Köşə

  • 5 791

O 44, bu 44... - KÖŞƏ

image

Bu gün Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının 44-cü günüdür. Bəli, bu 44 o 44-ü yada salır. İki əvvəlki 44-ü. 44-lərin hər ikisi mübarizə, mücadilə 44-ləridir. O 44 İkinci Qarabağ savaşının, bu 44 isə Qarabağ savaşından sonra torpaqlarımızda separatçı qüvvələrin özbaşınalığına, talançılığına qarşı etiraz mücadiləsidir.44... Bu rəqəm xalqımız üçün xüsusiləşmiş bir rəqəmə çevrilib. Bu rəqəmi harada görürüksə, onda özümüzə bir yaxınlıq, doğmalıq hiss edirik. Doğmadır, bəli, çünki minlərlə doğmamız həmin 44 gündə namus, qeyrət savaşına qalxmışdı. Doğmadır, bəli, bir doğmamızı itirsək də, bir doğmamızı geri ala bildik.44 rəqəmi bizim üçün sevimlidir. Çünki 30 ilin hicranını 44 bizə vüsal etdi. 30 illik yaralarımızın süzülən qanı bu 44 gündə dayandı. Qaysaq qoydu yaralarımız. Deməli, sağalmağa başladı.44 günün hər birində bir qarış addımladıq. Qarabağımızın bağrını qan, gününü qara edənlərin qara gününə çevrildik. Torpaqlarımızı qarış-qarış azad etdik. Onları doğmasına-Azərbaycana qaytardıq. Uzun illərdən bəri Qarabağ uğrunda canlarından keçən şəhidlərimizin qısasını aldıq.44 gün üçrəngli bayrağımızın ən şad günlərindən oldu. Çünki müstəqilliyimizin bərpasından bəri bayrağımızın Qarabağa heç yolu düşməmişdi. 44 gündə Qarabağ səmasında dalğalanan bayrağımız sanki yenidən doğuldu.44 gün Qarabağın üzünü güldürdü. 30 illik qara şalını çıxardı başından, al şal bağladı. 44 gün payız idi, birdən-birə yaza çevrildi. Şəhidimizin qanı suladı 30 illik dili-dodağı susuzdan cadar atan torpaqlarımızı. Payız bahara döndü. Qarabağa günəş doğdu. Hansı ki, igidinin ayaq səslərini eşitməyənədək Qarabağ nə qara şalını çıxaracaqdı, nə günəşini doğuracaqdı, nə də gül-çiçəyini açdıracaqdı.44 birliyimizi, həmrəyliyimizi, Ali Baş Komandanımızın ətrafında birləşməyimizi bütün dünyaya göstərdi. Biz dəmir yumruğu bir, birlik olmaqla düşmənin başına elə endirmişik ki, hələ də ağrısı keçməyib. Elə iki ildən bəri törətdikləri bütün hadisələr də həmin yumruğun yanğısından qaynaqlanır.Bu da bugünkü 44. Qışın şaxtalı - soyuqlu günlərində artıq 44 gündür ki, Azərbaycanın ekofəalları ermənilərin torpaqlarımızda faydalı qazıntı yataqlarının qanunsuz istismarına, ekologiyamıza vurduqları ciddi ziyana görə etiraz aksiyası keçirirlər.Hər gün Dövlət himnimizin, Vətənimizə, torpaqlarımıza, sərvətlərimizə sahibliyimizlə bağlı şüarların səsləndirilməsi, gənclərin, ekofəalların, jurnalistlərin gecə-gündüz bu mücadiləni davam etdirməsi bizin iki il öncəki 44 gündəki mübarizəmizlə eyniyyət təşkil edir. Bu, Vətən, torpaq uğrunda mübarizənin davamıdır. O vaxta qədər də davam edəcəkdir ki, ermənilər yenə o 44-ün sonunda ağ bayraq qaldırdıqları kimi, bu dəfə də geri çəkiləcəklər. Talançılıq və özbaşınalıqlarına son qoyacaqlar.Bu 44-lərin hər biri ermənilərin hələ də qaldıqları 30 il əvvəlki dövrdən tamamilə fərqlidir. Onlar hesab edirdilər ki, biz 30 il əvvəlki gücdəyik. 30 il əvvəlki çarəsizlikdəyik. Əsla. Çox yanılmışlar. Ölkəmizin rəhbəri, Ali Baş Komandanımızın gücü, bacarığı və qətiyyəti ilə 30 ilin başlanğıcındakıların hər birinin yerini inkişaf, intibah, birlik alıb.44 gündə qonşuluqdan kənar olmuş qonşularımız hər şeyi yaxşı gördülər. Elə bu 44 də çox məqamların göstəricisidir. Bunu da yaxşı dərk edirlər. Bizim isə mübarizəmiz davam edir. Görək bu gün 44 günü tamam olan mübarizəmiz qarşısında dayanmağa gücləri çatacaqmı? O 44-də olduğu kimi.

Mətanət Məmmədova

Digər xəbərlər