Siyasət

  • 2 908

"Son zəng" çalındı

image

Bu il respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini -110 638 nəfər, XI siniflərini isə 84 088 nəfər şagird bitirir


Bu gün Azərbaycanda bütün ümumtəhsil müəssisələrində onbirillik məktəb həyatının "Son zəng"i çalındı. 2016/2017-ci dərs ilinə yekun vuruldu. On bir il parta arxasında oturub müəllimlərini həvəslə dinləyən, elmi biliklərə yiyələnən məktəblilər məzun adını qazandılar. Yaddaşlarda qalacaq bu günün zəngi uşaqlıq və yeniyetməlik dövrünün xatirəsi tək əbədiləşəcəkdir. Artıq bu gündən gənclər müstəqil Azərbaycanın müstəqil vətəndaşları kimi həyata qədəm qoyacaqlar. 2016-2017-ci tədris ilinin sonuna olan proqnoz üzrə respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini -110 638 nəfər, XI siniflərini -84 088 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagird bitirir. 2017-2018-ci tədris ilində isə 164 945 nəfər I sinifə qədəm qoyacaq.
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, rəqabətəqabil, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. Təkcə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil almaları üçün, ümumilikdə, 3558 nəfər təhsil almaq hüququ qazanıb. Böyük Britaniya, Türkiyə, Almaniya, Kanada və Niderland Krallığı tələbələrin təhsil almaları üçün seçdikləri ilk 5 ölkə olub. Təhsillərini yüksək akademik göstəricilərlə tamamlamış məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir. Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində sonuncu təhsilalanın 2021-ci ildə məzun olması gözlənilir.
Qətiyyətlə deyə bilərik ki, Azərbaycanın gələcəyi üçün layiqli, ləyaqətli və vətənpərvər gənclər yetişir. 2016-2017-cı tədris ilində müxtəlif layihələr reallaşıb. Respublika fənn olimpiadaları keçirilib və iştirak edən şagirdlərin sayı xeyli artıb. Qaliblər arasında paytaxtla müqayisədə bölgə məktəbliləri üstünlük təşkil edib, 260 şagird olimpiadanın qalibi adına layiq görülüb. Qazaxıstanın Almatı şəhərində məktəblilərin Jautıkov adına XII Beynəlxalq Fizika, Riyaziyyat və İnformatika Fənn Olimpiadası keçirilib. Məktəblilər fizika fənni üzrə 2 gümüş, 1 bürünc, riyaziyyat fənni üzrə 2 bürünc və informatika fənni üzrə 2 bürünc medal olmaqla, 7 medal əldə ediblər. "Sağlam təhsil-sağlam millət" layihəsi çərçivəsində 52 "Sağlam təhsil" sinfi yaradılıb. Hazırda Bakıda 33, Sumqayıtda 1 ümumtəhsil məktəbi olmaqla, ümumilikdə, 34 təhsil ocağında 67 "Sağlam təhsil" sinfi fəaliyyət göstərir ki, bu da təhsilimizdə yenilik və uğurlar sırasındadır.
Azərbaycan təhsilinin inkişafında Heydər Əliyev Fondunun müstəsna xidmətləri də xüsusi vurğulanmalıdır. Heydər Əliyev Fondu tərəfindən məktəblər əsaslı şəkildə təmir olunur, məktəblilərin təhsil almaları üçün lazımi şərait yaradılır.
Belə bir mühitdə təhsil alan bugünkü məzunlar Azərbaycanın demokratik bir dövlət kimi daha da inkişaf etdirilməsi üçün çalışmalı, bütün qüvvələrini ölkəmizin uğurlarına yeni uğurlar əlavə etməyə sərf etməlidirlər. Bu günün məzununu həyata hazırlayan güclü dövlətimiz, sağlam düşüncəli ziyalılarımız olduğundan mətin, iradəli və intellektual səviyyəli gənclərimiz dünən müstəqil həyata vəsiqə aldılar. Sabitliyin və əmin-amanlığın hökm sürdüyü Azərbaycanda məktəblərdə çalınan "Son zəng" - həyata çağırış zəngi məzunların işıqlı sabahına yeni yollar açdı. Yolunuz uğurlu olsun, MƏZUNLAR!

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər