Hər bir milləti dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət, ənənələri və bu müstəvidə yüksək mənəvi dəyərlərə malik olmalarıdır. Bu baxımdan qloballaşan dünyada milli adət və ənənələr onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir.
Dünyanın ən qədim xalqlarından olan Azərbaycan da özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verərək özünəbənzər adət və ənənələri, yüksək mənəviyyatı ilə diqqəti cəlb edib. Min illər boyu formalaşan və Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən təkraredilməz adət və ənənələr millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynamaqdadır. Təsadüfi deyil ki, adət və ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolunu yüksək qiymətləndirən Azərbaycan xalqının böyük oğlu Ulu Öndər Heydər Əliyev: “Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir”, - deyib.
Təbii ki, bütün dövrlərdə mütərəqqi adət və ənənələrin yaradıcısı, eyni zamanda onu qoruyub zənginləşdirən və gələcək nəsillərə çatdıran xalqdır. Bayram adət-ənənələri, toy, yas mərasimləri, İslam dininin bəşəri hissləri təbliğ edən dəyərləri xalqımızın milli-mənəvi simasının aynası hesab edilir. Bu müstəvidə də zəngin adət-ənənələrimizi özündə cəmləşdirən milli mənəvi dəyərlər sistemində Novruz bayramı özünəməxsus yer tutur. Novruz süfrəsi adət və ənənələrimizin zənginliyini göstərir. Belə ki, çərşənbələrdə, istərsə də Novruz axşamında süfrədə milli xörəklərimiz, ən başlıcası isə plov olmalıdır. Şəkərbura, paxlava, şəkər çörəyi və digər şirniyyatlar, kişmiş, püstə, badam, boyanmış yumurtalar süfrələrimizi bəzəyir. Çərşənbələrdə olduğu kimi, Novruz axşamında da tonqal qalanır, evlərdə ailə üzvlərinin hər birinin adına şam yandırılır. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir.
Xalqımızın ən zəngin milli mədəni irsi olan adət, ənənələrinin və bu əsasda formalaşdırılan milli mənəvi dəyərlərin qorunub saxlanılmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Vaxtilə Heydər Əliyev cəsarətlə Azərbaycan xalqının öz kökündən, adət və ənənələrindən uzaqlaşdırılması yönündə Moskva tərəfindən atılan sərt addımların əleyhinə çıxırdı. Bu baxımdan ulu öndərin adət və ənənələrimizə bütün varlığı ilə bağlı olmasını onun xalqımızın ən qədim bayramı olan Novruza olan dərin sevgisi sübut edir. Belə ki, SSRİ rəhbərliyi tərəfindən rəsmi şəkildə qadağan edilməsinə baxmayaraq, 1967-ci ildə Azərbaycan xalqı Novruz bayramını təntənəli şəkildə qeyd etdi. Novruz bayramının yüksək səviyyədə keçirilməsi isə həmin dövrdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edən Heydər Əliyevin şəxsi xeyir-duası ilə baş tutmuşdu. Halbuki Heydər Əliyev Moskvanın məsələyə xoşagəlməz reaksiya verəcəyini yaxşı bilirdi. Buna baxmayaraq, Heydər Əliyev cəsarətlə Novruz bayramının yüksək səviyyədə keçirilməsinə razılıq vermişdi. Üstündən illər ötəndən sonra Heydər Əliyev ona ünvanlanan: “Ən çox sevdiyiniz bayram?” - sualına məhz: “Novruz”, - deyə cavab vermişdi.
Azərbaycanda adət və ənənələrin qorunub saxlanılması və bu müstəvidə daha güclü və dövlət quruculuğu istiqamətində həyata keçirilən tədbirlər günümüzdə də davam etdirilir. Bunu Prezident İlham Əliyevin iştirakı ilə hər il Novruz və digər milli bayramlarımızın yüksək səviyyədə keçirilməsi də sübut edir. Təsadüfi deyil ki, İlham Əliyev Azərbaycanın öz milli-mənəvi dəyərlərinə, adət və ənənələrinə sadiq olmasına diqqəti cəlb edərək: “Azərbaycan xalqı daim öz milli köklərinə, adət və ənənələrinə bağlı olmuşdur və bizim gələcək uğurlarımız da məhz bu amillərlə bağlıdır. Biz tarixi irsimizin, zəngin mədəni irsimizin əsasında müasir, güclü Azərbaycan qururuq”, - deyib.
Beləliklə, milli adət və ənənələrimiz və onların əsasında formalaşdırılan milli mənəvi dəyərlər sistemi ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayaraq güclü və qüdrətli dövlət quruculuğu prosesinə öz töhfəsini verməkdə davam edir.
Adət və ənənələrimizin məzmunu bütün dövrlərdə insan amili ilə zənginləşmiş, elə buna görə də onlar milli-əxlaqi dəyərlərin daşıyıcıları kimi həmişə tərbiyə mənbəyi, elmi-tədqiqat obyekti olaraq diqqəti cəlb etmişdir. Çünki “insan amilinin daima diqqət mərkəzində olması və təkmilləşdirilməsi, mənəvi tərbiyənin aşılanması əsaslı dərəcədə mədəniyyət müəssisələrində asudə vaxtın səmərəli və məzmunlu təşkil edilməsindən daha çox asılıdır”. Asudə vaxtın məzmununu isə tarixi təcrübə və bədii dəyərlərlə zəngin olan adət və ənənələrimizlə dolğunlaşdırmaq mümkündür. Elə təkcə Novruz bayramının ölkəmizin hər yerində təntənəli şəkildə qeyd olunması milli-ənənəvi xüsusiyyətləri qoruyub saxlamağın bariz nümunəsidir. Belə ki, Novruz bayramı Azərbaycan xalqının ən qədim milli-mənəvi və əxlaqi dəyərlərini özündə əks etdirir. Bu bayram Azərbaycan xalqının məişətində, el ədəbiyyatında, incəsənətində, etnoqrafiyasında xüsusi yer tutur. Novruzla bağlı sayagəlməz ədəbi nümunələr var. Bu, xalqın Novruz bayramına olan ruhi, əxlaqi, iqtisadi, siyasi bağlılığın nəticəsidir.
Ulu Öndər Heydər Əliyev demişdir: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır.” Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Azərbaycan xalqı ölkə rəhbərinin davam etdirdiyi uğurlu siyasətinə həmrəylik, birlik, inam, etibar, yüksək vətənpərvərlik, əzmkarlıq nümayiş etdirərək bir nəfər kimi dövlət başçısının yanında olduğunu göstərdi. Bu birliyin nəticəsində yenilməz Azərbaycan ordusu 44 gün ərzində işğal olunmuş torpaqları azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Xalqımızın qədim ənənələrini özündə yaşadan Novruz bayramı 30 ilə yaxın həsrətdən sonra Qarabağ bölgəsində böyük sevinc hissi ilə qeyd olunur, müxtəlif el şənlikləri keçirilir.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini