Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezident İlham Əliyevə 28 May- Müstəqillik Gününüz münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda Azərbaycanla ABŞ arasında əlaqələrdən və terrorizmə qarşı mübarizədən, enerji təhlükəsizliyinin inkişafından, Ermənistanla sülhə nail olmaq istiqamətində ABŞ-la tərəfdaşlığımızdan söhbət açılır və buŞ yüksək qiymətləndirilir. Bildirilir ki, 30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. İkitərəfli prioritetlər, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlıq, iqtisadi münasibətlər və enerji inkişafı üzrə tərəfdaşlıq bundan sonra da davam edəcək.Azərbaycan-Ermənistan münasibətlərinə diqqəti yönəldən Tramp ABŞ-ın iki arasında möhkəm sülhü dəstəkləməkdə davam edəcəyini də qeyd edib. Məktubda deyildiyi kimi, davamlı sülh Cənubi Qafqaz regionunun daha firavan olmasını təmin edəcək və ABŞ ilə əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni firavanlıq dövrünə qədəm qoymağın vaxtıdır. Biz qarşıdakı illərdə və onilliklər ərzində daha dərin tərəfdaşlığa ümid edirik.
Ata Buşdan indiyədək...
Azərbaycan-ABŞ münasibətləri müstəqilliyimizin ilk günlərindən başlayıb. Respublikaçı ata Buşun prezidentliyi dövründə ölkəmiz müstəqilliyini elan edib və Ağ Evin sahibi tərəddüd etmədən Azərbaycanı dünya dövlətləri ailəsində görməkdən məmnun olduğunu məktubunda xüsusi olaraq qeyd edib. Ötən ilin noyabrın 5-də keçirilən seçkilərdə Respublikaçı Donald Tramp ikinci dəfə ABŞ prezidenti seçildi və Demokratların qeyri-müəyyən idarəçiliyinə önümüzdəki 4 il ərzində əngəl olmağı bacardı. Demokratların hakimiyyəti barəsində belə düşünməyə bizi vadar edən çoxlu nüanslar var. Co Bayden prezidentliyə başlamasının ilk günündən dünya siyasətinə yanaşmasında nöqsanlara yol verdi. Dünya gücü hesab edilən və Demokratlardan təşkil olunmuş Vaşinqton administrasiyası ikili standartlara rəvac verdi, hələ də təsdiqini tapmayan, qondarma “erməni soyqırımı”nı tanıdı, Ermənistan-Azərbaycan savaşında işğalçı Ermənistana dəstək oldu, ABŞ konqresmenləri, Konqresin Nümayəndələr Palatasının spikeri səviyyəsində İrəvanda ermənilərin cinayətlərini görməzdən gəldilər və işğala məruz qalan Azərbaycanı “erməni torpaqlarını işğal edən ölkə” kimi tanıdılar. Əlbəttə, bütün bunlar absurd yanaşmalar idi.Bayden hakimiyyəti ABŞ tarixinə qara ləkə kimi düşəcək. İdarəçilik qabiliyyəti getdikcə tükənən mister Co-nun əvəzindən ölkəni başqaları idarə edirdi, dünyanın taleyüklü məsələlərinin həllində Vaşinqtonun reaksiyası ya ləngiyir, ya da adekvat olmurdu. Bu da dünya ölkələri arasında münasibətlərdə ənənəvi yanaşmalardan sapmaya, ya da idarəolunmaz birvəziyyətə salırdı. Ukraynada baş verənlər, Yaxın Şərqə kütləvi qırğınla müşaiyət olunan müharibənin nəzarətdən çıxması, İran-İsrail qarşıdurmasının qanlı fazaya keçməsi, Şərq-Qərb münasibətlərində gərginlik, Cənub-Şərqi Asiya regionunda müharibə eskalasiyasının artması, Cənubi Qafqazda yeni müharibə riski, BMT Təhlükəsizlik Şurasında nizamsızlıq, üzv dövlətlər arasında anlaşmanın sıfırlanması, inamsızlıq, nüvə müharibəsi anonsu, bütün bunlar Baydenin ABŞ prezidenti olduğu bir dönəmdə yaşandı və bu gün də davam etməkdədir.
Trampın geri dönüşü…
Əslində 2020-ci ilin noyabr ayında keçirilən president seçkilərində Tramp məğlub yox, qalib namizəd idi. ABŞ-ın tarixində çox az-az görünən seçki etirazları, məğlub tərəfin tərəfdarlarının Kapitoli binasına hücumu və oranı ələ keçirmələri Baydenin seçkilərin nəticələrini oğurlamasına cavab idi. Necə deyərlər, daş qayaya rast gəlmişdi. Amma çılğın görünən Trampın hadisələrin sonrakı gedişində təmkin davranışı Demokratların demokratiyadan uzaq partiya olduğunu bir daha isbatladı. Tramp isə siyasətdən getmədi, 4 il gündəmdə olmağı bacardı, Respublikaçılar arasında nüfuzunu qoruyub saxladı. Mediada tez-tez görünməsi, dünya hadisələrinə reaksiyaları, Demokratların hakimiyyətini silkələyən fikirlərin səsləndirilməsi Trampın növbəti seçkilərdə namizəd olacağına bir işarə idi.Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa zəng edərək onu təbrik etdi. Təbrik məqsədli telefon zəngində bir sıra məqamlar diqqət çəkdi. Dövlətimizin başçısı vurğuladı ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynacaq. Baydendən fərqli olaraq Tramp praqmatik siyasətçidir. Onun prezident seçilməsinin bir çox münaqişələrin tənzimlənməsi ilə nəticələnəcəyi düşünülür. Azərbaycan Trampın hakimiyyəti dövründə Qarabağ problemini böyük ölçüdə həll etdi. Erməni lobbisinin Baydeni dəstəkləməsi təsadüfi deyil. Rəsmi Bakı düşünür ki, Trampın hakimiyyətə gələndən sonra Ermənistanla ikili danışıqlar effketiv olacaq və prosesə kənar təsirlər azalacaq. Başqa sözlə, sülh müqaviləsinin imzalanması daha real görünür. Təcrübə göstərir ki, kənar təsirlər olmasa, Ermənistanla uzlaşma əldə etmək mümkündür.Birinci prezidentlik dövründə Azərbaycanla Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlət başçısı ikitərəfli əlaqələrin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvar olduğunu bildirib. Bakı ilə Vaşinqton arasında enişli-yoxuşlu bir münasibətlər sistemi var. Xüsusilə Co Baydenin hakimiyyəti dövründə ABŞ Azərbaycanla başda enerji sahəsi olmaqla, bir çox istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu desə də, hədə və təhdid ritorikası ilə danışmaqdan vaz keçmirdi. Həmçinin Rusiyanın Cənubi Qafqazda təsirini zəiflətmək və Ermənistanda nüfuz qazanmaq üçün İrəvanla Bakını qarşı-qarşıya gətirən situasiyalar yaradırdı.Prezidentin təbrik mesajında qeyd etdiyi məqamlar D.Tramp dövründə Bakı-Vaşinqton münasibətlərinin normallaşması, hətta inkişafına olan inamın göstəricisidir. Azərbaycan ABŞ-la bir çox sahədə əməkdaşlıq edir və yeni perspektivlər var. Bakı Avropanın enerji təminatı kimi məsələlərdə ən etibarlı tərəfdaş kimi çıxış edir. Xüsusilə Azərbaycanın İran-İsrail, Türkiyə-İsrail, ABŞ-Rusiya, Ukrayna-Rusiya, ABŞ-Çin kimi tandemlərdə balans yaratmaq ustalığı Bakını Vaşinqtonun diqqət mərkəzinə gətirir. Fors-major hadisə baş verməsə, Trampın hakimiyyəti dövründə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. Bu da regional aktor kimi Bakının çəkisini artırar. Avropaya nəql edilən təbii qazın artırılmasında da Azərbaycan-ABŞ münasibətlərinin normallaşması mühüm yer tutur.Prezident İlham Əliyev hələ Şuşa Qlobal Media Forumunda vurğulamışdı ki, Trampın hakimiyyətdə olduğu illərdə Azərbaycan-ABŞ münasibətləri qarşılıqlı faydalı əməkdaşlıq səviyyəsində idi. Tramp beynəlxalq sülhün və təhlükəsizliyin təminatı sahəsində çox ciddi işlər görüb. İnanırıq ki, Trampın ABŞ-də hakimiyyətə gəlməsi Azərbaycanla əlaqələrinin yaxşılaşmasına xidmət edəcək. Artıq bu reallıqdır. Təxminən iki aydan sonar Tramp rəsmi olaraq Baydeni Ağ Evdən çıxaracaq. Prezidentimiz Trampla telefon danışığı ilə bir daha nümayiş etdirdi ki, rəsmi Bakı-Vaşinqton münasibətlərində Bayden Administrasiyasının yeritdiyi yanlış region siyasəti ucbatından yaranmış gərginliyin aradan qaldırılması üçün mübit imkanlar yaranıb. Tərəflər bundan maksimum istifadə edəcəklər. Tramp kifayət qədər qətiyyətli siyasətçidir və Cənubi Qafqaz regionunda hansı maraqların olduğunu bilir. Eyni zamanda Azərbaycanın regionun lider dövləti olduğunun fərqindədir. Ölkəmizin beynəlxalq sülhün və təhlükəsizliyinin təminatı, beynəlxalq terrorçuluğa qarşı mübarizə, Avropanın enerji təhlükəsizliyində oynadığı rol və digər məsələlərlə bağlı ölkəmizin mövqeyini çox gözəl bilir. Azərbaycanın hansı coğrafiyada yerləşdiyini də hesabladıqda Trampın ikinci prezidentliyi dövrü Bakı-Vaşinqton münasibətlərinin inkişafı üçün əlavə imkanlar yaranacağını qətiyyətlə deyə bilərik.
İlham Əliyev faktoru…
Azərbaycan regionun güclü dövlətidir, söz sahibidir, bütün layihələrin təşəbbüskarı və icraçısıdır. Bütün bunlar regionda marağı olan güclərin diqqətindən yayınmır, Azərbaycanla bu və ya digər şəkildə təmaslar qurmağa, əlaqələri genişləndirməyə, ölkəmizlə dostlaşmağa çalışırlar. Azərbaycan Prezidentinin beynəlxalq arenada nüfuzu, siyasi bilikləri, təcrübəsi, diplomatiya elmini dərindən bilməsi ölkəmizin xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm rol oynayır. Ölkələrin bir-birinin suverenliyinə hörmət etmələrinin, əməkdaşlığı gücləndirməklə qarşılıqlı faydalı əlaqələrin qurulmasının vacibliyini bəyan edən Prezident İlham Əliyev xarici siyasət kursunu bu prinsiplər əsasında qurub. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əməl edən dövlət kimi tanınır. Ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət edir. Ona görə də dünya Azərbaycanın sözünü eşidir, Prezidentimizin təşəbbüslərinə dəstək verir.Azərbaycan bütün qonşularla, digər xarici tərəfdaş ölkələrlə səmərəli əməkdaşlıq edir. Dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan mövcud münasibətlərini daha da möhkəmləndirə bilib. Azərbaycan-Türkiyə-Gürcüstan və Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq platformaları buna əyani misaldır. Bu illər ərzində beynəlxalq təsisatlarla da səmərəli əməkdaşlıq əlaqələri qurması ölkəmizin beynəlxalq imicinin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Həmçinin Türk Şurası, Müstəqil Dövlətlər Birliyi, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və bu kimi digər qurumlarla səmərəli əməkdaşlıq əlaqələri daxildir.Trampın qələbəsi Amerika xalqının seçimidir və dəyişikliklərə inamın böyüklüyüdür. Xarici siyasətdəki aqressiv siyasət, xarici münaqişələrə böyük məbləğdə vəsait xərclənməsi, ölkə daxilində sosial narazılıqların artması, həmçinin etnik və dini azlıqlar arasında artan gərginliklər cəmiyyətdə ciddi iz buraxıb. Amerikalılar düşünürlər ki, ölkədən xaricdə baş verən hadisələri koordinasiya etməkdənsə, daxildəki problemlərə diqqət yetirmək lazımdır. Tramp seçki kampaniyasında bunu düşünərək düzgün istiqamət götürdü. ABŞ-nin xarici siyasətində rekonstruksiya aparılacağına şübhə yeri yoxdur, ölkədə iqtisadi islahatlar aparmaq və daxili problemlərə daha çox diqqət ayırmaq vədləri Trampın dəstəkçilərinin, tərəfdaşlarının, ona səs verənlərin sayını artırdı. Trampın qələbəsi, Amerika cəmiyyətinin tələbi, sosial sifarişi idi.Donald Trampın qələbəsi ABŞ-nin xarici siyasətində və müxtəlif ölkələrlə əlaqələrində, xüsusilə də Azərbaycanla münasibətlərində mühüm bir dönüş nöqtəsi ola bilər. Trampın yenidən Ağ Evə qayıdışı ABŞ-nin beynəlxalq arenada mövqeyinin necə dəyişəcəyinə dair çoxsaylı suallar doğurduğu kimi, bəzi qlobal məsələlərin həllində köklü dəyişikliklərin olacağına da ümidlər yaradır. Perspektivdə ABŞ və Azərbaycan arasındakı münasibətlər əsasən enerji, təhlükəsizlik və ticarət sahələrində güclənə bilər. Tramp administrasiyasının Azərbaycanın enerji resurslarına olan marağının davam etməsi, ikitərəfli münasibətlərin inkişafına təkan verəcək. Cənubi Qafqaz, xüsusilə də Azərbaycan ABŞ-ın strateji maraqlarına cavab verən mühüm bir regional partnyora çevrilə bilər.
Tarix...
XX əsrin 90-cı illərinin əvvəllərində SSRİ-nin dağılmasından sonra formalaşan yeni dünya nizamında əsas güc mərkəzinə çevrilən ABŞ yeni müstəqillik əldə etmiş ölkələrlə siyasi və iqtisadi münasibətlərin qurulmasına xüsusi önəm verməyə başladı. Bu baxımdan ABŞ Azərbaycan iqtisadi münasibətləri 1992-2000-ci illər ərzində fərqli yönümdə inkişaf etməyə başladı. 1993-cü ilə qədər olan dövrdə iqtisadi sahədə bir sıra müqavilələr imzalansa da, geniş sferada ikitərəfli iqtisadi münasibətlərə nail olunmadı. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ABŞ-Azərbaycan iqtisadi və enerji təhlükəsizlik əlaqələrində yeni mərhələnin başlanğıcını qoydu. Bundan sonra ABŞ-Azərbaycan arasında bir sıra neft yataqlarının işlənilməsi ilə bağlı müqavilələrin imzalanması iqtisadi sferada qarşılıqlı münasibətlərdə müsbət dinamikaya səbəb oldu.Beləliklə, 1991-1993-cü illəri əhatə edən birinci mərhələ ərzində iki ölkə arasında iqtisadi sahəni əhatə edən bir sıra müqavilələr bağlanıb, danışıqlar aparılsa da, bu ABŞ-Azərbaycan iqtisadi münasibətlərinin geniş sferada inkişafı ilə nəticələnmədi. ABŞ arxiv sənədlərinə 2 görə bu dövrdə Azərbaycan Qərblə iqtisadi əlaqələrin qurulmasını istəsə də, bunun erməni dezinformasiyaları ilə bağlı mümkünsüzlüyünə inanırdı.İkinci mərhələdə isə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın neft strategiyasında yeni bir mərhələnin başlanğıcını qoydu. “Əsrin müqaviləsi” 1994-cü il sentyabr ayının 20-də Bakıda Gülüstan sarayında imzalandı. “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik bu müqavilə 4 dildə tərtib edilmişdi. Müqavilədə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Türkiyə, Rusiya, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, Lukoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edirdi. Bu müqavilə daha sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdı. 1991-1993-cü illərdən fərqli olaraq, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra aparılan danışıqlar, imzalanan bir sıra mühüm müqavilələr, həyata keçirilən tədbirlər və icra edilən layihələr ABŞ-Azərbaycan iqtisadi münasibətlərinin gələcək inkişafına müsbət zəmin yaratdı.Azərbaycan tərəfindən yeridilən uğurlu xarici siyasət strategiyası nəticəsində ABŞ-ın ən mühüm şirkətlərinin ölkədəki beynəlxalq neft-qaz layihələrinə cəlb edilməsi bu sferanın inkişafına təsir göstərməklə yanaşı, ABŞ-ın Azərbaycanan yönəlik siyasətində dəyişikliyə səbəb oldu. Azərneftin dünya bazarlarına çatdırılmasını təmin etmək üçün ABŞ-ın iştirakı ilə reallaşdırılan mühüm layihələr Azərbaycanın iqtisadi potensialını gücləndirməklə yanaşı, ölkənin təhlükəsizliyinin təminində əsaslı roy oynadı.
V.VƏLİYEV