“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatı, Ağdam Rayon İcra Hakimiyyəti və Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon İcra Hakimiyyəti Aparatında şəhid ailələri və müharibə veteranları ilə işin təşkili şöbəsinin müdiri Samir Məmmədov, Kollecin direktoru Neymət Rüstəmli, eləcədə şəhid ailələri, qazilər, kollecin pedaqoji kollektivi, tələbələr iştirak ediblər. Tədbir iştirakçıları ilk öncə Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin həyətində kollecdə təhsil almış şəhidlərin xatirəsinə ucaldılmış xatirə lövhəsini ziyarət etmişlər və xatirə lövhəsinin önünə gül dəstələri düzmüşlər. Daha sonra tədbirin rəsmi hissəsi açıq elan olunmuş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Yeni Azərbaycan Partiyası Ağdam rayon Təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon İcra Hakimiyyəti Aparatında şəhid ailələri və müharibə veteranları ilə işin təşkili şöbəsinin müdiri Samir Məmmədov, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsin direktoru Neymət Rüstəmli və digər natiqlər əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın keçdiyi şərəfli yoldan bəhs etmiş və tarixi Zəfərimizin qazanılmasında Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətin nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasını vurğulayıblar. Daha sonra bədii hissədə isə, kollecin tələbələri tərəfindən vətənpərvərlik ruhunda müxtəlif şeir və musiqi səsləndirilib.
Tədbirdə həmçinin kitab sərgisi və Ağdam Dövlət Sosial-İqtisadi Kolleci tələbələrinin əl işlərindən ibarət rəsm əsərləri nümayiş olunmuşdur.