Araşdırma

  • 3 686

Pezeşkian İranda nələr etmək istəyir? Bunları bacara biləcək? TƏHLİL

image

Məsud Pezeşkian İran siyasətinin illərdir davam edən təktipliliyindən sonra 54 faiz səslə seçilib. Dünən andiçmə mərasimindən sonra rəsmi vəzifəsinə başlayan Pezeşkianın necə siyasət yürüdəcəyini anlamaq üçün seçki prosesi və onun arxa fonunu görə bilmək vacibdir. Pezeşkiana səs verənləri iki yerə bölmək olar: Dəyişiklik istəyənlər və radikal mühafizəkar siyasətdən uzaqlaşmaq istəyənlər. Birinci hissəyə islahatçılar, etnik və məzhəb azlıqları, ikinci hissəyə isə nisbətən daha mühafizəkar kütlə daxildir. Demək olar ki, hər iki kütlənin ortaq gözləntiləri və tələbləri var. Pezeşkianın əsas siyasi məqsədlərindən biri ölkə daxilində xalqla dövlət arasında gərgin münasibətləri mülayimləşdirməkdir. Xarici siyasətdə isə o, İranı təhlükəsiz bölgə kimi müharibə və münaqişə zonalarından uzaqda tutmaq istəyir. Digər tərəfdən, iqtisadi böhran kimi mühüm məsələlər var ki, buna görə illərdir ictimai-siyasi həyat təsirlənib. Beləliklə yeni prezidentin diqqətinin əsasən bu sahəyə yönələcəyini deyə bilərik.Pezeşkiandan gözlənilənlərin baş tutub-tutmayacağını, sistemdəki digər güc mərkəzlərinin fəaliyyəti və ya fəaliyyətsizliyi müəyyən edəcək. Dini lider Ayətullah Əli Xameneinin bu barədə digər güc mərkəzlərinə mesajı “Yeni prezidentlə harmoniyada çalışın” olub. Onun bu çağırışının nə qədər formal və ciddi olub-olmadığını yeni dövrdə görəcəyik. Bununla belə, Nazirlər Kabinetinin formalaşması mərhələsində keçmiş xarici işlər naziri Cavad Zəriflə bağlı mübahisələr göstərir ki, İran siyasi sisemini harmoniya deyil, gərginlik gözləyir. Digər tərəfdən, Pezeşkianın hökumət sistemindən bəzi tələbləri olduğu qədər, xalqın da ondar bəzi tələbləri var. Bunlardan ən mühümləri xüsusilə Məhsa Əmininin ölümündən sonra ölkə daxilindəki siyasi krizin aradan qaldırılması və xalq-dövlət qarşılıqlı bağlarının bərpasıdır. Xamneyinin bu mövzuda Pezeşkiyanı dəstəkləməyə davam edəcəyi gözləniləndir..İranın xarici siyasəti və xüsusən də regional siyasəti mürəkkəb bir sahədir. Çünki müxtəlif aktorlar bu sahədə söz sahibidirlər. Prezident əsas aktyor kimi proseslərə təsir etsə də, yekun qərar ona aid deyil. Ali Milli Təhlükəsizlik Şurası və Parlament kimi digər güclü aktorlar da İranda xarici siyasətdə qərarverici kimi yer alırlar. Bundan əlavə, İnqilab Keşikçilərinin regional siyasətə təsir etmək imkanları yüksəkdir. Beləliklə İranda prezidentdən daha önəmli və güclü olan sistem var. Bu səbəbdən Prezident dəyişikliklərinin İranın geosiyasi məsələlərdəki mövqeyinə radikal təsir göstərəcəyini gözləmək olmaz.Bəzi sahələrdə dini liderin də məqsədəuyğun hesab etdiyi dəyişikliklər ola bilər, lakin radikal dəyişikliklərin olacağı gözlənilən deyil. Məsələn, xarici siyasət və iqtisadiyyat sahələrinə aid olan nüvə sanksiyaları ilə bağlı atılacaq addımların ritmini Pezeşkian hökuməti müəyyən etsə də, bu addımların ölçüsünü Xamenei müəyyən edəcək. Məlumdur ki, Xamneyi ABŞ-la birbaşa danışıqların tərəfdarı deyil. Digər tərəfdən, İran tərəfi danışıqlara hazır olsa belə, ölkədəki siyasi vəziyyətə görə ABŞ tərəfinin İrana qarşı xoşməramlı siyasət həyata keçirməyəcəyi aydındır.İrandaki siyasi sistemə status-kvo perspektivindən baxarsaq Zəngəzur Dəhlizi layihəsi ilə bağlı siyasətində də heç bir dəyişiklik gözlənilmir. İran Naxçıvanla Azərbaycanı birləşdirən və İranın regional tranzit önəmini azaldan Zəngəzur dəhlizi layihəsini sərhəd dəyişikliyi kimi qiymətləndirdiyini və buna “imkan verməyəcəyini” dəfələrlə vurğulayıb. Belə ki, bu dəhlizin qurulması İranın maraqlarına ziddir və Pezeşkian bunu kökündən dəyişdirə bilməz. Bununla belə, Pezeşkianın bəzi xüsusiyyətləri onun Azərbaycanla və Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa çalışacağını göstərə bilər. Bu dönəmdə tərəflərin alternativ layihələr üzərində işləməyə başlaya biləcəyi də gözləniləndir.İran və Azərbaycan arasında son illərdə yaşanan gərginliklərdən dolayı sərhədin İran tərəfində olan türk xalqlarının dövlətə olan etirazları da kifayət qədər təhlükəli məsələlərdən olub. Bu məqamda Pezeşkiyanın vurğulamaqdan heç vaxt çəkinmədiyi və qürur duyduğu türk kimliyi İran azərbaycanlıları ilə İran dövləti arasında soyuqluğun aradan qaldırılmasında yararlı ola bilər. Onun Azərbaycan dili və başqa dillərdə təhsil islahatları ilə bağlı planları bunun əsas göstəricisidir.

Müəllif: Zərdüşt Quluzadə

Digər xəbərlər