Köşə

  • 5 071

İrəvan yenə müharibə istəyir: Mirzoyanın Tonoyan blefi... KÖŞƏDAR

image

Ermənistanın regionda sülhün bərqərar olması istiqamətində nala-mıxa döyəcləməsi əvvəlcədən, hətta üçtərəfli bəyanat imzalanan vaxtdan məlum idi. Daha dəqiq desək, fakt budur ki, Ermənistana etibar etmək olmaz. Əbəs deyil ki, Prezident İlham Əliyev hələ bir müddət əvvəl – 2022-ci ilin yanvarında, ölkə jurnalistlərinə verdiyi müsahibəsində bu barədə danışarkən xüsusilə vurğulamışdı və hazırda da həmin fikirlər öz qüvvəsində qalmaqdadır. Dövlətimizin başçısı müsahibəsi zamanı qeyd demişdi ki, biz hansı qonşu ilə yaşadığımızı heç vaxt unutmamalıyıq: “Halbuki biz onu da bilməliyik ki, istənilən sülh müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər...Əgər bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görsək, bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal, sadəcə, məhv edəcəyik. Bunu hamı, ilk növbədə, Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir”.Və bu gün - İkinci Qarabağ müharibəsinin üzərindən 2 ildən artıq vaxt keçməsinə rəğmən, Ermənistan rəhbərliyi nəinki sülh prosesini yubadır, hətta ölkə iqtidarının rəsmiləri dolayı yollarla müharibə ab-havası əsdirir. Görünür, son vaxtlar Qərbin bəzi dairələrinin Ermənistanın böyük bacısı Fransanın təhriki ilə Aİ missiyasının bu ölkəyə göndərilməsi və s. maraqların təmin edilməsi rəsmi İrəvanın “qoltuğuna qarpız” verib. Amma həmin “qarpızın” elə erməni rəsmilərinin qoltuğunun altında “partla(dıl)ması” mümkünlüyü daim öz qüvvəsindədir.Beləliklə, Ermənistanın XİN başçısı Ararat Mirzoyanın məhz Azərbaycan əleyhinə qətnamələr çıxarmağa alışıq olan və korrupsiyalara bulaşan Avropa Parlamentinin xarici işlər üzrə Komitəsində səsləndirdiyi fikirləri də belə qənaətə gəlməyə zəmin yaradır ki, Paşinyan iqtidarı sülh istəmir. Təkcə onun “Laçın dəhlizindəki blokadanın aradan qaldırılmasının iki yolu var – ya hərbi, ya da diplomatik” fikirlərini analiz etsək həmin fikirlərin arxasında açıq-aydın təhdid xarakterini sezməmək mümkün deyil. Düzdür, o özünü və ölkəsini avrodeputatların qarşısında “sülhpərvər” kimi göstərməyə cəhd edir və bildirir ki, “Ermənistan ikinci varianta sadiqdir”, amma bu anda digər sual yaranır: tutaq ki, ikinci deyil, birinci variant aktuallaşdı, bax, onda Ermənistan Azərbaycanın qarşısında nə edə biləcək?! Və biz hələ Mirzoyanın beynəlxalq aləmi qətiyyətli şəkildə Azərbaycana qarşı təzyiqlərini artırması çağırışlarını demirik...Görünür, 2020-ci ilin noyabr ayının 10-da erməni parlamentinin qarşısında başıpozuq kütlə tərəfindən vəhşicəsinə döyüldüyünü unudan Ararat Mirzoyan aldığı kəllə-beyin travmalarından tam sağalmayıb. Yaxud, bu siyasi mazoxist döyüldüyü vaxt parlamentin spikeri idi və görünür, indi də XİN başçısı timsalında onun könlündən möhkəm döyülmək keçir...Bu yerdə daha bir məqam yada düşür. Hələ 2020-ci ilin 27 sentyabrından öncə Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan “Yeni müharibə - yeni ərazilər” adlı sərsəm konsepsiyasını irəli sürmüşdü. Ona görə də Nikol Paşinyanın “sağ əli” hesab edilən Mirzoyan bu gün baş nazir tərəfindən həbsə atılan Tonoyanın da aqibətini gözləri önündə canlandırmalıdır, amma hələ ki, axmaq bəyanatları ilə bunu edə bilmir. Edə bilmirsə, sonra baş verəcək hadisələrə görə də məsuliyyətin böyük bir hissəsinin məhz onun öz boynuna düşdüyünün fərqinə varmalıdır.Bəs birinci variant seçilsə, nə ola bilər? İlk növbədə, erməni əsgər və zabitləri açılan cəbhələrdə nəinki öz leşlərini toplamağa macal tapa bilməyəcəklər, hətta döyüş mövqelərində səpələnəcək sür-sümüklərini belə doğru-dürüst yığmağa imkan tapmayacaqlar. Ona görə də İrəvanın baş diplomatının sözügedən bəyanatı müharibə çağırışı kontekstində səsləndirirsə, həmin çağırışı, əslində, Azərbaycan çoxdan gözləyir. Buyurub başlasınlar! Ancaq unutmasınlar ki, belə olan vəziyyətdə rəsmi Bakıya qarşı hər hansı təzyiqlər çoxalarsa, Bakının da İrəvanda qərarlaşması mümkünlüyü bir o qədər artacaq və buna şübhə belə olunmamalıdır!Başqa yandan, hərgah Mirzoyan hərb etməyə hazırlaşırsa, bu, ayrıca bir məsələdir. Daha doğrusu, Ermənistanın hansı silah-sursatlara malik olduğu kimsəyə sirr deyil. Bu silah-sursatlar isə uzağı bir neçə günə istifadə olunacaq. Bəs sonra? Sonrası isə bəllidir: yenə də “məzlum erməni xalqının genosidə uğradılması”, “əzabkeş ermənilərin qəddar türklər tərəfindən əzilməsi” və s. Fakt budur ki, Azərbaycan əsgəri erməni “fədailərini” Bala Göyçənin o tayına qədər qovublar və Ana Göyçə ayaqlar altındadır!Ararat Mirzoyan isə harada olursa-olsun danışarkən ağzına yiyəlik etməyə məhkumdur. Xüsusilə, Qarabağdan danışanda. Yəni onun ölkəsinə aid olmayan bir məsələ haqqında fikir bildirməsinə ehtiyac yoxdur. Qarabağdakı ermənilər isə Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycan vətəndaşlarıdır. Bu baxımdan, Mirzoyan öz “məsləhətlərini ya qoysun cibinə, ya da başqa yerinə...

Rövşən RƏSULOV

Digər xəbərlər