Analitika

  • 3 293

Putin-Paşinyan görüşündən doğan Ermənistan “baharı” ANALİTİK+AKTUAL

image

Armenianreport: “Nə qədər acı olsa da, pisin-pisindənsə pisin ən yaxşısını görməyi qəbul etməkdən başqa çarə də yoxdur”

“Biz Nikolu və komandasını nə qədər tənqid etsək də, bütün hallarda cürət tapıb etifaf etməliyik ki, o pislərin ən yaxşısıdır”. SİA xəbər verir ki, bu fikirlər armenianreport saytının analitik yazarı, siyasi ekspert Tevos Arşakyanın “Erməni müxalifətinin mitinq baharı: hamı hamıya qarşı” sərlöhvəli məqaləsində qeyd olunub.Lakin məsələ ondadır ki, sözügedən məqalədə irəli sürülən fikirlərə diqqət yetirərkən, bir çox hallarda bütövlükdə Ermənistanda cərəyan edən mövcud və müəyyən məqamların, yanaşma tərzlərinin həqiqət olduğunu da qeyd etmək olar – təbii ki, digər bir sıra “artsax” xarakterli qəbulolunmaz məsələləri istisna etməklə, yerdə qalan fikirlərdə isə reallıqları görməmək olmur. Həmin fikirlərdən bir neçəsini önə çəkməklə yanaşı, öz şərhimizi də verək və nəticə hasil edək.
“Koçaryanla və Sarqsyanın tərəfdarları, daşnaklar, Sarukyanın sağ mərkəzçiləri, rusiyapərəst və qərbpərəst qüvvələr...”
Beləliklə, son günlər İrəvanda bir neçə müxalifət partiyaları ölkədə yeni – “İrəvan baharı” xarakterində kütləvi aksiyalar keçirməklə mövcud hakimiyyətin istefasını tələb edirlər və bunun səbəbi kimi Nikol Paşinyanın “artsaxın maraqlarını təslim etməkdə” görürlər.SİTAT: “Mitinqlər keçirirlər, etiraz aksiyaları, müqavimət hərəkatları yaradırlar, bu gün praktiki olaraq hər kəs müxalif sahədədir - Paşinyana nifrət məqsədində vahid hərəkatda olan və bir-birləri ilə elə də yola getməyən Koçaryanla və Sarqsyanın tərəfdarları, daşnaklar, Sarukyanın sağ mərkəzçiləri, rusiyapərəst və qərbpərəst qüvvələr. Və hər kəs mövcud hökumət başçısının və komandasının hakimiyyətdən uzaqlaşdırılması üçün hansısa “yol xəritəsi” barədə danışırlar, halbuki onların bu şansları kifayət qədər aşağıdır”.Göründüyü kimi, Tevos Atşakyan bu mənada həqiqəti qeyd edir və doğrudan da sözdə birləşmiş, amma nəticə hasil edə bilməyən müxalifət qütblərinin hətta belə olan halda heç nəyə nail ola bilməyəcəyini vurğulayır. O cümlədən, əlavə edir ki, söhbət heç də hakimiyyətin arsenalında olan repressiv aparatından getmir, söhbət həm də ondan gedir ki, sabiq ölkə başçısı Serj Sarqsyanın 2018-ci ildəki repressiv aparatı heç də zəif deyildi, amma buna baxmayaraq o hakimiyyətdən devrilməsi prosesini dayandırmağa müvəffəq ola bilmədi.
“Təəssüf və depressiya içində olan cəmiyyət bütün bunlara baxmayaraq çətin ki, keçmiş hakimiyyətlərin bərpasını istəsin”
Erməni müəllif bu məsələdə cəmiyyətin də mövqeyini bölüşüb və yazır: “Özünün sosial-iqtisadi və məişət vəziyyətinin ağır-ağır düzəlməsindən dolayı təəssüf və depressiya içində olan cəmiyyət bütün bunlara baxmayaraq çətin ki, keçmiş hakimiyyətlərin bərpasını istəsin. Biz Nikolu nə qədər tənqid etsək də, özümüzdə cürət taparaq onun pislərin ən yaxşısı olduğunu deməliyik.Bəli, cəmiyyət hazırda son həddinə qədər qütbləşib, ancaq baxın görün ki, müxalifəti dəstəkləmək üçün küçələrə nə qədər insan çıxıb? Min? 10 min insan? Maksimum 15. Bu, etiraz elektoratının həmin kütləsi deyil ki, Paşinyanı devirməyi bacarsın. Cəmiyyətin böyük kəsimi öz içlərində sabiqləri lənətləyirlər və onlara görə barrikadalara getməyə hazır deyillər. Özü də sadə insanlar əsas müxalifət qüvvələrinin – “Ermənistan” və “Şərəfim var” bloklarının qorxaqlıqlarını və hikkələrini görürlər. Həm də nəyə görə uzağa gedək? Baxın-görün “Şərəfim var” blokunun əsas qüvvəsi, Respublika partiyası hakimiyyətin ünvanına necə ucuz ittihamlar yağdırırlar. “Paşinyan və Əliyev bir yerdə Minsk qrupu formatını dağıdırlar”, deyə Respublika partiyasının sədri Armen Aşotyan özünün FB səhifəsində yazıb.
“Həmsədrlər institunun daxildən parçalanması çoxdan gedirdi və nəticə olaraq indi rəsmiləşdi, Əliyev isə həmin faktı vurğuladı”
Armenianreport-un siyasi eksperti Aşotyanın fikirlərinə xiitabən davam edir: “Bağışlayın, yalnız axmaq olmaq lazımdır ki, ATƏT MQ-nun dağılmasını Əliyevlə Paşinyanın məqsədi olaraq ehtimal edəsən. Fransadan, ABŞ-dan və Rusiyadan olan həmsədrlərin formatı Rusiyanın Qərblə qarşıdurmasındakı mövcud geosiyasi situasiyada apriori (vəziyyətdən asılı olaraq - R.R.) mümkün deyil.Həmsədrlər institunun daxildən parçalanması çoxdan gedirdi və nəticə olaraq indi rəsmiləşdi, Əliyev isə həmin faktı vurğuladı. Elə Rusiyada da Lavrovn və Zaxarovanın vasitəsi ilə ATƏT MQ-nun “ölümünü” faktiki olaraq elan etdi. Bəs rusiyayönümlü Ermənistan Respublika Partiyası Moskvanı tənqid etməyə cürət edərmi? Əlbəttə yox. Serjikçilər üçün bu məsələdə Paşinyanı ittiham etmək daha asan və təhlükəsizdir və onlar sadəlöhvcəsinə inanırlar ki, cəmiyyət bu primitiv tilova düşəcək”.
“Məgər İrəvanı “sındıran” və Əliyevlə Ərdoğanın xeyirlərinə oynayan Putin deyilmi?”
Tevos Arşakyan Koçaryan-Sarqsyan tərəfdarlarına münasibətini maraqlı şəkildə davam etdirib. Onun yazdığına görə, Koçaryan və Sarqsyan tərəfindən maliyyələşdirilən KİV-lər Paşinyanın Moskvaya səfərini tənqidə məruz qoyublar.“Guya Nikol “artsaxı” birdəfəlik təhvil verməyə gedir”, deyə yazan erməni analitiki iddia və sual edir ki, sən demə Putin Qarabağ məsələsinə birdəfəlik son qoymaq üçün İrəvanı “sındırır” və o, Əliyevlə Ərdoğanın əlinə oynayır. Bu cəhətdən, “Nikol “artsaxı təhvil verməyə gedir” iddiasına belə bir münasibət bildirib: “Kimə təhvil verir? Rusiyaya? Məgər İrəvanı “sındıran” və Əliyevlə Ərdoğanın xeyirlərinə oynayan Putin deyilmi? Nəyə görə müxalifətin əlindən qidalanan bizim “həmkarlarımız” (erməni jurnalistlərini nəzərdə tutur-R.R.) hər şeyi öz adı ilə çağırmaqdan ehtiyat edirlər?”.
“Artur Vanetsyan əyninə Ermənistanın maraqları uğrunda mübarizə aparan rob geyinib, gülüncdür, Allah haqqı”
Müəllif digər müxalifət lideri, məhz Paşinyanın hakimiyyətində Milli Təhlükəsizlik Xidmətinə (MTX) rəhbərlik etmiş və istefaya getmiş, hazırda müxalifət cinahında yer alan “Vətən” partiyasının lideri Artur Vanetsyanı da hədəfə alıb. O yazır: “Yaxud müxalifətin daha bir riyakar “lideri” – “Şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan. Bu adam fəal şəkildə vətəndaşları “Azadlıq” meydanına çağırır. MTX-nin direktoru postunda olarkən bütün dünyaya rüsvay oldu.Mən gizli dinləmə qalmaqalını nəzərdə tuturam. Hansı ki, Vanetsyan və xüsusi istintaq idarəsinin rəhbəri Sasun Xaçatryan 1 mart işini müzakirə edirdilər. Və bu insan, onun xidmət etdiyi idarə Ermənistanın dövlətçilik maraqlarının mühafizəsində dayanmalıydı? Halbuki onlar özləri-özlərini müdafiə edə bilmirlər. Sonra isə gizli dinləməylə bağlı daha bir qalmaqal baş verdi və Ermənistanın baş naziri Nikol Paşinyanla Vanetsyanın danışıqlarına gizli dinləmə tətbiq edildi. İndi isə o əyninə Ermənistanın maraqları uğrunda mübarizə aparan rob geyinib, gülüncdür, Allah haqqı”.
“Xalq Paşinyanı təhqir etsə də qəlbində anlayır ki, Moskvanın Bakı və Ankara ilə, hətta Brüssellə maraqlarının üst-üstə düşdüyü bir vaxtda, yaranmış geosiyasi situasiyada bizim üçün geriyə oynamaq və ya geri qaytarmaq variantı yoxdur”
“Bəs faktlar nəyi deyir? Bizi nəyə görə müqavimət aksiyalarına çağırırlar? Xalqın nəyinsə xətrinə birləşməsi bu qədərmi vacibdir? Əlbəttə ki, yox. Müxalifət bizə nə vəd edir? Situasiyadan çıxmaq üçün bizə hansı çıxış yolunu göstərməyə hazırdır? Bəli, koçaryançılar və serjikçilər ağızları köpüklənə-köpüklənə “artsaxda” mənasız fəaliyyətləri, bizim məğlubiyyəti təsdiq edən üçtərəfli bəyanatı və hərbi əməliyyatların dayanmasını tənqid edirlər. Ancaq onlar açıq şəkildə demirlər ki, bəyanatdan imtina etmək lazımdır. Bilirlər axı, orada Putinin imzası var. Bəs onlar nəyi təklif edir və söz verirlər? Onlar hesab edirlər ki, Rusiya ilə münasibətləri Paşinyandan yaxşı qura bilərlər”, deyə yazan Arşakyan iddia edir ki, sən demə ermənilərin Qarabağdakı məğlubiyyətlərinin səbəbkarı məhz Rusiyadır və ardınca müxalifətə sual ünvanlayır – müxaifət “itirlmiş” (Azərbaycan ordusu tərəfindən azad olunmuş!) əraziləri qaytarmağa söz verirsə bunu necə edəcəklər?SİTAT: “Bunu da bizə demirlər. Ona görə də xalq Paşinyanı təhqir etsə də qəlbində anlayır ki, Moskvanın Bakı və Ankara ilə, hətta Brüssellə maraqlarının üst-üstə düşdüyü bir vaxtda yaranmış geosiyasi situasiyada bizim üçün geriyə oynamaq və ya geri qaytarmaq variantı yoxdur. Beləliklə, nə qədər acı olsa da, pisin-pisindənsə pisin ən yaxşısını görməyi qəbul etməkdən başqa çarə də yoxdur”.
Rövşən RƏSULOV

Digər xəbərlər