Prezident İlham Əliyevin aprelin 22-də Çin Xalq Respublikasına dövlət səfəri bir sıra mühüm tarixi məqamları ilə yadda qaldı. Bu səfər ilk növbədə qalib Azərbaycan dövlətinin, dünya liderləri arasında özünəməxsus nüfuzu və hörməti olan Prezident İlham Əliyevin nüfuzunun bir daha göstəricisi oldu. Azərbaycan Prezidentinin yüksək səviyyədə, qarşılıqlı etimada və səmimiyyətə söykənən dostluq münasibəti fonunda qarşılanması, keçirdiyi görüşlər, müzakirə edilən məsələlər, imzalanan sənədlər böyük tarixə malik Azərbaycan-Çin əlaqələrinin bugününün və gələcəyinin aydın mənzərəsinin təqdimatı oldu.
Çin dövlətinə bu dəfəki səfər aktuallığı ilə seçilir və dünyanın ən inkişaf etmiş ölkələrindən biri ilə, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın” əhəmiyyətini daha artırır. Səfər zamanı imzalanan mühüm sənədlər iki dövlət arasında əlaqələrin daha da möhkəmlənməsinə zəmin yaradır, siyasi–iqtisadi gündəliyi daha da zənginləşdirir.
Çin tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsü ikitərəfli münasibətlərin genişləndirilməsinə, dərinləşməsinə yeni imkanlar yaratmaqla bərabər, potensialların reallaşdırılmasına əsas verir. Çinə vizasız rejimin tətbiqi, bərpa olunan enerji istiqamətində əməkdaşlığın genişləndirilməsi, təhsil sahəsində həyata keçirilən tədbirlər, ticarət dövriyyəsinin yüksək səviyyəyə çatması, nəqliyyatın inkişafı, tranzit daşımalarının yüksəlməsi, iqtisadiyyat, mədəniyyət, turizm, ekologiya və digər sahələrdə, əldə olunan nəticələr və perspektivlər göstərir ki, iki dövlət inkişaf və sağlam əməkdaşlıq yolundadır və bu yol yeni uğurlar qazandıracaqdır.
Məlum olduğu kimi, iki ölkə arasında diplomatik münasibətlər 33 ildir qurulub. Ötən il ölkələrimiz arasında imzalanan strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamədə də qeyd olunub ki, strateji tərəfdaşlıq bərabərlik, etimad və qarşılıqlı dəstəyə əsaslanır. Təbii ki, strateji tərəfdaşlıq diplomatik münasibətlərdə ən yüksək səviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edir və bu, qarşılıqlı dəstəyə əsaslanır. İki ölkə arasında münasibətlər ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmama prinsiplərinə əsaslanır. Bakı və Pekin bir-birinin seçdiyi inkişaf yolunu, təməl maraqlarını, suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Çin eyni zamanda Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyinə də dəstək ifadə edib, qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir. Rəsmi Bakı da, öz növbəsində, Tayvanı Çin ərazisinin ayrılmaz tərkib hissəsi kimi tanıyır.
Bu gün ikitərəfli münasibətlərin xarakterinə diqqət yetirdikdə aydın görünür ki, Azərbaycan və Çin müasir dünya nizamı və dünyada gedən proseslərə ortaq mövqedən baxır. Hər iki ölkə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanan əsas normaların qorunmasına səy göstərir, diktə dilində danışmağa, güc siyasətinə qarşı çıxır. Bakı və Pekin ümumbəşəri dəyərlərin - sülh, inkişaf, bərabərlik, ədalət, demokratiya və azadlığın təşviqinə tərəfdardır.
Bu gün Azərbaycan və Çin ticarətlə yanaşı, həm də istehsal, infrastruktur tikintisi, sənaye sahələri, kənd təsərrüfatı, nəqliyyat, telekommunikasiya və digər sahələrdə fəal əməkdaşlıq etməkdədir. Son illərdə Azərbaycanla Çin arasında səmərəli investisiya əməkdaşlığı həyata keçirilir.
Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” imzalanıb. Bu, saziş ölkələrimiz arasında təmaslara ciddi təkan verəcək və qarşılıqlı səfərlərin sayını artırmağa xidmət edəcək.
Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində bərpaolunan enerji sahəsində əməkdaşlığa dair 6 sənəd imzalanıb. Bu sənədlər ümumilikdə 260 meqavat gücündə günəş elektrik stansiyaları, 100 meqavatlıq üzən günəş elektrik stansiyası, 30 meqavat gücündə batareya enerji saxlanc sistemi, dənizdə minimum 2 qiqavat gücündə külək elektrik stansiyasının inşası, daha 2 meqavat gücündə külək enerjisi layihəsinin inkişafı, eləcə də bərpaolunan enerji və elektrik enerji sisteminin planlaşdırılması üzrə əməkdaşlığı əhatə edir. Hər bir səfərin əhəmiyyətini, münasibətlərin gələcək inkişafında rolunu təsdiqləyən mühüm məqamlardan biri imzalanan sənədlər və onların sayı ilə yanaşı, əhatə etdikləri sahələrdir. Səfər zamanı iki ölkə arasında 20-yə yaxın sənəd imzalandı. Prezident İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpinin imzaladıqları “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” iki dost ölkənin münasibətlərinin gələcək inkişafında yol xəritəsi kimi qəbul edilə bilər.
18 bənddən ibarət olan Birgə Bəyanatda qeyd edilir ki, hər iki dövlət başçısı diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan-Çin əlaqələrinin inkişafındakı nailiyyətləri yüksək qiymətləndirərək səmimi və dostluq mühitində danışıqlar apardılar. Qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, qarşılıqlı dəstəyi gücləndirməyə, hər iki ölkənin xalqlarının mənafeyi naminə hərtərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını ifadə edərək, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması barədə yekdilliklə qərar qəbul etdilər. Tərəflər xalqlarının seçdiyi və milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm dəstəkləyir, hər iki ölkənin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər.
Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına bu səfəri mühüm tarixi nəticələri və Azərbaycanın iqtisadi mənafeylərinə xidmət edən vacib sənədləri ilə yadda qaldı. Əminliklə qeyd edə bilərik ki, artıq ölkələrimiz arasında səmərəli əməkdaşlıq baxımdan yeni dövr başlayır.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyin sədri