Köşə

  • 5 702

Ermənistan dövlət bayrağının emblemini dəyişir KÖŞƏ

image

Cümleyi-aləmdə hər kəsin eyni arzusu var. Yəni dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bəşər övladlarının ürəyindən, qəlbindən keçirdikləri arzuları eynidir: Gözəl geyinmək, yaxşı yemək, içmək, gəzmək və istirahət etmək, həm də balaca da olsa vəzifə sahibi olmaq. Amma araşdırmalar zamanı bəlli olan fakt ondan ibarətdir ki, bəzən gözəl görünən, yaxşı seyr edilənlər əksər hallarda üstü bəzək, altı təzək olur. Var-dövlət sahibi olmaq, vəzifə pillələrində yüksəlmək heç də xoşbəxtlyin aləməti sayıla bilməz. Bu yerdə ulularımızın ibrətamiz məsəli də yada düşür: “Yavan-çörək yeyim, amma canım sağlam, ailəm salamat olsun”. İnsanlar olub ki, aləmi-cahana hökm edib, amma sonunda bir metrlik kilimə möhtac qalıb. Malı-mülkü, milyardları olan məxluqlar olub ki, canındakı ağrılar, dizindəki taqətsizlik qəddi-qamətini əyib, fağır-füqəraya yana-yana baxıb. Ustad aşıqlarının deyimində deyildiyi kimi:

Dünyaya çox gəlib at oynadanlar,
Qılınc qaldıranlar qalxan tutanlar.
İnsanı qul deyib alıb-satanlar,
Möhtac olub bir yorğana, görmüşəm.

Hər göz qamaşdıran parıltı qızıl ola bilməz. İlk baxışdan səndə xoş ovqat, gözəl hiss yaradan əşya və ya mənzərə dərinliyinə varanda, mənasız boşluqdan başqa bir şey olmadığını anlayarsan. Misal üçün, deyilənə görə, heyvanat aləmində ən gözəl göz eşşəkdədir. Ancaq cürət edib kiməsə "eşşək gözlüm" desən, işin fəna olar. Əminliklə demək olar ki, o sözü deyən az vaxt sonra polisdə zərərçəkən qismində tanınacaq. Eləcə də, şou-biznes aləminin bərkgedən mütrübləri kimi tanınan Aygünə, Rəqsanəyə, Xatirəyə, Röyaya "Ay mənim eşşək gözlü gözəlim" desən peşmanlığını çəkərsən. Uzun müddət qınaq obyekti olarsan, sosial şəbəkələrdə tənqid və təhqirlərə məruz qalarsan. Eləcə də, bu mütrüblər eşşəyin gözünü mədh etsələ,r yüz faiz sizləri əmin edirəm ki, həmin dəqiqə sponsorsuz qalacaqlar, xarici avtomobildən, bərli-bəzəkli villalardan məhrum olunacaqlar. Ona görə də bu biçarələr, saxtakarlıq edərək içib hovuza girəndə, "Maral, maral, maral" oxuyub, aradabir "Ay mənim ceyran gözlüm" deyib irişirlər.Nə isə, görünən ondan ibarətdir ki, eşşəyin gözü ən yaxşı göz hesab olunsa da, quruluşu və forması heç xoşlanmır. Amma ABŞ-da eşşək ən sevimli heyvan hesab olunur. ABŞ-ın kənd və qəsəbələrində, şəhərlərində eşşəyi olan amerikalı mədəni sinyor, ləyaqətli mister hesab olunur. Hətta eşşəyin amekanlar üçün xətri o qədər əzizdir ki, onu Demokratlar Partiyasının simvolu olaraq qəbul ediblər. Prezident seçkilərində zirək demokratlar özlərinə "fil" simvolunu seçən respublikaçıları eşşəkləri vasitəsi ilə gözdən salmağa, sıradan çıxarmağa çalışırlar. Əksər hallarda da uğur qazanırlar.ABŞ-ın siyasi ensiklopediyasında əks olunan yazılı məlumata görə, demokratların eşşəyə olan sevgilərinin tarixi 1828-ci il prezident seçkilərindən qoyulub. Müharibə qəhrəmanı kimi özünə ad çıxarmış prezidentliyə namizəd Andreş Jackson respublikaçılar tərəfindən populizmdə ittiham edilərək, "jackass", yəni eşşək adlandırılmışdır. O zamandan demokratların adları üstlərindədir: "Filan eşşək demokrat", "bəsmənkəs eşşək demokrat".
Eşşəkdən yazmışkən, yadıma Fransa dövlətinin bayrağının emblemində xoruz şəklinin olması düşdü. Nəsə şübhəli məqamlar var, necə ola bilər ki, özlərini dünyanın bərkgedən dövlətləri kimi təqdim etməyə çalışan ölkələr atributlarına it, pişik, eşşək və ya xoruz şəklini yerləşdirirlər? Ən maraqlı məqam ondan ibarətdir ki, Makron bacısı Ermənistana bağlığını sübut etmək üçün Paşinyan hakimiyyətinə dövlət bayrağındakı mənasız emblemi xoruz şəkli ilə əvəzləməyi təklif edib. Deyilənə görə, Paşinyan rejimi təklifi sevinclə qarşılayıb və yaxın vaxtlarda deputatlar rus dilində ifadəsi daha uyğun hesab olun, xoruzu başları üzərində qaldırmağa qərar veriblər. Əslində, belə də olmalıdır. Biz azərbaycanılarda əski məsəl var, “atı atın yanına bağlasan, həmrəng olmasa da, həmxasiyyət olar”.
İ.ƏLİYEV

Digər xəbərlər