Təqribən 30 ilə yaxın dövr ərzində işğal altında olan torpaqlarımız öz azadlığına qovuşduqdan sonra həmin ərazilərdə böyük quruculuq işlərinin aparılması geniş vüsət alıb. Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq, düşmən əsarətindən qurtulmuş şəhər və rayonlarımızda bu gün irimiqyaslı tikinti layihələri həyata keçirilir, infrastruktur əsaslı şəkildə yenilənir.
Fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchizat
Məlum olduğu kimi, ötən ilin mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşaya səfər çərçivəsində 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyasının açılışında iştirak ediblər. Açılışda qeyd edilib ki, Füzulidəki “Şükürbəyli” yarımstansiyasından Şuşaya 75 kilometrlik 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkilişi fasiləsiz, növbəlilik prinsipi ilə 73 günə icra olunub ki, bu da nəinki Azərbaycan energetikası, regionun energetika tarixində rekorddur. Bildirilib ki, yarımstansiya məsafədən idarə olunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulmaqla tam rəqəmsallaşıb. Həmçinin, 2021-ci il iyunun 14-də prezident İlham Əliyev yeni tikilən “Füzuli” və yenidən qurulan “Şükürbəyli” yarımstansiyalarının da açılışına qatılıb. Dövlətimizin başçısına məlumat verilib ki, Şuşa yolunun yaxınlığında yerləşən “Füzuli” yarımstansiyası Füzuli şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək. Bildirilib ki, işğaldan azad edilən ərazilərin böyük hissəsinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulub, bu məqsədlə yarımstansiyanın gücü artırılmaqla yanaşı, 110 kilovoltluq açıq paylayıcı qurğu sökülərək daha müasir formada tikilib.
Turizm potensialı möhkəmləndirilir
Azərbaycanın dilbər guşəsi olan Şuşada yenidənqurma işləri sürətli və gözoxşayan şəkildə davam etdirilir. Turizm potensialının möhkəmləndirilməsi məqsədilə gerçəkləşdirilən layihələr yenidənqurma işlərinin mühüm tərkib hissəsidir. İşğal nəticəsində baxımsız vəziyyətə düşən “Xarıbülbül” və “Qarabağ” otellərinin tam müasir səviyyədə inşa olunması aparılan bərpa-quruculuq işlərinə əyani sübutdur.Qeyd edək ki, “Xarıbülbül” otelində ümumilikdə 49 otaq var. Onların hamısı qonaqların qalması və rahat istirahət etməsi üçün bütün zəruri infrastrukturla təchiz olunub. Məlumat üçün bildirək ki, 1980-ci ildə inşa edilən “Qarabağ” hotelinin binası 1992-ci ilin mayında Şuşa şəhərinin işğalı nəticəsində öz fəaliyyətini dayandırmış və baxımsızlıqdan tamamilə yararsız vəziyyətə düşmüşdü. Şuşa şəhəri müzəffər ordumuzun şanlı qələbəsi nəticəsində Ermənistanın işğalından azad edildikdən sonra 2021-ci ildə Prezident İlham Əliyevin tapşırığına əsasən, hoteldə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Müasir səviyyəyə çatdırılan hoteldə Şuşa şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Burada müxtəlif kateqoriyalı otaqlar var. Hoteldə işgüzar görüşlərin və tədbirlərin keçirilməsi üçün konfrans otağı yaradılıb. Hotel ərazisində avtomobil dayanacağı da inşa edilib. Hotelə yaxın olan parkın ərazisi abadlaşdırılıb, fəvvarələr qurulub və park işğaldan əvvəlki görkəminə qaytarılıb.Qeyd edək ki, bu cür obyektlərin istifadəyə verilməsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın turizm imkanlarının genişləndirilməsində çox mühüm rol oynayır.
Tarixi şəxsiyyətlərin xatirəsinə yüksək ehtiram
İstər Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə, istərsə də cənab İlham Əliyevin 18 illik prezidentliyi dövründə dahi şəxsiyyətlərimizə hörmət hər zaman öndə olmuşdur. Məhz işğaldan azad edilmiş bölgələrimizdə vaxtilə erməni vandalizmi nəticəsində dağılmış mədəni abidələrin bərpasını bu qəbildən olan işlərə aid etmək məqsədəuyğun olar. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin və büstünün, Üzeyir Hacıbəyovun heykəlinin, Bülbülün Ev-Muzeyinin, Natəvan bulağının bərpası və bu kimi digər yenidənqurma işləri dövlət başçımızın tarixi şəxsiyyətlərə yüksək ehtiramının, ədəbiyyata, mədəniyyətə həssas münasibətinin göstəricisidir.
Ağdam – Qarabağın Sənaye Mərkəzi
İşğaldan əvvəlki dövrdə olduğu kimi, Ağdam bu gün bərpa və yenidənqurma işləri sayəsində öz əvvəlki “Qarabağın Sənaye Mərkəzi” statusuna qayıtmaqdadır.Ötən il mayın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə təməlqoyma mərasimi keçirilən Ağdam Sənaye Parkı qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili də nəzərdə tutulur. Sənaye Mərkəzində 330 iş yeri yaradılacaq.
Ağdam Sənaye Parkında tikinti-quraşdırma işləri mərhələli şəkildə davam etdirilir.
Belə ki, Ağdam Sənaye Parkının 74,13 hektar ərazisində topoqrafik planlama işləri artıq yekunlaşdırılıb. Parkın ərazisində dağılmış tikililərin geometrik ölçüləri müəyyən edilib və ərazidən daşınması nəzərdə tutulan tullantıların həcmi dəqiqləşdirilib. Bundan başqa, yanvar ayının 26-dan etibarən Sənaye Parkında mühəndis-geoloji tədqiqat işlərinə də başlanılıb. Geoloji-tədqiqat zamanı Parkın ərazisində suxurların tərkibi və litoloji təsviri, qruntun fiziki və mexaniki xüsusiyyətləri müəyyən ediləcək.
Ağalı kəndi – Ağıllı kənd
İşğaldan azad olunmuş bölgələrimiz ən müasir texnologiyaların tətbiqi əsasında yenidən qurulur. Zəngilan rayonunun Ağalı kəndi də belə yaşayış məntəqələrimizdən biridir. Ağalıya “Ağıllı kənd” layihəsi çərçivəsində sanki yeni nəfəs verilir. Layihənin təməli 2021-ci ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulub. “Ağıllı kənd” layihəsinin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. Kənddə yaradılacaq “Ağıllı məktəb”də distant təhsilin aparılması üçün bütün imkanlar olacaq. Burada müasir şəhərsalma standartları tətbiq olunacaq. Piyada və velosiped yolları çəkiləcək. Ağalıda kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı bir sıra işlər görüləcək. “Ağıllı kənd təsərrüfatı”nda müasir suvarma sistemlərindən istifadə olunacaq. Bundan əlavə, “Ağıllı kənd” layihəsi üçün əkin planı hazırlanıb. Planda nəzərdə tutulmuş torpaq sahələrinin əkinə yararlılığı qiymətləndirilib və əkin üçün hazırlığa başlanılıb. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb. “Ağıllı kənd”də kənd təsərrüfatı fəaliyyətinin bərpası və inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədilə layihə çərçivəsində ictimai fermanın qurulması nəzərdə tutulur. Fermada 250 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu mal-qaranın saxlanması mümkün olacaq. Burada “Ağıllı idarəetmə sistemi” data və təhlil mərkəzindən həyata keçiriləcək.
Füzuli Beynəlxalq Hava Limanı – Qarabağın Hava Qapısı
2021-ci il oktyabrın 26-da Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılışı olub. Hava limanı ən müasir səviyyədə inşa edilib. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Prezidentlərə məlumat verilib ki, hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb. Burada avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi tikilib. Bu isə Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasını mümkün edir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb. Burada sərnişinlərin rahatlığı üçün bütün meyarlar diqqət mərkəzində saxlanılıb.
İçməli su təchizatı yaxşılaşdırılır
İşğaldan azad edilmiş ərazilərdə içməli su təchizatının yaxşılaşdırılması məqsədilə aparılan təxirəsalınmaz tədbirlər çərçivəsində ötən müddətdə 350-dək obyekt içməli su ilə təmin edilib. Su mənbələrindən uzaq və infrastrukturun mövcud olmadığı ərazilərin su təchizatı xüsusi sudaşıyan maşınlar vasitəsi ilə təmin edilib. Bu məqsədlə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin nəqliyyat vasitələri əraziyə cəlb olunub. Xidmət ərazisinin getdikcə genişlənməsi və içməli suya tələbatın artması, həmçinin istismar olunan qurğuların əhatə dairəsinin genişlənməsi nəzərə alınaraq yeni nəqliyyat vasitələrinin alınması zərurəti yaranıb. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən xidmət sahələri üçün 6 pik-up tipli avtomobil, 18 ton tutumu olan 4 ədəd sudaşıyan maşın, 3 ekskovator və qəza-bərpa xidməti üçün 1 ədəd UAZ markalı nəqliyyat vasitəsi alınıb.Bu nəqliyyat vasitələri işğaldan azad olunmuş Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarında, Hadrut qəsəbəsində xidməti istifadə üçün nəzərdə tutulub. Bundan başqa, yay aylarında su çatışmazlığı müşahidə olunan yaşayış məntəqələrinə suyun çatdırılması məqsədilə əlavə maşınlar alınıb. Nəqliyyat və Xüsusi Texnika İdarəsinin parkında olan 8 ədəd 18 tonluq yeni sudaşıyan maşın regionlara göndərilib.
Mehdi Kamiloğlu