Yadıma gəlir, 1992-ci ilin yayında, hələ biz uşaqlıq dövrümüzü yaşadığımız o illərdə, Helsinkidə ATƏT-in müşavirəsi keçirilirdi və elə oradaca Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına vasitəçilik etmək üçün Minsk Qrupu deyilən bir qurum təşkil edilmişdi. Bu Qrupun ilk rəhbəri də italiyalı diplomat Mario Rafaello idi. Hələ o zamanlar hər kəsə məlum oldu ki, bu Minsk Qrupu adlanan qurum da hansısa siyasi qüvvələrin maraqlarına xidmət edən və daha çox siyasi sifariş yerinə yetirən formal qurumdan başqa heç bir rola malik deyil. Yəni bunun diplomatik kəsəri, ATƏT-in "incə missiyasından" başqa o tərəfə getmir.
Ancaq və ancaq baş girləmək, Azərbaycanın işğal olunmuş torpaqlarının ermənilərin əlində saxlanılması üçün hazırkı status-kvonun qorunmasına kömək etmək,- bax ATƏT-in Minsk Qrupunun "missiyası" budur, vəssalam!
Amma ən dəhşətlisi odur ki, elə indi də bu təşkilat lazımsız qurum kimi tanınmaqdan da başqa, həmçinin, turist marşrutu yerinə yetirən diplomatik ticarət təşkilatına çevrilib. Təsəvvür edəndə ki, Rusiyada, Fransada və ABŞ-da işsiz, heç kimə lazım olmayan diplomatları xeyriyyə fondu kimi həmin bu ATƏT-in Minsk Qrupuna yollayırlar, onda Qarabağın taleyinin məzhəkəyə qoyulduğu, həmin bu Minsk Qrupunun üzvü olan dövlətlərin Azərbaycan torpaqlarının geri qaytarılmasında qətiyyən maraqlı olmadıqları açıq-aşkar ortadadır. Bilirəm, biz sadəcə, protokol xatirinə bu üzdəniraq "missiya" üzvlərini iti qovan kimi qapımızdan qova bilmərik.
Amma məsələnin hansısa bir ticarət məsələsinə deyil, əldən çıxmış torpaqlarımızdan başlamış, tapdanan qeyrətimizə qədər incə və həssas məqamlarımıza aidiyyatı olduğu üçün, onda onların bizi bundan artığına təhqir etmələrinə dözmək lazım deyil. Onsuz da Minsk Qrupunun üzvü olan Fransa, tarixi həyasızlıq göstərərək, ermənilərin tərəfini tutur, onların olmayan yalançı "soyqırımlarını" tarixiləşdirirsə, daha bu yalançı oyunu uzatmağın nə lüzumu var ki? Gəlin Minsk Qrupunun üzvü olan ölkələrin hər birinin Dağlıq Qarabağ münaqişəsində tutduqları mövqeyə ayrı-ayrılıqda nəzər yetirək.
ABŞ
Nədənsə Barak Obama seçkilərdə qələbə qazanıb Ağ Evin yeni sahibi kimi dünya siyasəti barədə fikirlərini açıqlayanda, xüsusilə Şərq siyasəti ilə bağlı bəyanatlar verəndə, bir çoxları elə zənn etdi ki, artıq Corc Buşdan sonra ABŞ-ın dünya siyasətindəki proseslərə, xüsusilə Şərqdəki və keçmiş SSRİ ərazisindəki siyasi proseslərə və münaqişələrin həllinə münasibətdə hazırkı mövqeyində ciddi dəyişiklikləri gözləməyə dəyər. Amma görünən odur ki, B.Obama administrasiyası da özündən əvvəlkilər kimi, regionda demokratiyanın və islahatların gələcəyi üçün böyük maneə və eyni zamanda da, "açar rolu" oynayan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün real heç bir addım atmır. Ağ Ev, yalnız münaqişənin ancaq və ancaq sülh yolu ilə həllini dəstəkləməkdən, danışıqların davam etdirilməsini alqışlamaqdan və hərdən də cəbhə xəttində atəşkəsin pozulmasına görə təəssüf hissi keçirmək barədə bəyanat verməklə işini bitmiş hesab edir. Bəlkə rəsmi Vaşinqton keçmiş sovet ərazilərinin Kremlə "məxsus olduğunu" əsas gətirib Rusiyanın qəzəbinə düçar olmamağa çalışır?
Hə, görəndə ki, Moskva Yaxın Şərqdəki mövqelərini bir-bir itirir, üstəlik, hazırda Kremldə Qərbin, xüsusilə ABŞ-ın əlindən "qan ağlayırlar", B.Obama kabineti də əvvəlkilər kimi, Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsinə, bir növ "dincə qoyulmuş müharibə" kimi baxırlar.
FRANSA
Rəsmi Parisin, Vaşinqtondan fərqli olaraq, bu münaqişədə vasitəçi olması o qədər gülünc görünür ki, hətta Avropa mətbuatı da, son günlər Fransanın hansı üzlə sülh missiyası kimi ATƏT-in Minsk Qrupunda yer aldığını acı təəssüf və təəcüblə qeyd edir. Amma məsələ təkcə Fransa Senatında ermənilərin xeyirinə hansısa qərarın qəbul olunmasından getmir. Ümumiyyətlə, Fransa daima Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nəinki hansısa diplomatik addım atmayıb, əksinə, BMT-nin 4 rəsmi qərarında Azərbaycan torpaqlarını işğal etmiş ölkə kimi göstərilən və işğal olunmuş torpaqları tərk etməsi tələb olunan Ermənistana bütün dəstəyi davam etdirir. Fransanın bundan əvvəlki bütün prezidentləri -1960-cı illərin Gi Mollesindən başlamış ta Fransua Mitteranına, Jak Şiraka qədər hamısı Nikolya Sarkozi kimi erməni sevgisini hüquqi müstəviyə daşımasalar da, maliyyə və siyasi baxımdan işğalçı dövləti "ovuclarının içində" saxlayıblar. Bundan sonra rəsmi Parisin nəinki Minsk Qrupunun həmsədri kimi, heç neytral dövlət kimi də münaqişə barədə bir kəlmə danışmağa haqqı yoxdur. Təəssüf ki, Qərb ölkələri açıq şəkildə demokratiya ideyasını, ev süpürülən süpürgənin vəziyyətinə gətirərək, öz siyasi maraqları üçün hara gəldi "təmizlik aləti" kimi istifadə etməyə başlayıblar.
İndi hər kəsə məlumdur ki, Qərbin dəfələrlə neftdən tutmuş ən ağlasığmaz maraqlarına qədər qurban verdiyi "demokratiya ideyası", o qədər yararsız və heç cürə inandırıcı görünmür ki, artıq Şərqdəki və keçmiş SSRİ ərazisindəki insanlar tərəfindən, hətta kökdən düşmüş pianino kimi heç bir dəyərə malik deyil. Təəssüf ki, Qərbin aparıcı ölkələri demokratiyanı çirkin maraqları üçün istifadə etdikləri siyasi maskaya çevirdilər. Elə rəsmi Paris kimi!
Fransa məhkəməsinin qondarma qanunun ləğv olunması ilə bağlı son qərarı Fransaya olan münasibəti dəyişmədiyi kimi, N.Sarkozinin kor erməni sevgisinin təzahürü kimi yenidən bu məsələni ortaya atmaq istəyi də rəsmi Parisin Dağlıq Qarabağda sülh missiyası kimi çıxış etməsini ciddi şəkildə əngəlləyir.
RUSİYA
ABŞ və Fransadan fərqli olaraq, regionun de-fakto sahibi olan Kremlin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi və atacağı addımlar tam fərqlidir. Məsələ burasındadır ki, hazırda Ermənistanın dövlət kimi mövcud olmasında əsas səbəb olan Rusiya, azərbaycanlıların ona olan etibar və səmimi mövqeyinə baxmayaraq, təəssüf ki, yüz illər boyu Qafqazda daima siyasi mənada, "kəbinsiz qadın kimi" istifadə etdiyi Ermənistandan hələ də Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə davam edir. Baxmayaraq ki, nəinki bölgə üçün, hətta bütün dünya birliyi üçün zəngin imkanları və iqtisadi inkişafı ilə bir nömrəli tərəfdaşa çevrilən Azərbaycan, rəsmi Moskvaya bu çoxəsrlik səhvlərini düzəltmək üçün daima şans verir. Lakin görünən odur ki, üzü Çar Nikolaydan bəri davam edən erməni sevgisi hələ ki, Rusiyanın regional siyasətində prioritet kimi qalmaqdadır. Vladimir Putinin ikinci dəfə Kremlə qayıdışına daha çox azərbaycanlılar sevinirlər ki, bəlkə Vladimir Vladimiroviç heç olmazsa, ikinci hakimiyyət dönüşündə bu çoxəsrlik erməni sevdasını Kreml dəhlizlərindən yığışdıra bilsin və Moskvanı real siyasət yürütməyə vadar edə bilsin. Çünki rusiyalıların özlərinin də qeyd etdikləri kimi, satqın psixologiyalı ermənidənsə, ən böyük haqsızlıqlara qarşı belə dözümlü mövqe göstərən və haçansa haqqın bərqərar olacağını səbrlə gözləyən saf azərbaycanlılarla dostluq Rusiya üçün indiki məqamda olduqca vacib məsələdir. Düzdür, bu yaxınlarda Ermənistanla çox illik hərbi müqavilə imzalayan Rusiyanın çar siyasətindən imtina edəcəyi və Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağa vadar edəcəyi gözlənilən deyilsə belə, hər halda, V.Putinin Moskvanı real siyasətlə barışmağa doğru yönəldəcəyi bir o qədər gözləniləndir. Rusiya bu məsələni ATƏT-in Minsk Qrupunda fəaliyyət göstərmədən də edə bilər. Çünki əhəmiyyətsiz bir qurum çərçivəsində ciddi və tarixi addımlar atmaq Rusiya kimi bir dövlətə yaraşmaz. Rusiya bunu ATƏT-siz də edə bilər. Beləcə açıq görünən odur ki, ATƏT və onun Minsk Qrupu, sülh üçün deyil, bizim başımızı qatmaq, torpaq və vətən sevgisini bizə unutdurmaq üçün yaradılan boşboğaz strukturdur. Səviyyəsiz diplomatlarla sülh əldə olunmaz, bunu isə hər kəs bilir, gəlin biz də belə bilək!
MƏTLƏB