Köşə

  • 8 281

Diqqət Laçın yolunda və Laçın yolunadır! KÖŞƏDAR

image

Beləliklə, Şuşa-Xankəndi yolu üzərində ekofəalların və vətəndaş cəmiyyəti təmsilçilərinin haqlı etiraz aksiyaları vüsət almaqda davam edir. Erməni tərəfi, daha dəqiq desək, separatçı-cinayətkar rejim və onların Ermənistandakı havadarları iddia edirlər ki, guya yolun azərbaycanlılar tərəfindən “bağlanması” Rusiya sülhməramlıları kontingentinin (RSK) müvəqqəti yerləşdikləri ərazilərdə “humanitar fəlakət” yaradıb və s. Ancaq fakt budur ki, yolun bağlanması və hər iki tərəfdən erməni maşınlarının buraxılmaması məhz RSK-nın təşəbbüsüdür. Belə olmasa idi ekofəallar dəfələrlə (!) Xankəndidən gələn və Xankəndinə gedən humanitar məqsədli avtomobillərin keçməsinə şərait yaratmazdılar. Yəni fakt budur ki, Bakı məlum tələbini qüvvədə saxlayır və müəyyən olunmuş ərazilərdə monitorinqlərin keçirilməsi tələbini bu gün də irəli sürməkdədir. Bütün bunlar öz yerindədir.Amma bu arada məhz Ermənistanın (???) təşəbbüsü ilə BMT-də Laçın yolu üzərində cərəyan edən olayların müzakirəyə çıxarılması özü-özlüyündə bəzi sualları yaradır. Qarabağ Azərbaycandır və bu fakt beynəlxalq aləm tərəfindən birmənalı olaraq tanınırsa, Ermənistan hansı haqla Azərbaycanın daxilində baş verən proseslərə, sözün əsl mənasında, yenidən burun dürtməyə başlayıb? Çünki Azərbaycan dəfələrlə bu və ya digər şəkillərdə və rəsmi qaydada bəyan edib ki, bu gün Qarabağdakı erməni vətəndaşlarının aqibətləri ilə məhz Ermənistan və Qarabağ separatçıları oyun oynayırlar. Və bu gün gerçək humanitar fəlakəti də oradakı ermənilərə həmin dairələr törədirlər. Amma bunun digər tərəfləri də var.Artıq bir neçə gündür ki, RSK daha əvvəl yerləşdirdikləri baryerlərini və hərbçilərini Laçın yolundan, aksiyanın keçirildiyi ərazidən geriyə çəkib. Görünür, RSK məhz yolun onların özləri tərəfindən bağlanması ittihamlarından yaxasını qurtarmaq üçün bu addıma gedib.
Lakin...
Lakin daha bir məqam Qarabağdakı separatçı-quldur kəsimin vəziyyəti daha da mürəkkəbləşdirmələri cəhdləri ilə bağlıdır. Ötən gündən məlum olub ki, ermənilər Ağdamdan Kəlbəcərə və Ağdərəyə gedən yolları bağlayıblar, üstəlik bəyan edirlər ki, Laçın yolu açılmayana qədər bu yolu da açmayacaqlar və s. Deməli, vəziyyətin gərginləşməsi üçün açıq-aşkar təxribatçı məqsədlər ortadadır...Amma bütün bunlara rəğmən, top da Bakıdadır və bu mənada hansı nəticələrə gəlmək olar? Ya da vəziyyətdən çıxış yolu necədir?Birincisi, separatçıların yolu bağlamaları sübut edir ki, RSK-nın və separatçıların davranışları İrəvanın daha əvvəl də iddia etdiyi “Bakı-Moskva gizli razılaşması” iddialarını yerli-köklü məhv edir. İndi hər kəsi bir sual maraqlandırır ki, üçtərəfli bəyanatın imzalanmasından sonra, ötən iki il müddətində əldə edilmiş əlavə şifahi razılaşmalara əməl etməyə gərək qalırmı? Həmin şifahi razılaşmaların bəzisini xatırlada da bilərik:
- Ermənistanın rəsmi şəxslərinin və xarici vətəndaşlarının RSK-nın olduğu ərazilərə səfər qadağaları. Halbuki, RSK zaman-zaman bu şifahi razılaşmalara da dəfələrlə məhəl qoymayıb, faktlar isə kifayət qədər çoxdur!
- Hazırkı məqamda Azərbaycan SQ-nin separatçıların bağladıqları yoldan keçməmələri daha bir şifahi razılaşmanı pozur.
- Qarabağla bağlılığı olmayan ermənilərin Qarabağda olmaları – Ruben Vardanyanın “zühuretmə” faktı ortadadır. Bütün bunlar isə sübut edir ki, şifahi razılaşmalar da işləmir.
Bəs belə bir situasiyada daha hansı addımlar atıla bilər? Təbii ki, Bakının daha çevik fəaliyyətə keçməsi üçün zəminlər yaranıb. Birincisi, ekoaksiya tam sürəti ilə və daha artıq gücü ilə davam etdirilməlidir. Hədəf faydalı qazıntılar yataqlarıdır. Orada aparılan qanunsuz işlər dayandırılmalıdır!İkincisi, heç kim deyə bilməz ki, Azərbaycan öz ərazilərində yaranmış növbəti təhdidlərə görə antiterror əməliyyatlarını keçirə bilməz. Fərrux, Daşbaşı, Qisas və s. əməliyyatları buna sübutdur. Bu baxımdan, hələ də Qarabağda qalmağa davam edən Ermənistan silahlı qüvvələrinə məxsus infrastrukturların havadan və yerdən məhv edilməsi hər an baş verə bilər!Üçüncüsü, gərək olarsa aksiyada iştirak edən fəallar RSK-nın da nəqliyyatlarına baxış keçirməlidir. Necə deyərlər, “xalq nəzarəti” adı altında. Yəqin ki, Moskva sovet vaxtlarının bənzər tandemini unutmayıb...Dördüncüsü, Xankəndiyə və ətrafına verilən qaz, işıq və s. enerji resursları, həmçinin bank-maliyyə köçürülmələri, internet, mobil rabitə, telefon qovşaqları şəbəkələri birbaşa Azərbaycanın nəzarətinə keçirilməlidir.Və beşincisi – şərti sərhədlərdə, RSK-nın məntəqələri qarşısında sərhəd buraxılışı məntəqələrinin təyin olunması. Çünki hazırkı məqam artıq bunu da diktə edir.Hə, qaldı ki, hansısa bəzi xarici ölkələrin rəsmi qurmlarının rəsmi Bakıya qarşı “humanitar prinsip dərslərini” keçmək cəhdlərinə, onlar da yaxşı bilirlər ki, Qarabağ Azərbaycandır - necə ki, Tallin Estoniya, Ottava Kanada, Vilnüs Litva, Vaşinqton ABŞ-dır!
Diqqət isə Laçın yoluna və Laçın yolundadır!

Digər xəbərlər