Analitika

  • 7 131

Vətən savaşı Ermənistana hər gün məğlubiyyət yaşatdı TƏHLİL

image

Prezident İlham Əliyev: "Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var"

"Cəbhədə vəziyyət gərgindir. Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və bizim döyüş mövqelərimiz şiddətli artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Biz təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idik. Beləliklə, artıq üçüncü sutkadır ki, şiddətli döyüşlər gedir, bu döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub. Bu gün vəziyyət elədir ki, fəal döyüş əməliyyatları aparılır". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin 29 sentyabr tarixində "Rossiya-1" telekanalında yayımlanan "60 dəqiqə" proqramına müsahibəsində bildirib.
İki il bundan əvvəl 2020-ci ilin sentyabrın 27-də Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərə hücum edərək, bilərəkdən və sistemli şəkildə beynəlxalq hüququn norma və prinsiplərini pozaraq, mülki insanları, qadınları və qocaları hədəfə almağa başladı. Hərbi təcavüz nəticəsində insan hüquqları kobudcasına pozulur və günahsız azərbaycanlının həyatına son qoyulurdu. İnsan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərə məhəl qoymayan Ermənistan müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının və digər sənədlərin müddəalarını kobud şəkildə pozmaqda davam edirdi. Məlumdur ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası, onun işğalçılıq yolu ilə Qarabağa qarşı olan təcavüzkar siyasəti uzun müddət davam edib. Ötən əsrin 90-cı illərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı işğalçılıq müharibəsinin başlanması, Azərbaycan ərazilərinin işğalı prosesi və zəbt olunmuş Azərbaycan torpaqlarında qurulmuş işğalçılıq rejimi nəticəsində, dövlətimizə külli miqdarda ziyan dəymişdir. Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş ərazilərində törədilmiş vandalizm əməllərinin nəticəsi olaraq, evlər talan edilmiş, sökülmüş, yandırılmış, tarixi abidələr, xüsusilə, qəbiristanlıqlar dağıdılmışdır. İşğal olunmuş Azərbaycan rayonlarının talan və qarət edilməsində, o cümlədən, evlərin, abidələrin, qəbiristanlıqlardakı qəbir daşlarının sökülməsində əsir və girovların əməyindən istifadə edilməsi də danılmaz faktdır. Maddi-mədəniyyət nümunələrinin dağıdılması ilə bağlı ciddi dəlil-sübutlar və faktlar mövcuddur ki, bu istiqamətdə də Respublika Hərbi Prokurorluğunda cinayət tərkibli işlərə baxılmışdır. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı, deportasiya, işgəncə və digər epizodlar üzrə aparılmış istintaq hərəkətləri nəticəsində, Vətən müharibəsinə qədər sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətmiş 239, banditizm, qəsdən adamöldürmə və digər cinayətlər törətmiş 48 nəfər olmaqla 287 nəfər barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarları çıxarılmışdır. Ermənilər öz işğalçılıq siyasətlərini davam etdirirək münaqişənin sülh yolu ilə həllinə razı olmadılar. Vətən müharibəsi dövründə beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirən təcavüzkar Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində həlak olan və xəsarət alanlar oldu. Əlbəttə ki, təcavüzkar Ermənistan öz ənənəvi siyasətini davam etdirir.
Qaniçən ermənilər yaşlılara, qadınlara və uşaqlara zərrə qədər belə mərhəmət etmədən əsl faşist simaların ortaya qoyublar. Məlumdur ki, ölkəmiiz münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında ərazi bütövlüyümüzün tam bərpası çərçivəsində ədalətli həllinə səylər göstərdi. 26 il atəşkəs rejimində yaşasaq da, Azərbaycan bu münaqişənin sülh yolu ilə həllinə nail ola bilmədi. Bu müddət ərzində cəbhədə dəfələrlə atəşkəs rejimi pozuldu. İşğalçı Ermənistan beynəlxalq hüququ kobudcasına tapdalayaraq, dünyanın mötəbər beynəlxalq təşkilatlarının qətnamələrinə belə əhəmiyyət vermədi.
Əlbəttə ki, Azərbaycan Ordusunun gücü məlum idi. Ermənistan ordusunun sentyabrın 27-də təxribat törədərək ölkəmizə qarşı hücuma keçməsi, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi bir neçə istiqamətdən atəşə tutması Azərbaycan Silahlı Qüvvələrini əks-hücum əməliyyatlarına başlamağa məcbur etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 gün davam edən müharibənin gedişində möhtəşəm qələbələr qazanaraq dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Vətən savaşında səbir kasası daşan Azərbaycan Ermənistana hər gün məğlubiyyət yaşadırdı. Əslində, işğalçı belə bir acı nəticəni gözləmirdi. Çünki Ermənistanın siyasi və hərbi rəhbərliyi ötən 30 il ərzində güclü ordu mifini yaradaraq əhalini aldadırdı. Bu mifi Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə darmadağın etdi və Ermənistanın qoruyub saxladığı status-kvo və təmas xəttini tamamilə dağıtdı.
Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son illərdə həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı. Ordumuz düşmənin uzun illər ərzində qurduğu, keçilməz hesab edilən müdafiə xətlərini qəhrəmanlıqla yardı, Ermənistanın hava hücumundan müdafiə sistemi və hərbi hava qüvvələrinı sıradan çıxartdı. İşğalçı qüvvələrə ağır zərbələr endirir, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikasını məhv edirdi.
"BİZ ÖZÜMÜZÜ MÜDAFİƏ ETMƏYƏ VƏ TƏCAVÜZKARI ELƏ CƏZALANDIRMAĞA QABİLİK Kİ, O, BİR DAHA BİZİM TƏRƏFƏ BAXMAĞA CƏSARƏT ETMƏSİN"
Aparıcının Cənab Prezidentə ünvanladığı "İndi cəbhədə Suriyadan olan muzdlular varmı?" sualına "Yoxdur. Bu, növbəti feyk-nyusdur. Suriyadan heç bir muzdlu yoxdur. Bu barədə heç bir fakt, heç bir sübut yoxdur. Bunu erməni təbliğatı ortaya atıb və müxtəlif saytlarda, müxtəlif kütləvi informasiya vasitələrində dövr edir. Buna heç bir ehtiyac yoxdur", - deyə Prezident cavab vermişdir: "Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən mən qismən səfərbərlik elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin".
Qısa zamanda ordumuzun uğurlu əks-hücumu nəticəsində işğaldakı ərazilərimizin azad ediləcəyinə qəti əminlik var idi. İlk gündən Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəkliklərin, həmçinin 6 kəndi – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndin azad edilməsi bizi qələbəyə doğru aparırdı.
UCA TANRI HƏR BİR AZƏRBAYCANLIYA MÜQƏDDƏS QARABAĞ TORPAĞINI ÖPMƏYİ NƏSİB ETDİ
"Azərbaycan dövləti heç vaxt başqasının torpaqlarına iddialı olmayıb, heç zaman insanlığa qarşı cinayət törətməyib. Azərbaycan Ordusu başqa dövlətin torpaqlarına ayaq basmayıb, o, doğma torpağını qoruyur və onun uğrunda döyüşür!" bu fikirlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın 29 sentyabr 2020-ci il tarixində rəsmi "Instagram səhifəsindəki paylaşımında yer almışdı. Paylaşımda daha sonra deyilirdi: "Ermənistanın növbəti silahlı təxribatına cavab verildi! Azərbaycan Ordusu öz Vətənini müdafiə edərək uğurlu əks-hücum əməliyyatı keçirir və Azərbaycanın işğal altında olan ərazilərini azad edir. Azərbaycan dövlətinə və xalqına dəstək olaraq öz prinsipial və ədalətli mövqeyini nümayiş etdirən bütün insanlara, təşkilatlara və dövlətlərə dərin təşəkkürümü bildirirəm. İlk növbədə, qardaş Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana minnətdaram. Onların həmrəyliyi və mənəvi dəstəyi bu gün hər bir azərbaycanlıya qürur hissi yaşadır. Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua edirəm! Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görülməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun! Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin! Allah şəhidlərimizə rəhmət etsin! Qəbirləri nurla dolsun!".

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər