Elçin Bayramlı
Ölkə ərazisində müşahidə olunan qarlı hava şəraiti bəzi problemlərə səbəb oldu. Onlardan biri də çox sayda yol-nəqliyyat qəzalarının baş verməsidir. Adi vaxtlarla müqayisədə sayı dəfələrlə artmış olan bu qəzalarda ölən və yaralananlar da az olmadı. Bəs bunun səbəbləri nədir? Axı əksər ölkələrdə qar yağır, amma bu qədər qəza baş vermir. Bununla bağlı müxtəlif səbəblər göstərilir- avtomobillərin çoxunun texniki vəziyyətinin yaxşı olmaması, yol infrastrukturun bəzi yerlərdə normal olmaması, sürücülərin çoxunun qarlı buzlu yollarda lazımi təcrübəsinin olmaması və s.
Əlbəttə, bu səbəblərin hər biri qızaların baş verməsində mühüm paya malikdir. Lakin qarlı havalarda baş verən qəzalarda daha bir faktor da təsir göstərir ki, bu da bizim sürücülərin qış təkərlərindən istifadə etməməsidir. Son günlərdə baş verən qəzaların çoxunda yalnız bu faktorun rolu var. Adi videokadrlardan da bu, aydın görünür. Normal halda isə, təlimata görə, avtomobilə yayda yay təkərləri, qışda isə qış təkərləri qoyulmalıdır. Bəs niyə sürücülərimiz bunu etmirlər? Bunun bir sıra səbəbləri var.
Əvvəla, bizdə yerli şin istehsalı olmadığından, şinlər xaricdən idxal olunur və nəticədə qiyməti də baha olur. Orta hesabla bir avomobilə əlavə təkər dəstinin alınması üçün azı 500 manat tələb olunur. Sürücülərin çoxunun da bu imkanı yoxdur.
Sovet dövündə Bakı Şin Zavodu fəaliyyət göstərirdi və orada müxtəlif şinlər istehsal olunurdu. Təəssüf ki, 90-cı illərin əvvəlində bu zavod da bağlandı. Təkər şinlərinin xammalının da öz ölkəmizdə olduğunu nəzərə alsaq belə bir zavoda indi daha böyük ehtiyac var. Əgər yerli istehsal olsa qiymətlər xeli aşağı düşər.
Bundan başqa, qlobal istiləşmənin təsiri ilə Azərbaycanın əksər yerlərində normal qış keçmədiyindən və qarlı buzlu yol şəraiti olmadığından maddi imkanı olan sürücülərimiz də qış təkərləri alıb saxlamırlar, çünki buna ehtiyac görmürlər. Məsələn, Bakıda illərlə qar yağmır, yollar buz bağlamır deyə heç kim qış təkəri alıb saxlamaqda maraqlı deyil. Uzağı “4 fəsil “təkərləri alırlar ki, o da qış təkərini tam əvəz eləmir.
Daha bir səbəb isə, şəhərlərdə bina mənzillərində yaşayan şəxslərin 4 ədəd əlavə təkəri saxlamaq üçün yeri yoxdur. Bir çox ölkələrdə sırf bu işlə məşğul olan şirkətlər var ki, onların xüsusi anbarı olur və cüzi haqq ödəməklə sürücülər artıq təkərlərini orada saxlaya bilirlər. Bəzi ölkələrdə qış təkəri icarəsi ilə məşğul olan şirkətlər də var ki, müəyyən müddətə bu təkərləri icarəyə verir. Bizdə də bu xidmətlərin yaranmasına ehtiyac var.
Ümumiyyətlə, sürücülər qış mövsümündə mütləq qış təkərləri istifadə etməlidirlər. Əgər belə şinləri yoxdursa, onda avtomobili idarə etməməlidirlər. Çünki bu təkcə özləri üçün yox, digərləri üçün də ciddi təhlükə yaradır.
Bununla bağlı daha bir çıxış yolu da təkər zəncirlərinin istifadə edilməsidir ki, bu vasitələr sürüşmənin qarşısını alır, qarlı, buzlu yolda avtomobilin normal hərəkətinə imkan verir. Belə vasitələrin dəsti 50-100 manat arasında dəyişir. Fikrimcə, hər sürücüdə belə komplekt ehtiyatı olmalıdır ki, kritik situasiyalarda vəziyyətdən çıxa bilsinlər.
Bununla yanaşı, yolların küçələrin qardan, buzdan təmizlənməməsinin də bu tip qəzaların sayının artmasında böyük rolu var. Yaxşı olar ki, şəhər kommunal təsərrüfatları bu işə məsuliyyətlə yanaşsınlar. Bunun üçün lazımi qədər texnika və ləvazimatlar alınmalıdır. Əgər yolların təmizlənməsi işləri normal yerinə yetirilsə qəzaların bir çoxunun qarşısını almaq olar.
Hər bir halda qarlı, buzlu yollarda hətta qış təkəri olan avtomobillər də ehtiyatlı idarə olunmalı, sürət həddi minimuma salınmalıdır. Buzlu yollarda ən zəruri hallar istisna olmaqla avtomobildən istifadə etməmək lazımdır. İnsan həyatı hər cür komfortdan üstündür.