Siyasət

  • 1 053

Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb - ŞƏRH

image

Cənab Prezident İham Əliyevin cari ilin 22 aprel tarixində Moskvaya səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni səhifə açacaq. Müxtəlif tarixi məqamlar Rusiya ilə Azərbaycanı, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir. Belə ki, artıq 2 ildən çoxdur ki, 2022-ci ilin fevralında Kremldə imzalanmış əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik. Regional təhlükəsizlik məsələləri həmişə actual olub və Rusiya Qafqazda, o cümlədən daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq və dostluq əlaqələrinin möhkəmlənməsi regionda mövcud sabitliyin, sülhün davamlı olmasına xidmət edir. Hər iki ölkə arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq.

Ümummilli lider Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. Ölkələrimiz arasındakı 2000-ci illərin əvvəllərində dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar. Ümummilli lider sovet dövlətinin həyata keçirə biləcəyi tikintinin miqyasından deyil, ilk öncə, ən çətin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrdə, yolsuzluq şəraitində həyatlarını riskə atan Baykal-Amur Magistralçıların fədakarlığından təsirlənmişdi. 2023-cü il Azərbaycanda və Rusiyada ulu öndər Heydər Əliyevin 100 illik yubileyi xüsusi ehtiramla qeyd edildi. Xalqımız bunu çox yüksək qiymətləndirir.Dövlətlər arasında münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Rusiya və Azərbaycan təkcə böyük nəqliyyat layihələri həyata keçirmir. Ölkələr "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir. Azərbaycan ərazisində Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə birləşdirən dəmir yolu mövcuddur.

Azərbaycan-Rusiya əlaqələri ölkə başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Qarşılıqlı əlaqələrdə siyasi münasibətlər mühüm yer tutur. Zamanında Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb və müstəqillik illərində əlaqələr daha da inkişaf edib. Bu iki müstəqil ölkə arasında diplomatik əlaqələr 1992-ci il 4 aprel tarixində qurulub. Rusiyanın Azərbaycanda səfirliyi isə 1992-ci il 25 sentyabr tarixində fəaliyyətə başlayıb. Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb.1997-ci il 3 iyul tarixində ikitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında imzalanan "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə"dir. Ümummilli lider Heydər Əliyevin 2002-ci ilin yanvarında Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoyub. Səfər zamanı imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə" Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd olub. Həmin sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirib. Dövlətimizin başçısı İlham Əliyev də Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır. 2004-cü ilin əvvəllərində Azərbaycan Prezidentinin Rusiyaya ilk rəsmi səfəri bu baxımdan əlamətdar olub. Ölkə rəhbərimizin Rusiyaya ardıcıl rəsmi səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmi təsdiqləyir. 2020-ci il 10 noyabr tarixində Rusiya Azərbaycanın şanlı Qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsini başa çatdıran müqaviləsinin imzalanmasında xüsusi rol oynayıb.

2022-ci il 22 fevral tarixində Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni-müttəfiqlik səviyyəsinə qaldırıb. Eyni zamanda siyasi münasibətlərin də ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə müsbət təsirini göstərir. Azərbaycan ilə Rusiya arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, 260 sənədi əhatə edən geniş hüquqi baza, mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır. Ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, dövlət sərhədindən yük daşımalarının həcminin, həmçinin buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması və digər istiqamətlərdə görülən tədbirlər nəticəsində ölkələr arasında ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilib. Əsasən də 2017-ci il ilə müqayisədə ticarət dövriyyəsi 2 dəfədən çox artaraq, ötən il 4,5 milyard ABŞ dollarına çatıb. O cümlədən, 2023-cü ildə Azərbaycan ilə Rusiya arasında ümumi yük daşımalarının həcmi 2017-ci il ilə müqayisədə 87 faiz, habelə tranzit yüklərin həcmi 4 dəfəyə yaxın artıb. Bundan başqa Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci il ilə müqayisədə 44 faizdən çox olub.

Bu dövlətlər arasında iqtisadi münasibətlərinin inkişafında regionlararası forumlar da mühüm yer tutur. Rusiya ilə Azərbaycanarasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə 2024-cü ilin yanvarında "Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi" imzalanıb.Humanitar əlaqələr də Azərbaycan-Rusiya əməkdaşlığında mühüm yer tutur. Bu gün Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir,16 min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır. O cümlədən 324 orta məktəbdə təhsil rus dilində aparılır.

Məhz bütün bunlar zamanla xalqlarımızı birləşdirən bütün yaxşı cəhətlərin qorunmasında, dövlətlərarası münasibətlərin bünövrəsini təşkil edən dostluq əlaqələrinin güclənməsində və inkişafında mühüm əsaslardan birini təşkil edir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər