PDF Oxu

Araşdırma

  • 2 238

Şamaxıdan Balakənə qədər beynəlxalq turizm zonası yaradılır

image

Prezident İlham Əliyev: "Ölkəmizin təbii imkanları, şəhərlərimizin gözəlliyi, Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik, əlbəttə ki, turistləri daha da çox cəlb edir"

Turizm dünya iqtisadiyyatının ən dinamik inkişaf edən payına görə üçüncü sektoru olaraq qlobalizasiya dövründə bir fenomenə çevrilib. Xüsusilə də, qlobal maliyə böhranının hökm sürdüyü dünyada bu sahəyə xüsusi diqqət göstərilməkdədir. Böhranın təsirlərinə o qədər də məruz qalmayan Azərbaycanda da bu sektorun inkişafı üçün xüsusi addımlar atılır.

"Turizm hər bir ölkə üçün çox mühüm əhəmiyyət daşıyan bir sahədir. Şadam ki, Azərbaycanda atılan addımlar, ölkəmizin dünyaya təqdimatı turizmin inkişafına da xidmət göstərir". Bu sözləri Prezident İlham Əliyev Qəbələ rayonuna səfərində bildirib. Dövlətimizin başçısı qeyd edib ki, bu gün biz Azərbaycanda çox böyük turist axınını müşahidə edirik. Ölkəmizin təbii imkanları, şəhərlərimizin gözəlliyi, Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik, əlbəttə ki, turistləri daha da çox cəlb edir.

"Son vaxtlar Azərbaycana gələn turistlərin sayı böyük dərəcədə artıb. Xüsusilə, bu zonaya, şimal-qərb zonasına turistlərin axını müşahidə olunur... Mən demişəm, bir daha demək istəyirəm ki, Şamaxıdan Balakənə qədər bütün bu bölgə beynəlxalq turizm zonasına çevrilməlidir və bu istiqamətdə işlər gedir" - deyə bildirən Prezident İlham Əliyevin göstərişilə, ilk növbədə yol-nəqliyyat infrastrukturu dünya standartları səviyyəsində qurulur. Bütün kommunal layihələr həyata keçirilir və ölkəmizə tətilə gələn bütün turistlər üçün ən müasir xidmətlər təqdim edilir.

Turist axını ildən-ilə artır. Odur ki, paytaxtda və digər turist zonalarında çoxlu miqdarda yüksək xidmət səviyyəsinə malik mehmanxanalar tikilib. Hal-hazırda onların sayı artıq 500 ötüb. Şəhərin ən məşhur brend şəbəkəli mehmanxanalarından Four Seasons Hotel Baku, Hyatt Regency, Absheron Baku Hotel, Jumeirah Bilgah Beach Hotel, Grand Hotel Europe, Hilton Baku, Kempinski Hotel Badamdar və s. göstərmək olar.

Azərbaycanın regionlarında da mehmanxanalar, istirahət zonaları, əyləncə və idman mərkəzləri fəaliyyət göstərir. Məsələn, Qafqaz Mehmanxanalar Şəbəkəsini, Qəbələ şəhərindəki Gabaland Attraksionlar Parkını, Qusar rayonundakı möhtəşəm "Şahdağ" Qış-Yay Turizm Kompleksini, həm idmanla məşğul olmaq, həm də turistləri qəbul etmək üçün müvafiq infrastruktura malik 15-dən çox Olimpiya İdman Kompleksini və digərlərini göstərmək olar.

Azərbaycanın bölgələrində geniş təbiət resurları, meşələrin çoxluğu, dağ landşaftının geniş yayılması ekoturizmin inkişaf etdirilməsi üçün də imkanlara yaradır. Eyni zamanda, respublikamızda bir sıra idman növlərinin inkişafı da göz qabağındadır. İdmanın inkişafı, onun turizmlə vəhdət təşkil edərək yeni bir turizm növünün - idman turizminin yaranması və inkişafına əhəmiyyətli təsir göstərir. Azərbaycanda turizm növlərinin çoxluğu, həmin növlərin geniş inkişaf perspektivləri Azərbaycan turizm bazarının rəqabət imkanlarını daha da artırır.

Əlbəttə ki, turizm obyektlərinin yaradılması birbaşa qeyri-neft iqtisadiyyatının inkişafına dərin zəmin yaradan faktordur. Dövlət başçısının vurğuladığı kimi, turizm gələcək inkişafın əsas istiqamətlərindən biridir. Bu kontekstdən irəli gələrək, son illər turizm infrastrukturunun müasirləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi də bu sahənin dinamik inkişafını təmin edib.

Bir sözlə, kifayət qədər turizm potensialı olan Azərbaycan bu sahədə dünyanın aparıcı ölkələri ilə rəqabətə girməyə və öz imkanlarını nümayiş etdirməyə qadirdir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər