Musa Quliyev: Atılan addımlar Azərbaycan dövlətinin sosial mahiyyətindən irəli gələn bir siyasətdir

“Dövlət başçısının sosial sahədə imzaladığı fərmanlar əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımdır”. Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, bir müddət bundan öncə Azərbaycanda yeni pensiya və sosial müavinət formalarının təyin olunması ilə əlaqədar qaydaların hazırlanması istiqamətində Prezident İlham Əliyev tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xüsusi tapşırıq verilmişdi. Aprelin 15-də müharibə veteranlarının təqaüdünün artırılması, əlillərə qulluq edən şəxslərə Prezident təqaüdünün ayrılması və digər bu istiqamətdə imzalanan fərmanlar verilən tapşırıqların həyata keçirilməsi məqsədi daşıyır.
“Cənab Prezident bu ilin əvvəlində bəyan etmişdi ki, 2019-cu il sosial müdafiə baxımından xüsusi il olacaq. Bundan sonra da əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar atılacaq. Pensiyalar, müavinətlər, təqaüdlər daha da artacaq, yeni iş yerləri yaradılacaq və digər sosial layihələr həyata keçiriləcək. Cənab Prezidentin də söylədiyi kimi, Azərbaycan dövlətinin siyasətinin mərkəzində xalqımız, onların sosial rifah halının daha yaxşılaşması dayanır. Azərbaycanın iqtisadi gücün artdıqca, əhalinin sosial müdafiəsinin artırılması tədbirləri ardıcıl olaraq həyata keçiriləcək, bu Azərbaycan dövlətinin sosial mahiyyətindən irəli gələn bir siyasətdir”-deyə, M.Quliyev vurğulayıb.

yap.org.az