillə müsəlman dünyası arasında körpü yaradılması məsələsi ilə məşğuldur: “Azərbaycanın müsəlman dünyasında nüfuzu var və bundan, həmçinin öz əlaqələrimizdən, qarşılıqlı münasibətlərimizdən istifadə edərək biz yəhudi dövləti ilə ərəb dünyası arasında əlaqə qurmağa cəhd edirik. Hesab edirik ki, burada ümumi maraqlar tapmaq olar. Bu ümumi maraqlardan çıxış edərək dostluq münasibətlərinin qurulmasına bütün tərəflərin qəbul etdiyi yanaşmanı da tapmaq olar. Hər halda biz bunu etməyə cəhd göstəririk”.