Aşqabadda Xəzəryanı Dövlətlər arasında Ticari-İqtisadi Əməkdaşlıq haqqında Sazişin layihəsi müzakirə edilir

Türkmənistan Xarici İşlər Nazirliyində Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrinin üçüncü iclası keçirilir.İki gün davam edəcək müşavirədə Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan nümayəndələri uzunmüddətli qarşılıqlı fəaliyyət üçün hüquqi baza yaradacaq, Xəzəryanı Dövlətlər arasında Ticari-İqtisadi Əməkdaşlıq haqqında Sazişin layihəsinin texniki aspektlərini razılaşdıracaqlar.Bu məsələyə dair əvvəlki görüş 2017-ci ilin aprelində Türkmənistanın paytaxtında keçirilib.Budəfəki görüşün iştirakçıları qeyd ediblər ki, dünya iqtisadiyyatının qloballaşması kontekstində Xəzər regionu Avrasiya məkanında ən mühüm geosiyasi, ticari-iqtisadi, enerji və nəqliyyat-kommunikasiya mərkəzlərindən biri kimi, getdikcə daha artıq dərəcədə aparıcı rol oynayır. Buna görə dəqiq hüquqi normalara və Xəzəryanı ölkələrin mənafelərinin qarşılıqlı nəzərə alınmasına əsaslanan razılaşdırılmış beynəlxalq əməkdaşlığın tənzimlənməsi məsələsi daha da aktuallaşır.Hövzə dövlətlərinin çox böyük təbii resurs, enerji, sənaye, nəqliyyat-tranzit potensialları nəzərə alınmaqla iqtisadi tərəfdaşlığı gücləndirmək və onu keyfiyyətcə yeni səviyyəyə çatdırmaq imkanı var.Yuxarıda sadalanan fəaliyyət sahələrini tənzimləmək məqsədilə budəfəki iclasda nəzərdən keçirilən sənəd tərəflərin sənaye, kənd təsərrüfatı, ticarət, turizm və başqa sahələrdə qarşılıqlı fəaliyyətini sadələşdirməli və intensivləşdirməli, bununla da Xəzəryanı qonşu ölkələr arasında dostluğun davamlı inkişafına və möhkəmlənməsinə kömək etməlidir.

sia.az