Köşə

  • 5 783

Fransa “insan haqlarından” dəm vurarkən... KÖŞƏDAR

image

Artıq bir aydır ki, Azərbaycan ekofəalları Rusiya sülhməramlıları kontingentinin (RSK) müvəqqəti nəzarətləri altındakı ərazilərdə faydalı qazıntıların monitorinqinin həyata keçirilməsi tələbi ilə dinc aksiya keçirirlər. Qarabağdakı cinayətkar rejim və Ermənistan hökuməti hər vəchlə dinc və heç bir humanitar problemlər yaratmayan ekoaksiyanı az qala İkinci dünya müharibəsi zamanı baş vermiş “Leninqrad blokadası” kimi təqdim etməyə cəhdlər göstərir, guya ərzaq qıtlığı və s. “problemlərlə” qarşılaşdıqlarını ətəklərini başlarına qaldırmaqla dünyaya car çəkirlər. Halbuki heç də belə deyil. Aksiya başlayan gündən indiyə qədər yüzlərlə RSK-ya məxsus humanitar məqsədli avtomobillər, eləcə də Beynəlxalq Qırmızı Xaç Təşkilatına məxsus təcili tibbi yardım maşınları Xankəndi və əks istiqamətdən keçməklə heç bir maneələrlə qarşılaşmayıblar. Ancaq buna baxmayaraq, cinayətkar rejimin baş quldurları gah “ərzaq talonu” tətbiqi, gah da digər üsullarla beynəlxalq ictimaiyyət qarşısında “məzlum”, “əzabkeş” kimi görünmək üçün dəridən-qabıqdan çıxırlar. Lakin daha bir fakt budur ki, sosial şəbəkələrdə Xankəndi ermənilərinin şəhər restoranlarına, evlərində geninə-boluna yeyib-içmək fotoları, videoları paylaşılır və bütün bunlar əsl reallığı ortaya çıxarır. Beləliklə, Xankəndidə Ruben Vardanyan tərəfindən ssenariləşdirilmiş teatr tamaşası davam edir və bu tamaşa paralel olaraq Azərbaycanın ərazi bütövlüyü və maraqları əleyhinə çıxış edən bir sıra ermənipərəst təşkilatların əllərinə girəvə verir. Bəyanatlar, tvitlər, çağırışlar, narahat olmalar, qayğılanmalar və daha nələr və nələr..!Belə bir mühitdə özünü ən çox canfəşan kimi göstərən tərəf nə qədər təəccüblü görünməsə də Fransa hakimiyyətidir. Həmin Fransa hakimiyyəti ki, gah Senatı vasitəsi Azərbaycan əleyhinə qətnamələr qəbul edir, gah Qarabağda “humanitar ofis” açacağını həyasızcasına bəyan edir, gah Avropa İttifaqına Azərbaycanla əlaqələrə son qoymağa çağırışlar səsləndirir, gah da bir az da irəliyə getməklə ölkəmizlə təhdid dilində danışmağa cəhd göstərir. Təbii ki, bütün bunlar Azərbaycan üçün sadəcə və sadəcə sıfır həddidir və heç bir təsir imkanlarına malik deyil, heç malik olmayacaq da. Çünki bu həmin Fransadır ki, yüz illər boyunca insanlığa qarşı olmazın cinayətlər törədib. Məgər belə faktlar azdırmı? Yaxud, dünya ictimaiyyəti Fransanın uzun illər boyunca törətdiyi cinayətlərindən və həmin cinayətlərinə görə hələ də mühakimə olunmamasından bixəbərdir? Bixəbərdirsə, bir daha xatırlatma etməyin tam yeridir!Elədirsə, başlayaq. Bu həmin Fransadır ki, 1852-ci ildə Əlcəzairin Laquat şəhərinə daxil olarkən əhalinin 3-dən birini qətlə yetirdi, bir gecədə odda yandırdı.Bu, həmin Fransadır ki, 1917-ci ildə Çadı işğala məruz qoyarkən 400 (!) müsəlman alimini məscidə toplayaraq onların başlarını kəsdi.Bu, həmin Fransadır ki, 1960-1966-cı illər ərzində Əlcəzairdə 17 (!!!) nüvə partlayışları sınaqları keçirdi və nəticədə bugünə qədər həmin sınaqlara görə həlak olanların sayı dəqiq bəlli deyil. Orta hesabla isə ölənlərin sayı 27-100 min arasında dəyişir. Bu sınaqların ağır nəticələri müasir dövrümüzdə də hiss edilməkdədir.Fransa Əlcəzairi 1962-ci ildə tərk edərkən özündən sonra bu müsəlman torpaqlarında 11 milyon mina qoydu və həmin say bütövlükdə Əlcəzair əhalisinin sayından çox idi!Və bu, həmin Fransadır ki, Əlcəzairi 132 (!!!) il işğalı altında saxlayıb. Fransa ordusu işğal dövrünün ilk 7 ilində 1 milyon, işğal müddətinin son 7 ilində isə 1,5 milyon müsəlman əhalini qətlə yetirib.Fransanın tanınmış tarixçisi və insan haqları müdafiəçisi Jak Qorkinin hesablaması və gəldiyi qənaətləri isə dəhşət doğurur. Onun hesablamasına görə, ölkəsinin Əlcəzairi işğala məruz qoyduğu müddətdə - 1830-1962-ci illərdə 10 milyon insan öldürülüb.Fransa Tunisi 75, Əlcəzairi 132, Mərakeşi 44, Mavritaniyanı isə 60 il işğala məruz qoyub və bu ölkələrdə qətlə yetirilən insanların sayı ölçüyəgəlməzdir, yəni on milyonlarladır!Nəhayət, bu həmin Fransadır ki, ordusu özünün məşhur hərbi kampaniyası zamanı Misirə daxil olarkən ordusunun əsgərləri məscidlərə atlarla daxil olub, qadınları ailələrinin, uşaqlarının gözləri qarşısında zorlayıblar, dini ibadətgahlarda alkoqollu içkilər içməklə həmin yerləri özlərinə tövlə kimi istifadə ediblər.Və bu gün Fransa “insan haqlarından” dəm vurarkən, yaxud Azərbaycana “humanizm prinsiplərini” öz təbirincə diktə etməyə cəhd göstərərkən hər dəfə tarixi keçmişinə dönməklə öz qanlı əməllərini xatırlamalıdır. Xatırlamırsa, biz xatırlatmağa davam edərik!

Digər xəbərlər