Siyasət

  • 1 271

Azərbaycanın uğurlarının kölgəsində alışıb yananlar - ŞƏRH

image

Bəli, 28 ildir ki, «müxalifət» adı ilə yol gedənlər bu gün sosial söyüş müxalifəti olmaqları ilə dövlətə, xalqa, Azərbaycanın uğurlu inkişafına qara yaxanlar elə zənn edirdilər ki, bu əxlaqsızlıqları ilə xalqın dəstəyini bəlkə «qazandılar». Ancaq onların bu «arzusu» «qaşınmayan yerdən qan çıxarmağa» bənzəyir.

Fransız psixoloq Julyer iddia edir ki, insanlarda satqınçılıq və xəyanət simptomları bir dəfə formalaşırsa, bu sistemli şəkildə davamlı olur və ətraf mühitə ikrah yaranır. Və bu gün bu məntiqlə yanaşsaq aydın olur ki, bu gün müxalifət, o cümlədən AXCP sədri Əli Kərimli kimilər illərdir ki, eyni mühitdə qalıb, zaman-zaman bir-birilərinə xəyanət ediblər.

Prezident İlham Əliyev 44 günlük qələbəmizlə bağlı xalqa müraciətində torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir: «Çünki əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi»,-deyən dövlətimizin başçısı bildiridi ki, Azərbaycan Xalq Cəbhəsi, onun rəhbərliyi ancaq bir məqsədi güdürdülər ki, öz ciblərini doldursunlar, öz yaxın adamlarını vəzifələrə təyin etsinlər və öz hakimiyyətinin ömrünü uzatsınlar: «Kəlbəcərin işğal altına düşməsi bax, bu çirkin addımların nəticəsi idi. Başqa cür ola da bilməzdi. İndi gənc nəsil xatırlamır, ancaq bilməlidirlər ki, o vaxt Azərbaycana kimlər rəhbərlik edirdi, hansı bilik sahibləri, hansı səriştə sahibləri».

Ali Baş Komandanımız, Prezident İlham Əliyev xalqa müraciətində bildirmişdir ki, əgər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə gəlməsəydi, Azərbaycan nəinki öz qalan torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi: «Bilməyənlər bilsinlər və gənc nəsil bunu bilsin, kim bizi bu bəlaya saldı? Kim bu bəlanın səbəbkarıdır? Kim bir milyon insanın ağır vəziyyətə düşməsinin səbəbkarıdır? O vaxtkı Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti. Əslində, indi paralel aparsaq, onların obrazı elə bil kollektiv Paşinyandır - savadsız, biliksiz, iradəsiz, qorxaq, fərari, idarəetmədə heç bir təcrübəsi olmayan, xarici dairələrin təsiri altında olan, onların əli ilə idarə olunan və öz ölkəsini məhv edən. Bax, kollektiv Paşinyandır onlar. Onları tanımayanlar, əgər onlar haqqında hər hansı bir təsəvvür yaratmaq istəsələr, Paşinyana baxsınlar. Onun addımlarına baxsınlar və onun simasında o vaxtkı Azərbaycan Xalq Cəbhəsinin və ölkə rəhbərliyinin simasını görəcəklər".

"Biz erməni faşizmini məhv etdik",-deyən dövlətimizin başçısı bir daha bildirdi ki, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik.

Ancaq bu gün içimizdə olan «şeytanlar» bu uğurları görüb alışıb yanırlar. Türkiyəli məşhur yazarlardan biri Səbahəddin Əlinin “İçimizdəki şeytan” romanını yəqin ki, bir çoxlarınız oxumusunuz. Həmin romanın personajları bizim hazırkı Azərbaycan siyasi mühitinin məğlubları - Tofiq Yaqublunu, habelə onun hədəfə aldığı, ünvanlarına şok ittihamlar səsləndirdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylini xatırladır. Roman qəhrəmanlarının yaşantıları insanın daxili hesablaşmalarını qabardır, içindəki şər və xeyir xüsusiyyətlərini üzə çıxarır. Və bu «şeytanlar» bilməlidirlər ki, yalan və riyakarlıq üzərində qurulan siyasət gec-tez iflasa uğramalıdır. Xüsusilə də, bu gün AXCP-də baş verən istefalar nə bu gün olub, nə də dünən. Nə qədr ki, savadsız, mənəviyyatdan uzaq, xalqa, dövlətə satqınçılıq mövqeyində olduğunu nümayiş etdirən, bir siyasi partiyanı idarə edə bilməyən, lovğalığı və təkəbbürü ilə partiya funksionelərinə hörmətsiz yanaşan Əli Kərimli kimi dəyəri olmayanın rəhbərlik etdiyi partiyadan istefa vermələri daha xeyirlidir. Ziyanın yarısından qayıtmaq da faydalıdır.

Belə bir deyim var: «xəyanətin və satqınlığın ömrü az olduğu kimi, onu həyata keçirənlərin də ifşası hər zaman mütləq xarakter daşıyır». Başqa cür də ola bilməz. Niyə? Çünki bu məxluqlar, daha doğrusu, Qərbə təzim edən bu ünsürlərin qanı da, məkanı da Avropa küçələrindəki erməni üfunəti verən zibilliklər olub. Və o zaman «Vətən üçün pis olan, mənə faydalıdır» düşüncəsi ilə Qərbə təzim edən bəsit təfəkkürlü bu anti-milli ünsürlərin ölkəmizin uğurlarına, xalq-iqtidar birliyinin möhkəmlənməsinə, bir yumruq kimi birləşməsinə xələl gətirməyə çalışıblar. Bu, xəyanət, satqınçılıq deyilmi?

Tarixin bütün dönəmində xəyanət və satqınlıq bağışlanmaz cinayət olub. Ələlxüsus da, bu xəyanət və satqınlıq xalqına, dövlətinə və Vətənə qarşı ola. Xəyanət edən heç bir şəxsə haqq qazandırılmayıb, heç kim bağışlanmayıb. Azərbaycan xalqının mentalitetində də satqınlıq və xəyanət tarixən ən ağır əməl, cəzası isə çox ağır olan bir hal kimi qəbul edilib. Qərbə təzim edən bəsit təfəkkürlü əli kərimlilər, cəmil həsənlilər, gültəkin hacıbəylilər, sevinc osmanqızılar, qəniməçt zahidlər, tofiq yaqublular, vidadi iskəndələr və bu kimi anti-milli ünsürlər Vətən nədir, hardan başlayır sualına cavab verməyə qadir də deyillər. Çünki onların kirayə verilən beyinlərinin «məhsulu» - «Vətən üçün pis olan, mənə faydalıdır». Və bu gün yüzlərlə igid oğul və qızlarımız bu Vətən uğrunda, 30 il həsrətində olduğumuz dədə-baba torpaqlar uğrunda canlarından keçib, şəhidlik dərgahına yüksəlmişlər. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Vətənin azadlığı, istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, ölümləri ilə ölümsüzlüyə qovuşur.

Ümummilli lider Heydər Əliyev deyirdi: "Sizin qəhrəmanlığınız bu gün həyata atılan, orduda xidmətə gedən və hərbi xidmətə hazırlaşan gənclər üçün örnəkdir, nümunədir. Vətən yolunda canlarını qurban vermiş, şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanlarının həyatı, onların qəhrəmanlığı bütün xalqımız üçün, o cümlədən, xüsusən gənclərimiz üçün örnəkdir, dərsdir". Ulu Öndərin layiqli davamçısı Qalib Sərkərdə, Prezident İlham Əliyev demişdir: “Siz öz şəhid olmuş övladlarınızla fəxr edə bilərsiniz. Bütün Azərbaycan xalqı şəhidlərimizlə fəxr edir. Şəhidlərimiz daim bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaqdır”. Bəli, çünki bizim şəhidlərimiz Vətən, dövlət, xalq yolunda şəhid olublar. Ancaq nti-milli ünsürlər üçün xalq, Vətən anlayışları yoxdur. Azərbaycana qarşı xaricdən müxtəlif istiqamətlərdə qarayaxma kampaniyaları aparan özlərini “demokratiya carçısı" və "ədalət tərəfdarı” kimi qələmə verənlər, əslində, xarici anti-Azərbaycan dairələrin birbaşa nəzarəti altında və maliyyəsi ilə fəaliyyət göstərərək sifarişlər yerinə yetirənlərdir. Onların əsas məqsədi daha çox qrant almaq və mənimsəmək olub. Şübhəsiz ki, bu məqsədlərə xidmət edənlər xain və düşmən dəyirmanına su tökən Məhəmməd Mirzəli, Tural Sadıqlı, Orduxan Teymurxan, Arif Məmmədov, Vidadi İskəndərli, Sevinc Osmanqızı, Qənimət Zahid və digər anti-milli ünsürlər üçün xalq, millət, Vətən anlayışı yoxdur. Xüsusilə, sosial şəbəkələrdə sakitlik bilməyən ulayan sabiq səfir Arif Məmmədov işğalçı Ermənistan ordusunun vandallığını, təxribatlarını dəsdəkləyərək «yazıq erməni xalqının adı çıxıb» deyə «müdafiəsinə qalxaraq çıxışlar etməkdədir. Soruşmaq istərdik: beynini kirayə verən Arif Məmmədov erməniləri niyə bu qədər sevir? Cavabı o verməsə də, xalq cavabını verib. Elə buna görə də ermənilər sapı özümüzdən olan uzun zaman yemlədikləri xəyanətkar və satqınlardan - Vətən anlayışını anlamayan Məhəmməd Mirzəli, Tural Sadıqlı, Orduxan Teymurxan, Arif Məmmədov, Vidadi İskəndərli, Sevinc Osmanqızı, Qənimət Zahid və digər ünsürlərdən istifadə etməklə Azərbaycan xalqını günahkar çıxarmağa çalışdılar.

Amerikalı yazıçı Paul Austerin xəyanətkar və satqınlar haqqında gözəl bir fikri var: “Sənə bir dəfə xəyanət edəni bağışlasan, səni yenə istifadə edər. Çünki xəyanət bir ruh halı deyil, xarakterin tökülüş formasıdır”. Yəni bir dəfə xəyanət edən bunu davamlı etməyə artıq öyrənir. Ona görə də xəyanətkara cinsindən asılı olmayaraq, şərəfsiz deyilir. Bu şərəfsiz Arif Məmmədov işğalçı Ermənistan ordusunu «göyə» qaldıraraq «məğlubedilməz», qəhrəman, mübariz Azərbaycan ordusunu «kloun» adlandırır. Bu qədər alçaq, şərəfsizlik, deyərdim ki, ən böyük cinayətkarlıqdır. Arif Məmmədov və digər Avropadakı qaragüruhlar hər şeylərini kirayə verənlərdir. Beyin kirayəyə veriləndə isə beynin bioloji sahibindən hec nə gözləməyə dəyməz. Sabah hətta o, rahatlıqla erməni olduğunu belə dilə gətirə bilər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bölgələrə səfəri zamanı bu mövzuya toxunaraq qeyd etmişdir: “Sosial şəbəkələr nisbətən yeni bir anlayışdır, dünyada geniş şəkildə yayılır. Mən çox istərdim ki, ilk növbədə bu şəbəkələrdən informasiya, bilik əldə edilməsi üçün istifadə olunsun. Eyni zamanda, çox istərdim və xüsusilə mənim gənclərə müraciətim ondan ibarətdir ki, ölkəmiz haqqında dolğun məlumatı bax bu sosial şəbəkələr vasitəsilə dünyaya çatdırsınlar. Çünki bəzi hallarda Azərbaycan haqqında qəsdən formalaşdırılan rəy reallıqla tamamilə ziddiyyət təşkil edir”.

Və bu gün bu antimilli ünsürlə bir daha anlamalıdır ki, xalq Prezident cənab İlham Əliyevə inanır. Dövlət başçısının cəmiyyətimizdə, Azərbaycanın isə dünyada imici, artan şöhrəti hələ sizləri çox rahatsız edəcək. Çünki bu nüfuz və güc, xalqın etimad və dəstəyi kimi heç nə ilə müqayisə edilməyən kapitala, uğurlarımıza konvertasiya olunur. İngiltərənin məşhur humanist yazıçısı Uilyam Hezlit insanların şəxsiyyətlərə, liderinə inamını izah etmək üçün yazırdı: “Mən baş verən prosesləri tam mənada dərk etmək iqtidarında deyiləm, lakin mən öz liderimə inanıram. İnamımız nə qədərdirsə, gücümüz də də o qədərdir”. Çünki bu gün Azərbaycana nəyisə diktə edə bilən qüvvə yoxdur. Və bu gün Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində Xankəndidəki separatçı və terrorçu xunta birdəfəlik ləğv edildi. İndi Xankəndidə, Xocalıda, Ağdərədə, Əsgəranda, Xocavənddə Azərbaycan Bayrağı ucalır. Ordumuz ölkəmizin ərazi bütövlüyünü qətiyyətlə qoruyur. Eyni zamanda Qazaxın 4 kəndinin qaytarılması prosesinə başlanılıb. Qısa zamanda bu hadisə də ölkəmizin hərbi-siyasi uğuru kimi tarixə düşəcək. Çünki Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev nəyi nə vaxt, necə etməyi özü bilir. Və bu ilin noyabrında mötəbər tədbirə - COP29-a ev sahibliyi etməsi Azərbaycana etibarın və etimadın təsdiqidir. 2024-cü ildə Bakı dünyanı narahat edən ekoloji və iqlim məsələlərinin həll olunduğu qlobal mərkəzə çevriləcək. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq.

Bir sözlə görünən odur ki, Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti Prezident İlham Əliyev tərəfindən layiqli formada davam etdirilir, qətiyyətlə Azərbaycan modelini dünyada gündəmə gətirir. Uğurlu siyasət ölkəmizin beynəlxalq arenada nüfuzunun gündən-günə artmasına səbəb olur.

Və tarixinin ən qüdrətli Azərbaycanına qarşı aparılan məkrli oyunların, qarayaxma kampaniyalarının səbəbi də məhz budur. Azərbaycanı sevməyən, uğurlarını həzm edə bilməyən qüvvələr daim bu çirkinliklərə əl atıblar. Lakin onların heç bir effekti olmayıb. Çünki bu gün Prezident İlham Əliyevin yaratdığı qüdrətli Azərbaycan istənilən "hücumun" qarşısını almağa qadirdir və ölkəmizlə hədə-qorxu, təhdid dili ilə danışmaq qeyri-mümkündür. Elə Prezident İlham Əliyevin dediyi kimi, "Bu gün dünyada elə bir qüvvə yoxdur ki, hanısa qərarı bizə aşılasın, yaxud da bizə nəyisə diktə edə bilsin. Belə qüvvə yoxdur və nə qədər ki mən Prezidentəm, belə qüvvə olmayacaqdır!".

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyin sədri

Digər xəbərlər