Analitika

  • 18 847

Azərbaycan dilinin inkişafında Heydər Əliyevin rolu - TƏHLİL

image

Ümummilli Lider Heydər Əliyev: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”

Bəli, dil hər bir xalqın milli sərvəti, mili kimliyinin daşıyıcısıdır. Onu qorumaq, yaşatmaq, əslində xalqın özünün yaşaması, özünü təsdiq etməsidir. Tarixboyu xalqların, millətlərin keçdiyi yol, onların mədəni səviyyəsi ilk növbədə ana dilində öz əksini tapır və istilalara, təzyiqlərə məruz qalsa da, Azərbaycan xalqı bu müqəddəs sərvəti qoruyub saxlaya bilib. Doğma dilimizin inkişaf etdirilməsində, dövlət dili statusu qazanmasında isə ümummilli lider Heydər Əliyevin böyük xidmətləri danılmazdır. Ulu Öndər bu sahədə özünün şəxsi nümunəsi ilə çox dəyərli örnək yaradıb. Ana dilinin tətbiq və fəaliyyət dairəsinin genişləndirilməsi, milli dilimizdə olan ədəbi-bədii irsin qorunması Heydər Əliyevin son dərəcə diqqət yetirdiyi sahələrdən olub. Təsadüfi deyil ki, məhz Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin rolunun artırılması, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan ədəbi-bədii nümunələrin hücumlardan qorunması yönündə apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi.
ANA DİLİ HƏR BİR XALQIN VARLIĞINI TƏSDİQ EDƏN BAŞLICA AMİLDİR
Bəli, tez-tez işlətdiyimiz «ana dili milli sərvətimiz, kimliyimizin daşıyıcısı, varlığımızın təsdiqidir» deyirik. Çünki dil millətin formalaşmasında vacib olan amillərdən biridir. Çünki xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır, həm də, çətin tarixi-siyasi dövrlərdə millətin varlığını sürdürməsi üçün əsas vasitədir. Hər bir xalqın mövcudluğu onun dili ilə ölçülür. K.Uşinski demişdir: “Bir millətin, xalqın varını, dövlətini əlindən alsan, o millət ölməz, yaşayar. Ancaq ana dilini əlindən alsan, həmin millət məhv olar”. Bəli, dilini itirən xalq məhvə məhkumdur.Lakin Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan Ümummilli lider Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərdi. O, həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də verdi. Bunlarla kifayətlənməyən Ulu öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dil statusu əldə etdi.
CƏSARƏT VƏ VƏTƏNƏ SADİQLİYİ TƏLƏB EDƏN MÖVQE
Bəli, Cəsarət və Vətənə sadiqliyi tələb edən mövqe. Bir çox ziyalıların cəsarət etmədiyi Cəsarət və Vətənə sadiqliyi. Bəli, bugün dünyada Azərbaycanlı olmağımıza, dünya xəritəsində Azərbaycan dövləti olmağımıza, imzası imzalar içində güclü dövlət olmağımıza görə ulu öndərimizə borcluyuq. Ulu öndər Heydər Əliyev deyirdi: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.Keçmiş SSRİ dövründə “Sovet xalqı” formalaşdırmaq adı altında müxtəlif xalqların dilini, mədəniyyətini, milli kimliyini yox etməyə yönələn siyasət yeridilirdi, 1970-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə ki, ölkədə rəsmi dövlət dili rus dili idi, rəsmi tədbirlərdə bir qayda olaraq rus dilində çıxışlar üstünlük təşkil edirdi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycanın rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində, öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Ümummilli lider Heydər Əliyevin vətənə və xalqina sadiqliyini göstərən bu mövqeyi hər kəsə örnək oldu.1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərdi. O, həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdi. Xüsusilə, Ulu öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, Heydər Əliyevin təşəbbüsü və qətiyyəti nəticəsində həmin ildə qəbul olunan Azərbaycan SSR-in Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili rəsmi dil statusu kimi təsbit olundu. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri oldu. Daha sonra ittifaqın daha iki respublikası bu təşəbüslə cıxış etmişdi. Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub. Tarix üçün o qədər də böyük zaman kəsiyi hesab olmayan, təxminən onillik bir müddətdə görkəmli dövlət xadimi həqiqətən böyük tarixi olan aşağıdakı işləri həyata keçirib. Birincisi, Azərbaycan dili dövlət dili olaraq Azərbaycan SSR-in müvafiq qanunlarında (xüsusilə Konstitusiyada) öz əksini tapıb, Moskvanın etirazlarına baxmayaraq, respublikada rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilib. İkincisi, Azərbaycandilli məktəbin, maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər Sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilib. Üçüncüsü, Azərbaycan dilində mətbuatın, elmin tərəqqisi üçün dövlət rəhbərliyi əlindən gələni edib, Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazıb, Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbuat orqanları - “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat və incəsənət” qəzeti Azərbaycan dilində nəşr edilib. Dördüncüsü, Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş bir ardıcıllıqla araşdırılıb, çoxcildlik “Müasir Azərbaycan dili” kitabları yaradılıb, həmin çoxcildliklərdən biri - ali məktəblər üçün “Müasir Azərbaycan dili” dərsliyi Azərbaycan Dövlət mükafatına layiq görülüb, ana dilini araşdıran alimlərin əməyi yüksək qiymətləndirilməklə, əslində, ana dilinin nüfuzu bir daha təsdiq edilib. Beşincisi, həm rəsmi, həm də qeyri-rəsmi yığıncaqlarda, məclislərdə Azərbaycan dilində danışmaqdan çəkinməyən respublika rəhbəri praktik olaraq ana dilinin ictimai-siyasi mövqeyinin yüksəlməsinə bilavasitə təsir göstərib, başqalarına nümunə olub və s.
Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dil siyasəti onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub. Ali məktəblər üçün yazılmış “Müasir Azərbaycan dili” dərsliklərinin Respublika Dövlət mükafatına layiq görülməsi, anadilli ədəbiyyatın inkişafı üçün hər cür şəraitin yaradılması, Azərbaycan ədəbiyyatı klassiklərinin təbliği məhz bunun nəticəsi idi. Millət vəkilinin sözlərinə görə, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail oldu. Yenidən, onun xüsusi diqqət yetirdiyi məsələlərdən biri də məhz dil məsələsi oldu. “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir” – deyən Ümummilli lider ana dili məsələsinə yeni səviyyədə - müstəqil dövlət quruculuğunun tələb etdiyi səviyyədə yanaşmağın nümünəsini yaratdı. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edildi. 2001-ci ildə Ümummilli liderimizin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman isə yalnız cari bir sənəd deyil, xüsusi tarixi əhəmiyyət daşıyan böyük siyasi hadisə oldu. Məhz Ulu öndər Heydər Əliyevin yürütdüyü dil siyasətinin nəticəsində bütün dövlət və qeyri-hökumət təşkilatlarında, indiyə qədər Azərbaycan dilindən istifadə etməmiş qurumlarda dövlət dili, sözün həqiqi mənasında bərqərar edildi. Eləcə də, latın qrafikasına keçid prosesi başa çatdırıldı.30 sentyabr 2002-ci ildə isə Ulu öndər Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun təsdiq olundu. Bu sənəddə göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanun, ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.Ən əsası, ümummilli liderimiz bütün rəsmi və qeyri-rəsmi tədbirlərdə Azərbaycan dilində danışmaqdan çəkinməyərək, ana dilimizə verdiyi yüksək dəyəri vurğulayıb, dilimizin ictimai-siyasi mövqeyinin yüksəlməsinə zəmin yaradıb. Belə ki, ulu öndərin 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsi ilə bağlı qərarı və bu yubileydəki çıxışı xüsusi qeyd olunmalıdır. 1994-cü ildə Bakı Dövlət Universitetinin 75 illiyinə həsr olunmuş iclasında Ulu Öndər bu hadisəni belə qiymətləndirirdi: “Xatirimdədir, universitetin 50 illik yubileyində mən çıxış edərkən, şübhəsiz ki, öz ana dilimdə, Azərbaycan dilində danışdım. O vaxt bu böyük sensasiya kimi qəbul olundu. Təəccüb doğurdu ki, respublikanın rəhbəri Azərbaycan dilində çıxış edir və heç də Azərbaycan dilində pis danışmır. Bəziləri məni bu hadisə münasibətilə təbrik etdilər. Dilini sevən, milli ruhla yaşayanlar bunu doğurdan, böyük hadisə kimi qəbul etdilər. Ancaq mən isə onlara dedim ki, qeyri – adi heçnə yoxdur. Bu mənim ana dilimdir və ana dilində çıxış etmək böyük qəhrəmanlıq deyil. Ana dilini bilməmək, onu qiymətləndirməmək, şübhəsiz, xalqın qarşısında qəbahətdir”.
Ümummilli lider deyirdi: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.Bəli, Heydər Əliyevin bu cəsarətli addımı Azərbaycan ziyalılarında ruh yüksəkliyi yaratdı. Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dil siyasəti Onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub. Ali məktəblər üçün yazılmış “Müasir Azərbaycan dili” dərsliklərinin Respublika Dövlət mükafatına layiq görülməsi, anadilli ədəbiyyatın inkişafı üçün hər cür şəraitin yaradılması, Azərbaycan ədəbiyyatı klassiklərinin təbliği məhz bunun nəticəsi idi.
FƏRMAN VƏ SƏRƏNCAMLAR ANA DİLİMİZİN İNKİŞAFI İSTİQAMƏTİNDƏ ATILAN MÜHÜM ADDIMLARDIR
2001-ci ildə Ümummilli liderimizin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman isə yalnız cari bir sənəd deyil, xüsusi tarixi əhəmiyyət daşıyan böyük siyasi hadisə idi. Məhz Ulu öndər Heydər Əliyevin yürütdüyü dil siyasətinin nəticəsində bütün dövlət və qeyri-hökumət təşkilatlarında, indiyə qədər Azərbaycan dilindən istifadə etməmiş qurumlarda dövlət dili, sözün həqiqi mənasında, bərqərar edildi. Eləcə də, latın qrafikasına keçid prosesi başa çatdırıldı.30 sentyabr 2002-ci ildə isə Ulu öndər Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun təsdiq olundu. Bu sənəddə göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanun, ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Ötən illər ərzində isə bu qanun xeyli dərəcədə təkmilləşdirilib. Ulu öndər Heydər Əliyevin qərarı ilə 1 avqust tarixi hər il «Azərbaycan Əlifbası» və «Azərbaycan Dili Günü» kimi qeyd olunur.Müstəqilliyimizin 10-cu ildönümünə həsr olunmuş mərasimdə Ümummilli Lider demişdir: "Bu on ildə bizim ən böyük nailiyyətlərimizdən biri Azərbaycan dövlət dilinin, ana dilinin hakim olmasıdır. Biz bütün dünyaya nümayiş etdiririk ki, dünyada Azərbaycan xalqı var, Azərbaycan milləti var, Azərbaycan dili var".Ümummilli lider Heydər Əliyevin məşhur bir fikrini dönə-dönə xatırlamaqla duyduğumuz qürurun böyük mənası var: "Millətin milliliyini saxlayan onun dilidir".Həmçinin, bundan əlavə, qəbul edilən digər Fərman və sərəncamlar əsasında dilimizin inkişafı, ana dilində təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Məhz ümummilli liderimizin zəngin təcrübəsi, yüksək intellekti, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması və bağlılığı sayəsində 60-cı illərin sonlarından başlayaraq həyata keçirilən dil siyasəti doğma dilimizin günbəgün saflaşmasına, zənginləşməsinə və inkişaf etməsinə şərait yaratdı".
“AZƏRBAYCAN DİLİNİN QORUNMASI HAMIMIZIN VƏZİFƏSİDİR”
Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev də dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Qətiyyətlə deyə bilərik ki, bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə Prezidentinin özüdür. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşıb. Ölkə rəhbərinin hələ 18 il öncə, 2004-cü il yanvarın 12-də "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında"kı sərəncamı əlifba ilə bağlı problemləri aradan qaldırdı. Dövlət başçısının sonrakı sərəncamlarında isə 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası", 100 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası", 100 cildlik "Azərbaycan ədəbiyyatı kitabxanası" seriyasından olan nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi. Bu sahədə mühüm və uğurlu tədbirlərdən biri də ölkə rəhbərinin 18 il bundan əvvəl imzaladığı "Azərbaycan milli ensiklopediyasının nəşri haqqında"kı sərəncamı oldu. Bu sərəncamların nəticəsində qiymətli kitabların çapı mənəvi xəzinəmizin zənginləşməsində mühüm rol oynadı. Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək demişdir: "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir".Ölkə Prezidenti İlham Əliyev bölgələrdə keçirdiyi görüşlərdə də həmişə dövlət atributlarına, xüsusilə də Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə, milli adət-ənənələrinə xüsusi ehtiramla yanaşaraq onun dəyərlərindən söz açır. Prezident demişdir: "Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir".Sovet dönəmində Azərbaycan dilçilərinin dünyada gedən proseslərdən təcrid olunması ilə əlaqədar ölkəmizdə dilçilik sahəsində müəyyən boşluqlar yaranmışdı və bunları aradan qaldırmaq üçün dövlət başçısı İlham Əliyev 2013-cü il mayın 23-də "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncam imzalamışdır. Sərəncamda deyilir: "Son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqət çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir".Beləliklə, minilliklər boyu formalaşan və bu günümüzə gəlib çatan Azərbaycan dili xalqımızın qədimliyinin simvolu, qürur mənbəyidir. Bu gün müstəqil bir dövlətimizin mövcudluğu dilimizin qorunması, dünya dilləri içərisində layiqli yer tutması baxımından vacib tarixi imkandır. Və bu gün ulu öndər Heydər Əliyevin təməlini qoyduğu milli siyasətin fonunda milli dilimizin - Azərbaycan dilinin mühafizəsi və inkişafı yönündə həyata keçirilən səmərəli tədbirlərin Prezident İlham Əliyev tərəfindən dövrün aktual çağırışlarına və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi Azərbaycan dilinin milli həmrəylik, bütövlük və identikliyi təmin edən əsas faktorlardan biri kimi çıxış etməsini şərtləndirib.Dövlət başçımızın dediyi kimi: "Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik".
RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər