Türkiyənin “Ülke TV” kanalı dövlətimizin başçısının yenidən Prezident seçilməsinin bir illiyi ilə bağlı reportaj yayımlayıb

Türkiyənin nüfuzlu “Ülke TV” kanalında dövlətimizin başçısı İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsinin bir illiyi ilə bağlı reportaj yayımlanıb.

Reportajda 2018-ci il aprelin 11-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində İlham Əliyevin seçicilərin 86 faizinin səsini qazanaraq yenidən dövlətimizin başçısı seçilməsi türkdilli tamaşaçıların diqqətinə çatdırılıb.
Reportajın əvvəlində bir il əvvəl Azərbaycanda yaşanan seçki həyəcanından barədə bəhs olunub. Sonra “Ötən bir il ərzində nələr oldu. Prezident İlham Əliyev hansı yolu qət etdi” sualı ətrafında telereportyorun hazırladığı efir materialı təqdim edilib.
Reportajda diqqətə çatdırılıb ki, 2003-cü ildə Azərbaycan xalqının dəstəyini qazanan Prezident İlham Əliyev ölkə iqtisadiyyatının 3 dəfədən çox artmasına nail olub. Ötən dövrdə Azərbaycanda 12 min 300 kilometr avtomobil yolu çəkilib, ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə yatırılıb, valyuta ehtiyatlarımız 23 dəfə artaraq 45 milyard dollara çatıb, 2 milyon yeni iş yeri yaradılıb.
Qeyd olunub ki, ölkədə bütün sahələr üzrə uğurlu islahatlara başlanılıb. Bunun nəticəsidir ki, Dünya Bankının son hesabatında Azərbaycan 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşıb.
Prezident İlham Əliyevin xalqın arasında olması xüsusilə təqdirəlayiq hal kimi dəyərləndirilib. Qeyd olunub ki, ölkəni rayon-rayon gəzən Prezident vətəndaşlarla görüşür, insanları dinləyir, onlarla səmimi söhbətləşir. Şəhid ailələri ilə birbaşa təmasda olan Prezident İlham Əliyev onların hər biri ilə ünsiyyətdə olur, onları dəstəkləyir və problemlərini həll edir.
Sonra dövlətimizin başçısının son bir ildəki fəaliyyətinə nəzər salınıb. Vurğulanıb ki, bu müddət ərzində ölkədə 118 min yeni iş yeri açılıb, işsizliyin aradan qaldırılması üçün əsaslı zəmin yaradılıb. İki peykə sahib Azərbaycan ötən il üçüncü peykini də orbitə çıxarmağa nail olub.
Reportajda Azərbaycanın ordu quruculuğu sahəsində qazandığı uğurlardan da bəhs edilərək bildirilib ki, təkcə bir həmlə ilə Naxçıvanın Günnüt kəndi Ermənistanın işğalından azad olunub və 11 min hektar ərazi düşməndən təmizlənib.
Reportajda, həmçinin Azərbaycanın ayrı-ayrı bölgələrini, paytaxt Bakının müasir görkəmini əks etdirən görüntülər yer alıb.

yap.org.az