“Azərbaycan beynəlxalq və iktərəfli əməkdaşlıq coğrafiyasını daim genişləndirən ölkələrdəndir. Atan nüfuzu çərçivəsindən ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biri də Balkan ölkələri ilə əlaqələrini genişləndirməkdir. Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycana rəsmi səfəri və qarşılıqlı əməkdaşlıq perspektivləri ilə bağlı azərbaycanlı həmkarı İlham Əliyevlə apardığı müzakirələri də bu səpkidə dəyərləndirilə bilər. Ölkəmizin günü-gündən inkişaf etməsi, onun nüfuzunun artması bir çox dövlətlərin Azərbaycana olan marağını artırıb, onunla səmimi dostluq və əməkdaşlıq əlaqələrinin yaradılmasına çalışan ölkələrin sayı artmaqdadır”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, Azərbaycan Balkan dövlətləri ilə münasibərlərin genişlənməsində maraqlıdır: “Məsələ ondadır ki, Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrin qurulmasında mühüm rol oynayır. Azərbaycan Balkanlarda yerləşən Şimali Makedoniya üçün də cəlbedici ölkədir. Oxşar tariximiz və inkişaf prosesləri, eyni zamanda, Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb. Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsi artıb, birgə iqtisadi layihələrə imza atılıb və investisiyaların təşviqi ilə bağlı razılaşmalar əldə edilib. Hazırda Azərbaycanda Şimali Makedoniya sərmayələri ilə fəaliyyət göstərən kommersiya qurumları mövcuddur. Bu, iqtisadi əməkdaşlığın təkcə kağız üzərində deyil, real biznes əlaqələri səviyyəsində də inkişaf etdiyini göstərir. İki ölkə arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş 2013-cü ildə imzalanıb. Bu gün isə yeni layihələrin həyata keçirilməsi gündəmdədir. İki ölkə iqtisadi sahədə əməkdaşlıq üçün potensiala malikdir. Azərbaycanın enerji resursları və nəqliyyat-logistika imkanları Makedoniya üçün əhəmiyyətli perspektivlər açır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və gələcəkdə bu sahədə əməkdaşlığın genişlənməsi mümkündür”.