Köşə

  • 7 875

Qürur dolu 10-cu gün KÖŞƏ

image

Biz Birinci Vətən Müharibəsi ilə İkinci Vətən Müharibəsi arasındakı zaman kəsiyinin o başında deyil, bu başındayıq. Yəni 30 ilin əvvəlindəki torpaqları işğala məruz qalan, yurdundan zorla qovulan, qapıları bağlı qalan, məcburi qaçqınlıq, köçkünlük həyatı yaşayan, gözüyaşlı insanlar deyilik.Biz 44 günlük Vətən müharibəsinin Zəfərinin sahibləriyik. Torpaqlarımızı erməni işğalından azad edib, qələbədən ötən iki ildə qürurla yaşayan, başımızı dik tutub öyünən xalqıq.Artıq əzəli torpaqlarımıza Böyük Qayıdışa başlayan, Qarabağın 30 illik qara örpəyini başından açıb, miskin libasını əynindən çıxararaq ona toy-bayram donu geyindirən, quran, yaradan xalqıq.Biz torpaqlarımızın sahibləriyik. Həm də bu torpaqların sərvətlərinin sahibləriyik. 30 il boyunca ermənilərin taladıqları, satıb-sovurduqları sərvətlərimizə “əl vurma”, balta çaldığı ekologiyamızın zülmünə “son” deyənlərik.Elə bu səbəbdən də onuncu gündür ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloqların, fəalların, könüllülərin iştirakı ilə Xankəndi-Laçın yolunda keçirilən aksiyalar davam edir. Qürurlu 10 gün. Bəli, necə ki, 44 gündə övladlarımızın cəbhəyə yollanması, düşmənin gözünə dağ çəkməsi, torpaqlarımızı qarış-qarış yağıdan azad etməsi ilə qürur duyurduqsa, müharibə meydanından çox-çox kənarda bombalanan evlərimizin, həyət-bacamızın düşdüyü yararsız vəziyyətə görə alnımızı belə qaırışdırmırdıqsa, “təki qələbə çalaq, yurdumuz azad olsun”,- deyirdiksə, birliyimiz, həmrəyliyimizlə fəxr edirdiksə, ötən 10 gündə də Vətənimizin yetişdirdiyi gənclərin mübarizliyi fonunda eyni hissləri yaşayır, qürur duyuruq.Onların payızın şaxta-soyuğunda etiraz aksiyasında iştirakları, ekologiyamızın talanmasına son qoyulanadək bu aksiyaları davam etdirmələrini əzmlə söyləmələri ilə qürur duyuruq.Bu aksiyaya ölkənin müxtəlif regionlarından olan fəallar qoşulur. Etirazçıların tələbləri dəyişməzdir: Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə son qoyulmalı, aksiya iştirakçılarının Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına baş çəkmələri təmin edilməli, Rusiya sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkov aksiya keçirilən yerə gəlməlidir.Aksiya iştirakçılarının “Şəhidlər ölməz, Vətən bölünməz”, Azərbaycan oyaqdır, sərvətinə dayaqdır”, “Qarabaq Azərbaycandır!” kimi şuarlar, Vətən, torpaq haqqında mahnılar səsləndirmələri, mətbuat nümayəndələrinə müsahibələr vermələri, tələbləri yerinə yetirilənə qədər gözləyəcəklərini bildirmələri İkinci Vətən Müharibəsində soydaşlarımızın birlik və həmrəyliyini gözlər önünə gətirir. Hər bir Azərbaycan vətəndaşının 44 gündə Ali Baş Komandanın əmrini gözləməsi, Qarabağ üçün canından keçəcəyini bildirməsi, gecə-gündüz ayıq-sayıq dayanıb hadisələri izləməsi nə qədər qürur yaradırdısa, bu günlər torpaqlarımıza ekoloji zərbə endirənlərə qarşı etiraz aksiyasındakı insanların səbri, əzəməti də bir o qədər qürur doğurur.Bəli, nə Azərbaycan otuz il əvvəlki Azərbaycandır, nə də azərbaycanlılar 30 il əvvəlki insanlar deyil. Düzdür, hünərimizi, mübarizliyimizi ata-babalarımızdan almışıq, onların qanından hopub qanımıza vətənpərvərlik, lakin biz həm də 30 ildir ki, müstəqil ölkənin vətəndaşlarıyıq. Hüquqlarımızın müdafiəsində dayanan, insan amilini dövlət siyasətinin əsas prioritetinə çevirən bir ölkənin vətəndaşlarıyıq. Kim bizim ərazimizə yaxın gələ bilər, kim bizim sərvətlərimizi talaya bilər?Bu gün bizi bütün dünya əzmimizlə, hünərimizlə, iqtisadi gücümüzlə, milli ordumuzla, birlik, həmrəyliyimizlə, ən əsası isə xalqının arxasında qətiyyətlə dayanan Ali Baş Komandanımızla, dövlətimizin layiqli rəhbəri ilə tanıyır. Bizi Zəfər xalqı kimi tanıyır... Bu Zəfəri həm siyasi, həm də döyüş meydanında qazanan oğullarımızı tanıyır.Bütün bunlara görə də bu aksiyanın da sonunun nə ilə nəticələnəcəyini bu gündən görmək bir o qədər çətin deyil. Hələlik isə qürurlu günlər davam edir...

Mətanət Məmmədova

Digər xəbərlər